2 İYUN – QƏBƏLƏYƏ AKADEMİK GƏZİNTİ

İyun 06, 2024

Azərbaycanımızın gözəl guşələrindən olan Qəbələ şəhərinə təşkil edilən akademik gəzinti çərçivəsində çox maraqlı yerləri bir daha yenidən kəşf edib gözəl zaman keçirmiş olduq. Rəngarəng təbiətə malik Qəbələ şəhəri bizim hər birimizdə xoş təəssüratlar yaratdı.
Təbiətini saatlarla seyr etməkdən doymadığımız, səfalı meşələrində yorğunluğumuzu çıxardığımız və bu anlardan doya-doya ləzzət aldığımız doğma Qəbələmiz bizi 2 iyun tarixində, gözəl bir yay səhəri yenidən qarşıladı. Komandamızla restoranların birində səhər yeməyimizi yedikdən sonra, yollandıq Qəbələyə – əsrarəngiz və xoş ətirli Essenso Lavanda tarlasına. Hər kəsin zövqünü oxşayan, baxdıqca doymadığımız Lavanda tarlasında xoş anlarımızı yaddaşlara həkk etdirməkdən ötrü maraqlı foto-şəkillər çəkdirdik. Şirin-şirin söhbətlərimizlə tarlanı gəzib lavanda bitkiləri topladıq.

Nahar yeməyi zamanı Qədim Qəbələ restoranına üz tutduq. Ləziz yeməklərdən nuş edərək, dadlı təamlardan həzz aldıq. Nahardan sonra isə gözəl Qəbələ torpağında, təbiət qoynunda “Təbiətin gözəlliyini qoruyaq” seminarı səyahət iştirakçılarının marağına səbəb oldu. Daha sonra Qəbələnin ən qədim insan məskənlərindən birinə – Nic kəndində yerləşən, Azərbaycanın yerli etnoslarından olan udinlərin yaşayış məskənlərinə gedərək səyahətimizi davam etdirdik. Burada udinlərin qədim dövrdə məişətini, onların necə bir həyat tərzinə malik olmalarını özündə əks etdirən, daha dəqiq dünyada udinlərin toplu halda yaşadığı yeganə yer – Azərbaycan Udin Ocağı ilə yaxından tanış olduq.

Burada yerləşən muzeydə olduğumuz zaman qədim Udin mədəniyyəti dövrünə səyahət etmiş olduq.
Yoqa terapiyası zamanı isə yaşıl çəmənlikdə yoqanın ümumi insan həyatına faydaları haqqında məlumatlandıq. Nic kəndində yamyaşıl otlar üzərində keçirilən təlim hər birimiz üçün çox faydalı olub, yorğunluğumuzu aradan götürmüş oldu. Uşaqlar arasında təşkil edilən ən yaxşı bacarıqların nümayiş etdirilməsi ilə bağlı yarışmanın qaliblərinə kitablar hədiyyə edildi.
Beləliklə, şən, gözəl, əyləncəli akademik gəzintimiz bu dəfə də haqqında, hər kəsdə hələ çox danışılacaq təəssüratlar yaratdı.

5 İYUN – MİKAYIL MÜŞFİQİN DOĞUM GÜNÜDÜR15 İYUN – MİLLİ QURTULUŞ GÜNÜDÜR