Azərbaycan şairi, dramaturq, tərcüməçi, ictimai xadim, 1934-cü ildən AYB-nin üzvü, Sosialist Əməyi Qəhrəmanı (1976), Azərbaycan SSR xalq şairi (1960), “Stalin” mükafatı (1950), 2 dəfə Azərbaycan SSR Dövlət mükafatı laureatı (1970, 1986), 1940-cı ildən Sovet İttifaqı Kommunist Partiyası üzvü Süleyman Əliabbas oğlu Rüstəmzadə, 1906-cı il martın 12-də Bakının Novxanı kəndində anadan olmuşdur. 1925-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olmuş, 1929-cu ildə oradan Moskva Dövlət Universitetinin ədəbiyyat və incəsənət fakültəsinə köçürülmüşdür. Zaqafqaziya Mərkəzi İcraiyyə komitəsinə üzv seçilmişdir (1935). Azərbaycan SSRİ birinci çağırış Ali Sovetinə deputat seçilmişdir (1938), bundan sonra ömrünün sonuna qədər bütün çağırışlarda deputat olmuşdur.
Süleyman Rüstəm həm də cənub mövzusunda yazmaqla Azərbaycan poeziyasına poetik çələng gətirib. O, cənubda yaşayan soydaşlarımızın ağır həyat tərzini görmüş və könlündən keçənləri vərəqlərə köçürmüşdür. “Təbrizim” adlı şeiri şairin bu səpkili şeirlərindən ən təsiredicisidir. Bundan başqa, şair “Könlümə Təbriz düşdü”, “İşıq”, “Yenə Araz qırağında”, “Yaralarım”, “Görsəm” kimi şeirlərində vətən həsrəti çəkən, əzablı, cəfalı günlər keçirən soydaşlarımızdan danışır. Dramaturq ədəbi fəaliyyətində “Çimnaz xanım yuxudadır”, “Qaçaq Nəbi”, “Durna”, “Ələmdən nəşəyə”, “Ana ürəyi”, “Durnalar”, “Ana və poçtalyon”, “Gün o gün olsun ki” kimi möhtəşəm əsərlərini yaradıcılığının çağlayan illərində qələmə almışdır.
Onun xalq, vətən qarşısındakı xidmətləri layiqincə qiymətləndirilmişdir. Əsərləri müxtəlif xarici dillərə tərcümə olunmuşdur. Könlünü vətəninə verən, onun uca dağlarını, gur çaylarını, yaşıl zəmilərini, geniş düzlərini, zəhmətkeş, sədaqətli insanlarını məhəbbətlə tərənnüm edən Süleyman Rüstəm daim xalq tərəfində sevilən ədiblərdən biri kimi tanınmış və əsərləri rəğbətlə qarşılanmışdır.
Görkəmli ədibimiz 1989-cu il iyunun 10-da Bakı şəhərində vəfat etmişdir.