Cəmaət istiqlala o qədər munis olmuş, hürriyyət və istiqlal fikri o qədər xalqın canına sinmiş ruhuna işləmişdir ki, indi artıq istiqlal bir firqənin, bir kütlənin arzusu deyil, bütün cəmaət vətəni istiqlalsız və dövləti hürriyyətsiz təsəvvür edəmiyor. Ancaq dövlətçilik uğrunda öz mübarizəsində birləşmiş xalqlar istiqlaliyyət qazanacaqlar. Çünki ancaq onlar birlik və dəyanətdən doğan ideallarına və özlərinə inama malik ola bilərlər. Yaşasın istiqlal! Yaşasın Azərbaycan!
Məhəmməd Əmin Rəsulzadə
Bəli, Azərbaycanımızın istiqlalı, onun ərazi bütövlüyünün bərpası uğrunda mühüm işlər görmüş ölməz Cümhuriyyət liderimiz, türk və müsəlman dünyasında ilk dünyəvi demokratik respublika və parlament respublikasının qurucusu M.Ə.Rəsulzadənin əvəzsiz xidmətləri olmuşdur. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan etmiş, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrini davam etdirmişdir. Qısa dövr ərzində Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, sərhədləri müəyyən edilmiş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sisteminin subyekti kimi tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır.
Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti nəticəsində xalqımızın azadlıq eşqi heç zaman sönməmiş, xalq öz liderinin ətrafında yumruqtək birləşərək bu mübarizəni davm etdirmişdir.
İlk dəfə 1918-ci il 26 iyun tarixli fərmanla Azərbaycan Milli Ordusunun yaradılmasına başlanmışdı. Avqustun 1-də Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi təsis edildi. General Səməd bəy Mehmandarov dekabrın 25-də hərbi nazir, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin edilmişdilər. Qısa müddətdə Milli Ordu Osmanlı dövlətinin Qafqaz İslam Ordusu ilə birlikdə Bakını və ətraf qəzaları erməni-bolşevik işğalından xilas etmişdir. Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 1992-ci il 18 sentyabr tarixli fərmanı ilə təsis edilmiş və 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan ordusunun yaradılması barədə Azərbaycan Ali Sovetinin qərarının qəbul edildiyi tarix – 9 oktyabr, Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 may 1998-ci il tarixli Fərmanına əsasən həmin fərman qüvvədən düşürülmüş və 26 iyun tarixi Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edilmişdir.
Ordu ölkəmizin, millətimizin, dövlətimizin, müstəqilliyimizin dayağıdır. Biz bu gün böyük iftixar hissi ilə deyirik ki, Azərbaycan Respublikasının Milli Ordusu – respublikamızın milli təhlükəsizliyini, əhalimizin əmin-amanlığını və mühafizəsini təmin etmək üçün, ölkəmizin sərhədlərinin qorunması, ərazi bütövlüyünün, torpaqlarının müdafiə edilməsi üçün Azərbaycanın layiqli Silahlı Qüvvələri vardır.
Heydər Əliyev
Ulu öndərin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası yaradılmış, “Silahlı Qüvvələr haqqında”, “Hərbi xidmət haqqında”, “Hərbi qulluqçuların statusu haqqında” qanunlar qəbul edilmişdir.
Bu uğurlu siyasətin davamçısı ali baş komandanımız İlham Əliyev cənabları və müzəffər ordumuz 44 günlük vətən müharibəsində böyük şücaət göstərək vətənimizin ayrılmaz hissəsi – Qarabağımızı düşməndən azad etdilər. Və demokratik Azərbaycan Respublikası dəmir yumruk altında bir xalq olaraq öz gücünü mənfur düşmənə son dərəcə böyük nüfuza sahib yenilməz ordusu sayəsində göstərdi. Biz bu gün Azərbaycan Silahlı Qüvvələri ilə qürur duyuruq. Ordumuz bizim iftixar mənbəyimizdir. Yaşasın Azərbaycan ordusu!