16 DEKABR – QUSARA AKADEMİK GƏZİNTİ

Dekabr 19, 2023

Maraqlı, olduqca çox xoş anlarla və gözəl təəssüratlarla dolu Qusar səyahətimiz…
Səyahət etmək çox gözəldir… Xüsusilə də bu səyahət sevdiyimiz insanlarla birlikdə baş tutarsa, o xoş xatirələrlə dolu yaddaşlara əbədi həkk olunur. Gedəcəyimiz məkanlar, kəşf edəcəyimiz yerlər bizim həyatımıza öz müsbət təsirini göstərir. Bizlərə gözəl təsir bağışlayan səyahətlər hər zaman psixologiyamızın, düşüncələrimizin gözəlləşməsinə zəmin yaradır…

Green Start Academy ailəsinin bu dəfəki səyahəti Azərbaycanımızın dilbər guşələrindən biri olan gözəlliklər diyarı Qusar rayonuna oldu. Füsunkar, hər fəsildə bir ayrı gözəllik verən ecazkar təbiəti, insana hüzur verən meşələri, uca və əzəmətli dağları, yamyaşıl, xüsusi gözəlliyə malik şam ağacları, göz oxşayan rəngarəng bitkiləri Qusarın bir daha necə gözəl bir bölgə olmasından xəbər verir.
Akademik gəzintimiz dekabrın 16-sı baş tutdu. Rəhbərliyimiz və bütün əməkdaşlar, həmçinin bizə qoşulan pedaqoji kollektivlə birlikdə çox gözəl bir gün yaşadıq. Belə ki, səhər tezdən xoş sevinc hissi ilə bir yerə toplaşaraq, xüsusi avtobus ilə Qusar rayonuna yollandıq. Yol boyu gözəl musiqilər dinləməyimiz, uşaqların şən nəğmələr oxuması avtobusdakı bütün insanların zövqünü oxşadı.
Mərkəzimizin direktoru Aysel Rəsulzadə ilk olaraq hər kəsi Akademik gəzintiylə bağlı təlimatlandırdı. Daha sonra layihə rəhbəri Nigar Mahmudova çıxış edərək daha geniş şəkildə iştirakçıları proqramla tanış etdi. Sonra böyüklər, uşaqlar və yeniyetmələr üçün təşkil olunan maraqlı oyun keçirildi. Oyun zamanı kimisi mahnı oxudu, kimisi şeir söylədi, kimisi isə maraqlı əhvalat danışdı.
Nəhayət, Qusar rayonuna çatdıq. Səhər yeməyimizi gözəl və komfortlu Yaşıl Park restoranında yedikdən sonra Rəsm Qalereyasına getdik. Burada biz bir çox rəssamların əsərləri ilə yaxından tanış olduq. Qalereyada bizi çox gözəl qarşıladılar. Mərkəzin direktoru Rüstəm bəy Nağıyev bizi Qalereya haqqında, eləcə də buradakı bir çox əsərlər haqqında məlumatlandıraraq, buradakı əsərlərin bir çoxunun qədim əsərlər olduğunu bildirdi.


Ordan isə Azərbaycanın ilk Milli Qəhrəmanlarından olan Fəxrəddin Musayevin barelyefini ziyarət etdik. Nigar xanım iştirakçılara qəhrəmanımızın həyat və döyüş yolu haqqında ətraflı məlumat verdi.
Mixail Yuryeviç Lermontovun Ev Muzeyinə səyahətimiz zamanı Nigar xanım tərəfindən şair, dramaturqun həyat və yaradıcılığı haqqında bizlərə bir çox məlumatlar çatdırıldı.
Sonra isə Qusarın əsrarəngiz meşəliklərinə tərəf yollandıq. Qış fəslində meşə çox gözəl idi. Ətrafı bürüyən sakitlik bir anda komandamızın şən və sevincli səsləri ilə pozuldu. Uşaqlar şənlənir, böyüklər isə bu gözəlliyə qərq olaraq, dincəlirdilər. Torpağın qoxusu, bitkilərin ətri içimizə, ruhumuza dolaraq, bizlərə xoş ab-hava bəxş edirdi. Meşədə keçirdiyimiz bu zamanı da dəyərləndirərək, Mərkəzimizin əməkdaşı fotoqraf Emin bəy bu gözəl anları əbədi olaraq, bizlər üçün xatirəyə çevirdi. Bu mənzərəli aləmdə gözəl fotolarımız bizim gəzintimizə Emin bəyin sayəsində xüsusi bir anlam qatdı.

Bundan sonra Qusar Rayon Heydər Əliyev Mərkəzinin qonağı olduq. Burada da Nigar xanım ümumilli liderimiz Heydər Əliyev və Mərkəz haqqında ümumi məlumatlar verdi. Daha sonra kollektiv fotolar çəkdirdik.

Nahar yeməyi üçün isə Suqovuşan restoranına yollandıq. Nahardan sonra “Təbiətin insan psixologiyasına təsiri” mövzusunda təlim keçib, iştirakçıları həm nəzəri, həm də praktiki bilgilərlə məlumatlandırdıq. Akademik gəzintimizin iştirakçılarının fikirləri, xüsusilə də psixoloq Gülbəniz İsmayılovanın tövsiyələri maraqla qarşılandı. Daha sonra Akademik gəzintimizə qoşulan iştirakçılarla birlikdə meşədən topladığımız bitki və yarpaqlardan ibarət herbarilər hazırladıq. Çay süfrəsindən sonra gün ərzində aktivlik göstərən, eyni zamanda maraqlı herbarilər hazırlayan iştirakçılar müxtəlif hədiyyələr, xüsusilə də Bookzone Kitab Evi tərəfindən təqdim olunan kitablarla və hədiyyə kuponlarla mükafatlandırıldı. Gəzintimizin sonunda isə şən musiqi sədaları altında doyunca əylənərək Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili birlikdə qeyd etməyi də unutmadıq.
Dumanlı və çiskinli Qusar rayonundan böyük sevinc hissi və xoş təəssüratlarla ayrıldıq.

16 DEKABR – FÖVQƏLADƏ HALLAR NAZİRLİYİ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMI GÜNÜ24 DEKABR – AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜDÜR