Tarix həmin tarix, gün o gün deyil

Noyabr 29, 2020

Uzun illərdir, noyabr ayı xatirimdə kədərli, hüznlü bir ay kimi iz salıb. Təəssüf ki, təqvimin qanlı-qadalı günlərindən biri də bu aya təsadüf edib.
20 noyabr… Qarakənd səmasında erməni təcavüzkarları tərəfindən vurulan helikopter qəzası baş verəndə 9-cu sinifdə oxuyurdum. Xatirimdədir, kimya dərsi idi.
Sanki bütün məktəbə dərin bir hüzn çökmüşdü. Müəllimimiz fikirli-fikirli jurnal yazırdı. Faciə bütün iliklərimə işləmişdi. Sinif yoldaşlarımın əksəriyyəti nə baş verdiyini anlamırdı. Bəlkə də mətbuatdan, televiziyadan xəbərsiz idilər. Ona görə də sinifdə uşaq çılğınlığı ilə söhbətləşir, bəzən zarafatlaşırdılar. Qulağıma gələn gülüş səsləri səbrimi tükəndirdi. Üzümü sinfə tutub, -“Uşaqlar, bu gün xalqımız üçün ağır gündür. Bir az anlayışlı olaq” – deyib göz yaşlarıma hakim ola bilmədim.
Elə bu zaman müəllimimiz söhbətə müdaxilə etdi. O danışanda mən bir az hislərimi cilovlamışdım. Söhbət əsnasında fikirimi bildirməklə, sinif yoldaşlarıma nə baş verdiyini izah etməyə çalışırdım:
– Bu faciədir. Ziyalılarımız şəhid olublar. Bütün xalqımız hüzn içindədir. Onlar sadə vətəndaş deyildilər. Bu şəxsiyyətlər ölkəmizi idarə edir, çətin, ağır günlərdə xalqımızın yanında olub, yol göstərirdilər. Onların itkisi xalqımız üçün böyük faciədir. Bəs, bundan sonra nə olacaq? Bizi daha hansı faciələr gözləyir, bilmirik…
Həmin tarixdən illər keçsə də, mənfur düşmənə olan nifrətim azalmadı. Əksinə daha da alovlandı.
O zaman tanığım və tanımadığım məktəb yoldaşlarım I Qarabağ müharibəsinə – vətənin müdafiəsinə yollanmışdılar. Arzularının çiçəklədiyi bir vaxtda qəfil gələn boran ömürlərini xəzana çevirmişdi. Yüzlərlə, minlərlə itkinimiz, şəhidimiz vardı. Müharibə bitməmişdi. Atəşkəs elan olunandan sonra da çox zaman pozulur, oğullarımız şəhid olurdu.
29 il ərzində ağlıma da gəlməzdi ki, bu ay mənim üçün sevinc dolu günlərlə yadda qalacaq. 8 noyabr doğma Şuşamızın, 20 noyabr Ağdamın azad olunması ilə təqvimizdə qırmızı rənglə işarələndi.
Bu günlər Vətənimizin başı üzərindən qara buludların çəkildiyi, günəşin doğduğu gündür. Düz 29 ildən sonra 20 noyabrda Ağdam erməni qəsbkarlarından azad olundu.
Doğru, yerində və vaxtında aparılmış məqsədyönlü siyasət, ali baş komandan cənab İlham Əliyevin əzmkarlığı, xalq-iqtidar birliyi qələbəmizi yaxınlaşdırdı, xəyallarımızı gerçəyə çevirdi. İndi daha inamlıyıq. Gələcəkdən gözləntilərimiz çoxdur. Ümidlərimiz cücərdikcə, onların tezliklə boy atacağına, pöhrələnəcəyinə inanırıq. İndi Azərbaycanın sükanı etibarlı əllərdədir.
Bəli. Tarix həmin tarix olsa da, gün o gün deyil. Bu gün daha qürurluyuq, sevincliyik, özümüzə, gücümüzə inamlıyıq.
Bu gün var gücümüzlə – QARABAĞ AZƏRBAYCANDIR, – deyirik.
Evimizə qayıdırıq. Babar düşmənin xarabazara çevirdiyi doğma şəhərlərimizə, kəndlərimizə gedirik. Daşına, torpağına qurban olduğumuz vətənimizə qovuşuruq.
Bu gün dizin-dizin, ağlaya-ağlaya evinin uçulmuş daşlarını oxşaya-oxşaya ziyarət edir – Azərbaycan əsgəri!
Bu isə bir daha onu göstərdi ki, biz evimiz, ocağımız, namusumuz, qeyrətimiz yolunda döyüşdük. Vətənimizin azadlığı, bütövlüyü, bölünməzliyi uğrunda şəhid olduq. Canımızdan can, qanımızdan qan verdik. Və hər kəsə sübut etdik ki, Qarabağ bizimdir! Əzəli və əbədi torpağımızdır!
Qarabağ Azərbaycandır!
Ona canımız, qanımız qurbandır!
Dilşad Xaqaniqızı,
BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

QARABAĞ AZƏRBAYCANDIR” QƏLƏBƏ GÖRÜŞÜ: BÖYÜK QƏLƏBƏ TƏHSİL İCTİMAİYYƏTİ ARASINDA QEYD OLUNDU“Mütaliə günü”nün növbəti görüş”