Azərbaycanın şair-yazıçısı, pedaqoq, filologiya elmləri doktoru, professor, 91-lərin üzvü Zahid Abdulla oğlu Xəlilov (Zahid Xəlil) 20 mart 1942-ci ildə Yevlax rayonunda anadan olub. O, 1948-1958-ci illərdə Sabir adına 2 saylı şəhər orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra 1959-1965-ci illər ərzində Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin Jurnalistika şöbəsində qiyabi təhsil alıb. Əmək fəaliyyətinə Yevlax Tütün Fermentləmə zavodunda texnik kimi işə başlayıb. 1965-1966-cı illərdə Yevlax şəhər mədəniyyət evinin müdiri, “Qələbə” adlı rayonlararası qəzetin redaksiyasında ədəbi işçi, “Mübarizə” adlı Yevlax rayon qəzetində məsul katib, “Mübarizə” adlı Goranboy rayon qəzetində ədəbi işçi, məsul katib vəzifələrində işləyib. 1966-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda nəşr olunan “Gənc müəllim” qəzetinin redaktoru təyin olunub. 1969-1970-ci illərdə universitetdə partiya komitəsinin katibi seçilib. 1970-ci ildə “Ədəbiyyat tarixi” kafedrasında baş müəllim, 1980-ci ildə “Ədəbiyyat və onun tədrisi” kafedrasında dosent işləyib. 1977-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. 1975-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildə filologiya elmləri doktoru, 1991-ci ildə professor adını alıb. 1997-ci ildən Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqoqika fakültəsinin dekanı işləyib. Ədəbiyyat və onun tədrisi metodikası kafedrasının müdiri vəzifəsində çalışıb. 2002-ci ildə “Qızıl qələm” mükafatı laureatı adına layiq görülüb.
Ədəbiyyata olan sonsuz sevgisi Zahid müəllimi gözəl sənət əsərləri yaratmağa, həmçinin bu sahə üzrə şövqlə çalışaraq ədəbiyyatımıza böyük töhfələr verməyə müvəffəq etdirmişdir. Onun yazıb-yaratdığı əsərlərində ibrətamiz, vətənə sevgi, dürüstlük, əsl dostluq etmək, sədaqətlilik, sadəlik kimi müsbət insani keyfiyyətlər tərənnüm edilib. Görkəmli şəxsiyyət, dahi sənətkar daha çox poeziyamızda uşaqlar üçün əsərlər yazmaqla şöhrət qazanıb. Uşaq ədəbiyyatının inkişafında Zahid Xəlil bütün gücünü səfərbər edərək onun zənginləşməsində böyük rol oynayıb. Ədibin ilk əsəri “Vətənim” adlı ilk şeri 1958-ci ildə “Yeni Yevlax” qəzetində çap olunub. Bu şeirin çap olunmasından sonra şair-yazıçı məhşurlaşaraq, dövri mətbuatda müntəzəm çıxış edir.
1982-ci ildə “Литературная газета”da dərc olunan “Kölələr” və “Limonad içməyim” hekayələrinə görə redaksiyanın “Золотой телёнок” mükafatına layiq görüldükdən sonra uşaq yazıçısı kimi tanınmağa başlayıb. Zahid müəllimin ədəbi fəaliyyətindəki uğurları bitib-tükənməzdir. Belə ki, o, Uşaq ədəbiyyatını tədqiq edən Beynəlxalq Cəmiyyətin Moskvada keçirilən simpoziumunda (1981), Praqada keçirilən “Məktəbəqədər yaşlı uşaqlar üçün ədəbiyyat” adlanan ümumittifaq konfranslarda iştirak edib. Keçmiş SSRİ Dövlətnəşrkomun və SSRİ Yazıçılar İttifaqının Uşaq Ədəbiyyatı Şurasının üzvü olub. Zahid Xəlilin onlarla povest, nağıl və hekayə kitabları on minlərlə nüsxə çap olunub. Kitabları rus dilinə tərcümə edilib milyonlarla tirajla nəşr olunub. 2016-cı ildə çap olunan “Ağ leyləklər” kitabı “Qızıl kəlmə” mükafatına layiq görülüb. Zahid Xəlilin yaratdığı əsərləri və personajları, bir-birindən maraqlı hekayə və nağılları həmişə balaca oxucular tərəfindən hər zaman maraqla qarşılanıb. O, bu gün də yazır, yeni hekayə və nağılları ilə uşaqları sevindirir.
Zahid Xəlilin bu günədək “Uçan çıraqlar” (1969), “Qarışqalar” (1971), “Göydən üç alma düşdü” (1974), “Torağaylar oxuyur” (1979), “Ballıca” (1981), “Çıraq nənənin nağılları” (1983), “Cırtdanla Azmanın yeni macəraları” (1985), “Odlar yurdunun paytaxtı” (1992), “Dünyanın ən balaca nağılları” (2002), “Göyqurşağı”, “Ağ leyləklər”, “Çınqı” və s. onlarla povest, nağıl və hekayə kitabları on minlərlə nüsxə çap olunub.
Zahid Xəlil həqiqətən əsl söz sənətkarıdır. Ümumiyyətlə, söz insanlarına yaxınlaşmaq, onların dünyası ilə tanış olmaq çox mühüm əhəmiyyət kəsb edən məsələdir. Onların əsərlərini oxuyaraq biz insanlar özləri üçün elə ibrətamiz nümunələr, elə gözəl incilər götürə bilərik ki, bu bütün həyatımız boyu bizim üçün faydalı olar. Zahid Xəlil də belə sənətkarlardandır. Zahid müəllim ömrünün gənclik illərindən ahıl çağlarınadək ədəbiyyatımızda, poeziyamızda uğurlu isimlərdən biridir. İstər uşaqların, istərsə də, böyük nəsil nümayəndələrinin maraq dairəsini cəlb edən, yaratdığı əsərlərlə zövqünü oxşayan dahi sənətkar Zahid Xəlil canlı ədəbi-mədəni tariximizdə canlı əfsanədir.
Zahid müəllimi doğum günü münasibətilə ürəkdən təbrik edirik. Ona can sağlığı və uzun ömür diləyirik. Dahi şəxsiyyətimizə ədəbi fəaliyyətində isə daima uğurlar arzu edirik.