20 MART CƏFƏR CABBARLININ DOĞUM GÜNÜDÜR

Mart 24, 2025
Dramaturq, şair və nasir, teatrşünas, kinoşünas, tərcüməçi, kinossenarist, rejissor, jurnalist,
aktyor, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1933) Cəfər Qafar oğlu Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının 110 km-də yerləşən Xızı kəndində (hazırda rayon mərkəzidir) yoxsul kəndli ailəsində anadan olub. Kömürçü işləyən atası Qafar kişi görmə qabliyyətini itirdikdən sonra ailəsi ilə birlikdə məcburiyyət qarşısında qalır, Bakıya köçüb, “dağlı məhəlləsi” adlanan yerdə yaşayıblar. Həyat 3 yaşlı Cəfərə yenidən acı davranır, bu dəfə isə o, atasını itirir. Anası Şahbikə xanım uşaqlarını böyütmək üçün min bir əziyyətə qatlaşaraq, imkanlı ailələrin ev işlərində xadimə olaraq çalışıb, Cəfəri dini məktəblərdə oxutdurub. Beləcə çətin həyat tərzi ilə üzləşən ailə bir şəkildə həyata sarılmağı bacarıb…
Cəfər Cabbarlı 1910-cu illərdən Müsavat Partiyasına üzv, 1919-cu ildən isə Müsavat Partiyası Bakı Komitəsinin üzvü, həmçinin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin stenoqrafı olub. 1919-cu ildə keçirilmiş Müsavat Partiyasının II Qurultayında da iştirak edib.
Cəfər Cabbarlı 1934-cü ilin martında Azərbaycan Yazıçılar İttifaqına üzv qəbul olunub, həmin ilin avqustunda isə o, Ümumittifaq Sovet Yazıçılarının I Qurultayında iştirak edərək, İttifaqın İdarə Heyətinin və Rəyasət Heyətinin üzvü seçilib.
Cəfər Cabbarlı 1934-cü ildə Bakı Şəhər Sovetinə deputat seçilib.
Ədəbiyyata ilkin olaraq şeirlə gələn C.Cabbarlının ilk mətbu şeirləri 1911-ci ildə “Həqiqəti-Əfkar” qəzetində dərc olunub və 1915-ci il aprel ayının 3-də “Məktəb” jurnalının 6-cı nömrəsində onun “Bahar” adlı şeiri nəşr olunub. “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş” (1915), “Solğun çiçəklər” (1915), “Nəsrəddin şah” (1916), “Trablis müharibəsi” (1917), “Ədirnə fəthi” (1917), “Bakı müharibəsi” (1918), “Aydın” (1919), “Oqtay Eloğlu” (1922), “Od gəlini” (1928), “Gülzar” (1924), “Dilarə” (1924), “Dilbər” (1927), “Sevil” (1928), “Almaz” (1931), “1905-ci ildə” (1931), “Yaşar” (1932), “Dönüş” (1932) və s. bu kimi qələmə aldığı əsərləri sözün əsl mənasında ədəbiyyat tariximizin zəngin irsinin səciyyəvi və unudulmaz nümunələrindəndir.
C.Cabbarlı ədəbi fəaliyyətilə yanaşı Azərbaycan kinematoqrafiya tarixinə təkrarolunmaz töhfələr vermiş şəxsiyyətlərdən biridir. Belə ki, həm ssenarist, həm də rejissor kimi çalışan C.Cabbarlının “Sevil”, “Almaz”, “Sona”, “Od gəlini”, “Araz çayı” kimi əsərlərinin əsasında filmlər çəkilib, həmçinin teatrlarda tamaşalar nümayiş etdirilib.
İşə aludəliklə sarılması, get-gedə şiddətlənməkdə olan ürək xəstəliyinə əhəmiyyət verməməsi nəticəsində Cabbarlı çox zəiflədi və çox təəssüflər olsun ki, 1934-cü ilin sonunda, dekabrın 31-də, səhər saat 4-də həyata əbədi olaraq gözlərini yumdu.
Lakin, xalqımız C.Cabbarlı kimi dahi şəxsiyyəti unutmur və unutmayacaq. Onun canlı əsərləri ədibi daim yaddaşlarda yaşadacaq.
12 MART – SÜLEYMAN RÜSTƏMİN DOĞUM GÜNÜDÜR26 MART – SABİT RƏHMANIN DOĞUM GÜNÜDÜR