Bu gün Ümumdünya Salamlaşma günüdür. Hər il noyabrın 21-i Salamlaşma Günü olaraq dünyanın bir çox ölkələrində qeyd olunur. Bu günün məqsədi İctimaiyyətin diqqətini sülhün qorunması üçün fərdi ünsiyyətin vacibliyinə yönəltməkdir.
Salamlaşma gününü Maykl və Brayen Makkomak adlı iki amerikalı qardaş 1973-cü ildə soyuq müharibənin ən qızğın vaxtlarında, Misirlə İsrail arasında gedən münaqişəyə cavab olaraq fikirləşmişlər. Əslində bu tarix beynəlxalq gərginliyin artmasına qarşı etiraz əlaməti kimi çox böyük əhəmiyyətə malikdir.
Maykl və Brayen Makkomak qardaşları Salamlaşma günündə dünyanın bütün guşələrinə səmimi salamlaşma məktubları göndərirdilər. Çünki onlar bütün dünyada sülh və beynəlxalq gərginliyin azaldılması uğrunda öz mübarizələrini heç kimə zorla qəbul etdirmək istəmirdilər. Ünvan sahibindən yalnız daha kimisə, heç olmasa 10 nəfəri salamlamaq xahiş olunurdu.
Bu günə qədər bu ideya 180-dən çox ölkədə dəstək qazanıb. Həmin gündən etibarən Ümumdünya Salamlaşma Günü bütün yaşda olan insanlar və peşə sahibləri, həm böyük siyasi liderlər və sənaye maqnatları, həm də məhşur kino və televiziya xadimləri tərəfindən qeyd edilir.
Çalışaq ki, təkcə bu gün deyil, hər yeni günə başlayarkən salam verdiyimiz və salam aldığımız insanlar çox olsun. Ən əsası salamınız insanları sülhə və barışığa səsləsin.