17 noyabr 2023-cü il tarixində Green Start Academy-də Sevgi pedaqogikası – Valideyn Məktəbi layihəsi çərçivəsində keçirilən “Uşaq düşüncəsinin gücü” adlı növbəti təlim iştirakçılar tərəfindən yüksək maraqla qarşılanıb. Təlim Ümumilli liderimiz Heydər Əliyevin uşaqlarla bağlı olan kəlamı ilə başlayıb: “Uşaqlar bizim gələcəyimizdir. Gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövətimizin sabahı da bundan asılı olacaqdır”.
Daha sonra Green Start Academy-nin direktoru Aysel Rəsulzadə öz çıxışında qonaqları salamlayıb. Aysel xanım öz çıxışında bunları qeyd edib: “Uşaqlar bizim gələcəyimizdir. Onları sevmək, onlara diqqət və qayğı göstərmək bizim öncəliyimizdir. Uşaqlar bizim yetişdirdiyimiz körpə fidanlardır. Əgər biz onlara bu gün qayğıyla yanaşsaq, əmin olun ki, sabah onlar da bizə öz bəhrələrini bəxş edəcəklər. Dünyamıza sağlam və parlaq gələcək bəxş etməyin yeganə yolu cəmiyyətimiz üçün sağlam ruhlu insanlar yetişdirməyimizdən başlayır”. Təlimdə qardaş Türkiyədən dəvət olunmuş qonaq – ailə məsləhətçisi, uşaq inkişafı üzrə mütəxəssis, spütel və yaşam koçu Nesrin Samedova iştirak edirdi.
Təlim zamanı uşaqlarla bağlı bir çox mövzulara toxunan Nesrin xanım eyni zamanda iştirakçılara bu geniş mövzuyla bağlı öz məsləhətlərini verib. Sonra Nesrin xanım auditoriyanın suallarını cavablandırıb. O uşaq düşüncəsinin gücünü, uşaqların nə istədiklərini, onlarla aqressiv vəziyyətdə olarkən necə davranmalı lazım olduğunu, hansı qadağaların onların həyatına təsir edəcəyini və s. bu kimi amillər barəsində söhbətlər apararaq, bu fikri bildirib: “Bir insan bir nəsli, bir nəsil kainatı dəyişdirə bilər”.
“Uşaqlar bizdən nə istəyir?” sualı daim bizi düşündürən suallardan biridir. Nesrin xanım bu sualın əsasında da bir çox məqamlara toxunub. Nesrin xanım uşaqlarlarla davranış qaydaları zamanı yüksək səbrin olması faktorunun ilk öncəlik olduğunu bildirib. “Bir uşaqla ünsiyyət qurarkən, ilk öncə onunla göz təması qurmalıyıq. Daha sonra onun nə istədiyini öyrənmək lazımdır” – deyə Nesrin xanım göz təmasının çox önəmli faktor olduğunu bildirib.
Həmçinin uşaqları yalnış etdikləri hərəkətlər ucbatından danlamaq, psixoloji şiddət göstərmək kimi faktların qəti şəkildə əleyhinə olduğunu da qeyd edib: “Uşaqlar yalnış hərəkətlər etdikləri zaman onlara bu yalnışın onların həyatına zərər verə biləcəyini aşılamaq lazımdır. Və eləcə də yalnış etdikləri hərəkətlərin onların həyatına təsiri yalnız bu ola bilər ki, onlar həyatı səhf-düz hərəkətləri ilə, doğru-yalnış edə-edə öyrənəcəklər.”
Təlim psixoloji test və meditasiya dəqiqələri ilə 2 saat ərzində davam edib. Meditasiya dəqiqələri psixoloq Gülşən Nəhmətova tərəfindən icra olunub.
Green Start Academy ailəsi sonda xoş musiqi sədaları ilə qonaqları çay süfrəsinə dəvət edərək, onlarla maraqlı söhbətlər aparıb.