Yeni il bayramının tarixi çox qədimdir. Ən azı 25 əsrlik tarixi olan bu bayram ilk dəfə qədim Mesopotamiyada yaranıb. Bu bayramın yaranması ilə bağlı bir çox ölkələrin tarixində ayrı-ayrı rəvayətlərə rast gəlmək olar.
Yeni ilin yanvarın 1-dən hesab olunması xristianlığın tarixi ilə bağlıdır. Rəvayətə görə, xristian dininin yaradıcısı İsa peyğəmbər dekabrın 24-də anadan olmuşdur. Ona görə də xristianlar bu günü İsa peyğəmbərin doğulması şərəfinə Milad bayramı kimi qeyd edirlər. Milad bayramının ilkin mənbəyi hər il qış günəşinin parlaması zamanı (21-25 dekabr) “xilaskar allahın doğulması” ilə əlaqədar keçirilən qədim bütpərəst mərasimi olmuşdur. Milad bayramını ilk dəfə Roma xristian icmaları keçirmişdir. Bu bayram 431-ci ildə qanuniləşdirilmişdir. Bizim istifadə etdiyimiz təqvim də məhz miladi təqvim adlanır. Bu təqvimə əsasən yeni il yanvarın 1-dən başlanır. Yeni ilin rəmzləri Yolka, Şaxta baba və Qar qızdır. Şaxta babanı müxtəlif ölkələrdə müxtəlif cür adlandırırlar. Məsələn, ABŞ-da və Avstraliyada o, Santa Klaus, Rusiyada – Ded Moroz, Türkiyədə – Noyel baba, Avstriyada – Sivestr, Britaniyada – Miladi baba, Yunanıstanda Müqəddəs Vasili adlanır. Bütün hallarda Şaxta baba uşaqların sevimlisidir. Yeni il gecəsində onlar evlərə heç vaxt əliboş gəlmirlər. Torbalarındakı müxtəlif hədiyyələrlə uşaqları sevindirirlər.
Dünya xalqlarının böyük əksəriyyəti yeni ilin başlanğıcını dekabrın 31-dən yanvarın 1-nə keçən gecə qeyd edirlər. Yeni il Yer kürəsinin bütün guşələrində dini etiqadlarından asılı olmayaraq müxtəlif xalqlar tərəfindən geniş qeyd olunan ən məşhur bayramlardandır. Yeni ili bayram etməklə insanlar belə hesab edirlər ki, bütün uğursuzluq və kədərli anlar köhnə ildə qalır, yeni il yeni arzular və ümidlər gətirir.
Yeni il bayramını al-əlvan, bərli-bəzəkli şam ağacısız təsəvvür etmək qeyri-mümkündür. Əlbəttə, bu şam ağacı təbii küknar ağacından olsa və yarpaqları ətir saçsa daha gözəl olardı. Amma təbiəti qorumaq xatirinə süni şam ağacları ilə də keçinmək olar. Bəs Yeni il bayramında yolka bəzəməyin mənası nədir? Çoxları şam ağacları bəzəmək ənənəsini də xristian diniylə əlaqələndirir. Əslində isə, həyat rəmzi olan şam ağacının bəzənməsi tarixi xristianlıqdan əvvəl başlayıb və hansısa bir dinlə bağlı deyil. Hələ miladdan çox-çox əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi.
Yeni il Bayramı — dünyanın müxtəlif xalqları üçün ənənəvi bayrama çevrildiyi kimi, Azərbaycanda da insanların məişətinə daxil olub. Yeni il bayramına yaxın Respublikamızın şəhərləri şam ağacları, rəngarəng al-əlvan işıqlarla bəzədilir. Bütün küçə və prospektlərdə bayram ab-havası hiss olunur. Bayramın bəzəyi Şaxta baba və Qar qız yolkanın ətrafında dayanaraq, insanlarla görüşüb, bayramlarını təbrik edirlər. Bu bayramın gəlişinə ən çox uşaqlar sevinirlər. Çünki onlar Şaxta babadan hədiyyə gözləyirlər. Bu bayram onların ən sevimli bayramıdır. Hamı deyir, gülür, şənlənir. Gecə saat 00:00-da isə möhtəşəm atəşfəşanlıqla, yüksək sevinc hissi ilə bütün insanlar yeni ili qarşılayırlar.
Bütün xalqımızı Yeni il münasibətilə ürəkdən təbrik edirik. Qardaşlığın doğulduğu, sevgilərin birləşdiyi, bəlkə durğun, bəlkə yorğun, yenə də xoşbəxt, yenə də ümidli, yenə də sevgi dolu neçə gözəl illər yaşamaq diləyi ilə 2024-cü il bizlərə sağlamlıq, müvəffəqiyyət və xoşbəxtlik gətirsin.