1950-ci ildə Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası tərəfindən 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb. Bu günün məqsədi, uşaq hüquqlarının müdafiə olunması, uşaqların cəmiyyətdə firəvan və sağlam şəkildə yaşaması üçün lazımi tədbirlərin görülməsindən ibarətdir.
Uşaqların müdafiəsi naminə ölkəmizdə də bir çox tədbirlər görülüb. Ölkəmizdə 1999-cu ildə Birləşmiş Millətlər Təşkilatının “Uşaq Hüquqları Haqqında Konvensiya”sının müddəalarını özündə əks etdirən “Uşaq Hüquqları Haqqında Qanun” qəbul edilib. Uşaq hüquqlarının müdafiəsi, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi məqsədi ilə tədbirlər planı müəyyənləşdirilib. Hər bir dövlət proqramı uşaqların hüquq və maraqlarının müdafiəsi, vahid dövlət uşaq siyasətinin formalaşdırılması, tənzimlənməsi və həyata keçirilməsi, uşaqların fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsinin təmin olunması sahəsində milli konsepsiyanı inkişaf etdirməyə yönəlib.
Uşaqlar bizim bu günümüz və gələcəyimizdir. Bunun üçün uşaqlarımızı sevməli, qorumalı, onlara qayğı və məhəbbətlə yanaşmalıyıq. Yalnız, sevgi ilə böyüyən uşaqlar cəmiyyətdə hər kəsə sevgi, hörmət və ehtiram hissini aşılayan, gələcəyin sağlam ruhlu şəxsiyyətləri ola bilərlər.
Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə ölkəmizdə və bütün dünyada yaşayan uşaqları ürəkdən təbrik edir, onlara səadət, şən həyat, uzun ömür, xoşbəxt gələcək arzulayırıq.