Milli Qurtuluş Günü respublikamızda rəsmi bayramlardan biri olaraq, 15 iyun 1997-ci il tarixindən bayram günü kimi elan edilib. Bu bayrama 1998-ci ildən dövlət statusu verilib.
1991-ci il 18 oktyabr Azərbaycan Respublikası öz müstəqilliyinin bərpasına nail olduqdan sonra ölkədə müstəqilliyin ilk illəri dövründə siyasi hakimiyyət boşluğu və dövlətin əsaslarının, ordu və dövlət təhlükəsizliyi orqanları da daxil olmaqla, dövlətin bütün təsisatlarında özbaşınalıq yarandı. 1993-cü ilin əvvəllərindən isə bütün bu yolverilməz gərgin hadisələr geniş vüsət alaraq, Azərbaycanın daxilində qardaş qırğını və vətəndaş müharibəsinə zəmin yaranması, ayrı-ayrı bölgələrdə isə separatçılıq və parçalanma meyillərinin baş qaldırması Azərbaycanın bir dövlət kimi varlığına birdəfəlik son qoyulması planını tam gücü ilə sardı. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü.
Azərbaycan torpaqlarının Ermənistan silahlı qüvvələri tərəfindən davamlı işğalı, getdikcə gərginləşən siyasi vəziyyət, əhalinin gündən-günə ağırlaşan sosial durumu ölkəni bu bəlalardan xilas edə biləcək, xalqı öz arxasınca aparmağa qadir liderə ehtiyac olduğunu şərtləndirirdi. Beləliklə, xalqı bu ağır yaşamdan qurtarmaq, mövcud olan xaosu aradan qaldırmaq üçün ölkə rəhbərliyi Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyevi Bakıya dəvət etmək qərarına gəldi. Xalqın xilaskarı Heydər Əliyev Bakıya gələrək, 1993-cü il iyunun 15-də Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Elə bu 15 iyun Azərbaycanın tarixinə əbədi olaraq Milli Qurtuluş Günü kimi daxil oldu.
Bununla da, ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas oldu. Həmin il “olum, ya ölüm” ayrıcında qalmış Azərbaycan Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində gələcəyə inamla baxan qüdrətli bir dövlətə çevrildi. 1993-cü il oktyabrın 3-də Ümummilli Lider xalqımızın böyük əksəriyyəti tərəfindən Prezident seçildi.
Bu gün də milli qurtuluş ideologiyasının prinsiplərinə arxalanaraq ölkəmizin sosial-iqdisadi, siyasi həyatında bir sıra mühüm irəliləyişlər davam etdirilir. Respublikamızın bu davamlı inkişafı ölkəmizin nüfuzunu bütün dünyada artırır.
Bütün Azərbaycan xalqını bu əlamətdar bayram münasibətilə təbrik edir, xalqımıza firəvan həyat yaşamağı diləyirik.