Erkən nigahın tarixi çox qədimlərə gedir. “Qız yükü duz yükü” prinsipini şüar edərək, valideynlər qız övladlarından tez xilas olmağın çarəsini ailə qurmaqda görürlər: “Tez yerbəyer edək, canımız qurtarsın köçürmək getsin”. Amma ailə qurmaq, ünvanı dəyişmək, bir evdən başqa evə getmək deyil, bir insanın ömrünə həyatına taleyinə getmək deməkdir. Çox təəssüflər olsun ki, valideynlər bunu nəzərə almırlar. Biz övladlarımıza (qız, və ya oğlan) ailə barədə nə dəcədə düzgün tərbiyə veririk? Ailə qurarkən digər insanı xoşbəxt etməyin gərəkliyini nə dərəcədə öyrədirik? Ailə bir-biri üçün yaşamaq deməkdir. Ailəli insan fədakar, qayğıkeş, öz prinsip və iddialarını arxa plana atmış, qurban verməyi bacarmalıdır. Dünyadakı bütün problemlər ailədə yaşanır, bunu dərk etmək lazımdır. Qadın ailədə qənaətcil, ailənin iqtisadi durumunu daim qaydasında saxlayan, 1 qəpik pulu 100 manat kimi dəyərləndirməyi bacaran, yeri gəldikdə isə siyasətçi biri olmalı, eyni zamanda ailəni kənar təsirlərdən qorumağı bacarmalıdır.
Erkən nikaha imza atan qızı ətraf aləmdən təcrid etməyə çalışırlar. Çünki 14-15 yaşında haqqını tələb etməyə gücü çatmayan, söz haqqı verilməyən biri illər keçdikdən sonra ona qarşı valideynləri tərəfindən edilən zorakılığı anlayır və illər əvvəl həyatında baş verən bu yalnışlığı düzəltməyə çalışır, təhsilini davam etdirmək istəyir, hər hansı bir peşəyə sahib olmaq istəyir. Bu zaman isə münaqişələr baş verir, hədə-qorxular, valideynlərin “nə istəyirsən et, mən sənə sahib çıxmayacağam” deyib bir daha övladından imtina etməsi böyük və həll olunmayan problemlərə gətirib çıxarır və bu zaman insanın həyatı dözülməz olur, nəticə isə müxtəlif: intihara cəhd, əksər hallarda intihar, evdən qaçmaq, tanımadığı insanlara sığınma, ana olmağın çox böyük məsuliyyət olduğunu dərk etməyib, uşaqlardan imtina və s. daha qlobal problemlər.
Biz erkən nikahdan danışırıqsa, ilk növbədə, uşaq və yeniyetmələrin hüquqlarının kobud şəkildə pozulmasından danışmalıyıq. Burada həm də ciddi qanun pozulmaları baş verir. Hətta ölkəmizin qanunlarına görə erkən nikaha cəlb edən, şərait yaradan insanlar məsuliyyətə cəlb olunurlar. Təhsildən yayınmış yeniyetmə qız məktəbdən uzaqlaşdırılır, sinif yoldaşları
ilə əlaqəsi kəsilir (əks halda məktəb psixoloqu, müəllimlər, rəhbərlik, yoldaşları onu fikrindən döndərə bilər). Sözsüz ki heç bir yeniyetmə qız vaxtsız və səbəbsiz məktəbdən yoldaşlarından ayrılmaq istəməz, təhsilini yarıda qoymaq istəməz. Amma bizdə ailə qanunlarına görə “böyüklər uşaqlara nə lazım olduğunu yaxşı bilirlər”, “valideynlər övladının pisliyini istəməz”, “biz bu ailəni yaxşı tanıyırıq”, “maddi durumu yaxşıdır, sonrakı dövrdə ailə qurduqdan sonra sən də tanış olarsan, uyğunlaşarsan” deyə qız övladı üçün düşünməyə belə yer qoymurlar, həm də “valideynlərin sözündən çıxmaq, ağ valideyn olmaq olmaz” prinsipi üzdən iraq ailələrin şüarıdır. Amma hər bir valideynin borcu uşağa düzgün tərbiyə təhsil verməkdir. Uşaqlar düzgün tərbiyə və savadın gücü ilə həyatda öz mövqelərini sərbəst aydınlaşdırır, gələcəkdə nəyin yaxşı nəyin pis olmasını, ona nəyin gərəkli olub-olmamasını müəyyən edə bilir.
Təhsil hər bir insanın həyatının mayakıdır. Təhsili olmayan insanın beyni zülmət quyuya bənzər. Hər bir evdə düzgün tərbiyə almış, ətrafdakılara nümunə olmağı bacaran savadlı valideynə böyük ehtiyac var. Əks halda cəhalət baş alıb gedər. Erkən nigah qızların sağlamlığına təhlükə qarşısında qoyur. Belə ki vaxtından tez ailə həyatına başlayan qızların orqanizmləri buna hazır olmadığından problemlər baş verir. Sözsüz ki erkən nigaha daxil olan qız üçün erkən ana olma təhlükəsi vardır. Statistika isə göstərir ki, uşaq dünyaya gətirən zaman ana ölümünün böyük faizi az yaşlı anaların payına düşür. Söhbət heç də ali təhsildən getmir. Hər insanın öz seçimi var, kimsə dərzi, kimsə aşbaz, kulinar, bərbər, vizajist, oxucu daha bu kimi sənətlər yiyələnib insanlara nümunəvi xidmət göstərə bilər. Hazırda cəmiyyətimizin buna ehtiyacı var.
Əziz valideynlər, min əziyyətə qatlaşıb böyütdüyünüz qızların arzu-istəklərini ürəklərində öldürməyin. Unutmayın ki, hər həyata keçməyən istək insanın yaşam bağlarını qırır. Övladlarınıza düzgün düşünüb, düzgün istiqamət götürüb məqsədlərini planlı şəkildə həyata keçirməyi yaxşı-pisi, haqqı-hüququ, ədaləti öyrətməyə çalışın.
Bu gün yaşadığımız dünya inkişaf etməyə açıq dünyadır Dövlətimiz savadı olanlara qiymət verir. Ödənişsiz art (incəsənət), peşə, texniki hətta ali təhsil üçün şərait var. Təhsildə yüksək nəticələr göstərən gənclər üçün hətta xaricdə yüksək təhsili belə dövlətimiz öz üzərinə götürür. Təhsil almağa yardım etmək ailəli birinin problemlərini həll etməkdən 100 dəfə asandır,
nəinki bir, iki, üç planlaşdırılmamış övlad dünyaya gətirib, 4 nəfərin yükünü daşımaq məcburiyyətində qalırsınız, qolun sınığı boynundu deyib razılaşırsınız, amma düşünmürsünüz ki, bu dözülməz həyata siz öz ciyərparənizi məhkum etmisiniz. Qismət deyim evladınızl mənəvi ölümünə xitam verməyin 99 faiz qızlar toy günü mənən məhf olurlar buna imkan verməyin İllər əvvəl həyat verib dünyaya gətirdiyiniz dünyada ən şirin nemət olan varlığın diriykən ölümünə fərman vermıyin
Övladlarımızı öz planlarımıza uyğun deyil, onların öz arzularının qanadlarında pərvaz etməyə imkan verək. Onlara şəxsiyyət kimi yanaşaq, onların nə istədiyini, nə düşündüyünü soruşub yalnışlarına düzəliş edək, öz yalnışlarımızla onları canlı meyid kimi yaşamağa məcbur etməyək!
Övladlarımızla aramızdakı sevgi hissini boğmayaq, sevib-sevilək, dəyər verib dəyərləndirək, hörmət, sayğı hiss edərək gözəl həyat yaşamalarına şərait yaradaq, vəsilə olaq! Onlar xoşbəxt olsun ki, dünyaya gətirdikləri uşaqlar da xoşbəxt olsun!
Gülşən Nəhmətova,
pedaqoq-psixoloq