Azərbaycan xalqı dahi şəxsiyyəti heç zaman unutmur…
Heydər Əlirza oğlu Əliyev 10 may 1923-cü il Naxçıvan şəhərində anadan olub.1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun memarlıq fakültəsində təhsil almışdır.
Heydər Əliyev 1941-1944-cü illərdə Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində müxtəlif məsul vəzifələrdə xidmət etmiş, 1944-cü ilin mayında isə Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. O, 1949-1950-ci illərdə SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Leninqraddakı (indiki Sankt-Peterburq) Rəhbər Kadrların Hazırlığı Məktəbində təhsil aldıqdan sonra, 1950-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsində bölmə rəisi təyin edilib. 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.
1944-cü ildə 1969-cu ilə qədər çalışdığı dövlət təhlükəsizliyi orqanlarında işə qəbul edilib. 1958-ci ildə Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinin əks-kəşfiyyat şöbəsinin rəisi, 1964-cü ildə isə DTK-nın sədr müavini vəzifəsinə təyin edilib. H.Əliyev 1967-ci ildə Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsinin sədri vəzifəsinə təyin olunub və həmin ildə ona general-mayor rütbəsi verilib.
1990-cı ildə Bakıya qayıdan Heydər Əliyev sonra Naxçıvana yola düşüb, həmin ildə də Azərbaycan SSR xalq deputatı və Naxçıvan MSSR xalq deputatı seçilib. O, 1991-ci il sentyabrın 3-dən Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sədri, müvafiq qanunvericiliyə əsasən həm də Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini seçilib və 1993-cü ilədək bu vəzifədə çalışıb. 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında Heydər Əliyev partiyanın sədri seçilib. 1993-cü ilin may-iyun aylarında ölkədə vətəndaş müharibəsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandığı bir vaxtda Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilib, iyunun 24-dən isə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb.
Heydər Əliyev Azərbaycan tarixinin XX əsrdə əhəmiyyətli simalarından biri hesab edilir. 1991-ci ildə müstəqilliyini bərpa edən Azərbaycan Respublikasının dövlət kimi möhkəmlənməsində onun xidmətləri böyükdür. 1993-cü ildə o, prezident seçildikdən sonra Azərbaycanda siyasi sabitlik bərpa olunub və mühüm dövlət təsisatları yaradılıb. Heydər Əliyevin rəhbərliyi ilə əhəmiyyətli siyasi, iqtisadi və sosial islahatlar həyata keçirilib. 1994-cü ildə Birinci Qarabağ müharibəsini dayandıran atəşkəs sazişi olan Bişkek protokolu imzalanıb. Azərbaycanın ilk konstitutsiyası qəbul edilib, parlament seçkiləri baş tutub. Onun təşəbbüsü və səyi nəticəsində Azərbaycanın gələcək iqtisadi yüksəlişini təmin edən “Əsrin müqaviləsi” adlanan neft sazişi imzalanıb.
Xalqımız 12 dekabrı – ulu öndər Heydər Əliyevin anım günü kimi böyük el məhəbbəti, minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin, qüdrətli siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir. Hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi insanlar var. Həmin dahilər öz qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib rolu oynamışlar. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi tarixə öz adını yazmışdır. Heydər Əliyevin həyat yolu yüksək insani-əxlaqi keyfiyyətləri özündə təcəssüm etdirən nümunəvi məktəbdir. Onun ölkəmizə rəhbərlik etdiyi illər tariximizə intibah, milli tərəqqi, milli oyanış, nəhayət, müstəqil dövlət quruculuğu dövrü kimi daxil olub.
Göstərdiyi yüksək diqqət və qayğı ilə, imzaladığı fərman və sərəncamlarla, keçirdiyi çoxsaylı görüşlərlə, söylədiyi dərin məzmunlu nitqlərlə uzaqgörən sərkərdə milli sərhəd siyasətimizi formalaşdırmış, ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını zərgər dəqiqliyi ilə müəyyənləşdirmişdir. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Vətən müharibəsindəki möhtəşəm qələbə də öz vətəndaşlarına nə qədər bağlı olduğunu, dövlətimizin milli maraqlarını qətiyyətlə müdafiə etdiyini bir daha əyani göstərdi. Döyüşlərin getdiyi 44 gün ərzində cənab İlham Əliyev hərb meydanında müzəffər sərkərdə, diplomatik cəbhədə böyük strateq nümunəsi sərgilədi, informasiya müharibəsində Azərbaycanın haqq səsini məharətlə bütün dünyaya yaydı, bütün təzyiqlərə cəsarətlə sinə gərdi, öz xalqı ilə vəhdətdə olan lider kimi mübarizlik, müdriklik rəmzinə çevrildi.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib. Məhz həmin gündən dekabrın 12-si xalqımızın ulu öndər Heydər Əliyevin anım günüdür.
Dərin hörmət və ehtiramla anırıq!