16 DEKABR – FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ

Dekabr 16, 2023

Fövqəladə Hallar Nazirliyi ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində öz fəaliyyətini uğurla davam etdirir.
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasının Prezidentı İlham Əliyevin 2005-ci il 16 dekabr tarixli sərəncamı əsasında yaradılıb.
Nazirlik Respublikamızda təbii və texnogen xarakterli fövqəladə halların vaxtında xəbərdar edilməsi, nəticələrinin çevik və səmərəli şəkildə aradan qaldırılması işinin vahid mərkəzdən idarə olunması məqsədilə yaradılıb. Beləliklə, fəlakətlərlə mübarizə işinin təşkilinə dövlət səviyyəsində sistemli yanaşmada yeni bir mərhələnin əsası qoyulub. Dövlətimizin başçısının 2006-cı il 8 dekabr tarixli Sərəncamına əsasən isə hər il dekabrın 16-sı ölkəmizdə FHN işçilərinin peşə bayramı günü kimi qeyd edilir.
Fəaliyyət göstərdiyi 17 il ərzində nazirlik baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, fövqəladə hallar sahəsində etibarlı şəbəkənin yaradılması, mülki müdafiə, əhalinin və ərazilərin təbii və texnogen hallardan, mümkün terror hadisələrindən qorunması, yanğın və su hövzələrində, sənayedə, dağ-mədən işlərində, tikintidə və digər sahələrdə əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrin icrasını davam etdirərək genişmiqyaslı tədbirlər həyata keçirib.
Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin bu sahəyə diqqət və qayğısı nəticəsində Nazirliyin maddi-texniki bazasının möhkəmləndirilməsi, kadrların peşəkar hazırlıq səviyyəsinin artırılması, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində uğurlu fəaliyyətin davam etdirilməsinə şərait yaradılıb.
Prezident İlham Əliyevin FHN-in yaradılması, bir sıra mühüm mühafizə və xilasetmə qurumlarının onun tərkibinə verilməsi, nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamları, tapşırıq və tövsiyələri, eləcə də dövlətimizin başçısının FHN-in fəaliyyəti ilə bağlı bir sıra tədbirlərdə iştirakı bu sahəyə göstərilən yüksək diqqət və qayğının bariz nümunəsidir. Ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısı nəticəsində FHN maddi-texniki cəhətdən hərtərəfli şəkildə təmin edilib və qarşısına qoyulmuş məsuliyyətli vəzifələrin öhdəsindən uğurla gəlmək iqtidarında olan mobil bir quruma çevrilib.
Azərbaycan Prezidentinin imzaladığı müvafiq Sərəncamla 2008-ci ildə Fövqəladə Hallar Nazirliyinin zəruri maddi-texniki baza ilə təmin edilmiş Akademiyası yaradılıb.
FHN yarandığı ilk gündən beynəlxalq əməkdaşlıq və tərəfdaşlığı fəaliyyətinin əsas prinsiplərindən biri kimi müəyyənləşdirib. O, xarici ölkələrin aidiyyəti dövlət qurumları və nüfuzlu beynəlxalq təşkilatları ilə qarşılıqlı əlaqələri inkişaf etdirib. Qısa müddətdə Rusiya, Türkiyə, Fransa, Belarus, Koreya, Almaniya, Ruminiya və digər ölkələrlə əlaqələr möhkəmlənib, beynəlxalq və regional təşkilatlarla əməkdaşlıq qurulub. Bununla yanaşı, ötən müddətdə FHN Müdafiə, Daxili İşlər, Səhiyyə nazirlikləri, Dövlət Sərhəd Xidməti, habelə digər dövlət qurumları ilə birgə təlimlər təşkil edib.
FHN-in qüvvə və vasitələri ilk günlərdən işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə işlərinə fəal şəkildə cəlb edilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin istehkam qrupları 2021-ci ilin yanvarından Ağdam və Füzulidə minatəmizləmə əməliyyatları aparır. Minaaxtarma işlərinin keyfiyyətinin yüksəldilməsi və sürətləndirilməsi məqsədilə dislokasiya məntəqəsi Bərdədə olmaqla nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin ən müasir texnika və avadanlıqlarla komplektləşdirilən “N” saylı hərbi hissəsi yaradılıb.
Biz də Mərkəzimiz adından ölkə əhalisinin həyat fəaliyyətinin, ərazilərin, dövlət əmlakının və fərdi mülkiyyətin təhlükəsizliyinin təmin olunması sahəsində xidməti olan Fövqəladə Hallar Nazirliyinin bütün əməkdaşlarını peşə bayramı müasibətilə səmimi qəlbdən təbrik edirk. Onlara işlərində uğurlar və müvəffəqiyyətlər arzu edirik.

12 DEKABR – ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ16 DEKABR – QUSARA AKADEMİK GƏZİNTİ