Bakı şəhəri üzrə Təhsil İdarəsinin F-145 nömrəli əmrinə əsasən orta məktəblərdə “Ailəm və məktəbim” layihəsi çərçivəsində Xətai rayon Z.T. Yusifov adına 194 nömrəli tam orta məktəbdə şagirdlərin peşə və ixtisaslar üzrə tələb olunan bilik, bacarıq və səriştələr barədə məlumatlandırılması ilə bağlı görüş keçirilmişdir.
Green Start Academy-nin rəhbəri, Valideyn Məktəbi layihəsinin təsisçisi pedaqoq Aysel Rəsulzadə, klinik psixoloq Dr. Nigar Əlibəyli, Tarixçi-pedaqoq, RM nəşriyyatının icraçı direktoru Muxtar Abbasov mövzu dairəsində 6-7 və 9-cu sinif şagirdlərini məlumatlandırıblar.
Green Start Academy-nin rəhbəri, Valideyn Məktəbi layihəsinin təsisçisi
pedaqoq Aysel Rəsulzadə hər peşədə, sənətdə fərqlənməyi bacarmaq üçün təşəbbüskarlıq göstərməyin vacibliyindən, ixtisas seçimi və peşə sahələrinə yönəlməyə təsir edən amillərdən, mütaliənin üstünlüklərindən, informasiyanın insan həyatındakı rolundan, öyrədici informasiyanı seçmək bacarığından danışaraq, şagirdləri düşündürən suallara aydınlıq gətirmişdir. Eyni zamanda “Peşə seçimində nələrə diqqət edilməlidir? Nələri nəzərə almaq lazımdır?” və digər suallar ətrafında müzakirələr aparıldı, müxtəlif peşələr haqqında da məlumat vermişdir.
Pedaqoq Aysel Rəsulzadə eyni zamanda məktəbimizin psixoloqu Məmmədova Vüsalənin psixoloq otağında yaratdığı “Şagirdlər, valideynlər, müəllimlər üçün kitabxana”ya yazar İlqar Kamilin “Polad necə bərkidi” adlı kitabını hədiyyə edərək, hansı peşəni seçməklərindən asılı olmayaraq sahib olacağımız birinci sənətin İnsanlıq sənəti olmasını bildirmiş və bu mənada sözügedən kitabın hər bir şagird üçün faydalı olacağını qeyd etmişdir.
Tarixçi-pedaqoq, RM nəşriyyatının icraçı direktoru Muxtar Abbasov şagirdlərə səmərəli dərs öyrənməyin qızıl qaydaları, müasir əmək bazarının tələblərinə uyğun peşələr haqqında məlumat verdi. Eyni zamanda tarixçi kimi tariximizin qızıl səhifələri haqqında maraqlı məlumatları bölüşdü və bir tarixçi kimi şanlı qələbəmizin şahidi olduğu üçün özünü çox xoşbəxt hiss etdiyini bildirdi. Həmçinin nəşriyyat və mətbəə işinin strukturu haqqında məlumat verərək, bu sahəyə uyğun müxtəlif növ ixtisasların olduğunu qeyd etdi.
Klinik psixoloq Dr. Nigar Əlibəyli nitqinə “Peşə və ixtisas seçimi niyə bu qədər önəmlidir?” sualını yaradan amillərlə başladı. Nigar xanım bildirdi ki, “Çünki seçəcəyimiz peşə orta hesabla ömrümüzün 35-40 ilini əhatə edəcəkdir. Peşə seçimimiz mühit və dost dairəmizin formalaşmasında mühüm rol oynayır. Cəmiyyətdəki mövqeyimizi müəyyən edir. Maddi rifahımız peşə seçimimizdən asılıdır”. Nigar xanım həkimlik peşəsi haqqında şagirdlərə geniş məlumat verdi. Nigar xanım müəllifi olduğu “Abituriyentin psixologiyası “ adlı kitabını psixoloq, müəllim və şagirdlərə hədiyyə etdi.
Sonda yeni il hədiyyəsi olaraq RM nəşriyyatının bütün fənlər üzrə vəsait və testləri şagirdlərə hədiyyə olundu.