31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü kimi qeyd edilir. Bu tarix ölkəmizdə və dünyanın digər ölkələrində yaşayan azərbaycanlıları birliyə və qardaşlığa səsləyir. Xalqımız həmrəylik ideologiyasına söykənərək, bir yumruq tək birləşib, dünyaya öz birliyini və qardaşlığını sübut etmişdir.
31 dekabr tarixinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd olunması taleyin gərdişi üzündən dünyanın müxtəlif ölkələrinə səpələnmiş soydaşlarımızın tarixi Vətənlə – müstəqil Azərbaycanla əlaqələrinin möhkəmlənməsinə, həmçinin onların bir-biriləri ilə sıx ünsiyyət qurmalarına, milli-mənəvi dəyərlərimizin, ənənələrimizin qorunub saxlanılmasına xidmət edir.
Azərbaycançılıq ideologiyası Həmrəylik ideologiyası ilə vəhdət təşkil edir. Bu ideologiya müstəqil Azərbaycanın çiçəklənməsinə və dünya azərbaycanlılarının özünüdərkinə təkan verən güclü bir amilə çevrilmişdir. Azərbaycançılıq ideologiyası ətrafında birləşən hər bir soydaşımız həmrəylik ideologiyasına əsaslanaraq, harada yaşamasından asılı olmayaraq ana Vətənin inkişafına, onun dünya birliyində layiqli yer tutmasına və tanınmasına, mədəniyyətimizin təbliğinə, ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə obyektiv şəkildə çatdırılmasına töhfə verməyi özünün mənəvi borcu sayır.
Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əsası 1989-cu il dekabrın axırlarında Naxçıvanda SSRİ-İran sərhədlərinin dağıdılması ilə qoyuldu. Baş verən hadisələr zamanı Şimali və Cənubi Azərbaycanda yaşayan bütün azərbaycanlılar arasında mədəni, iqtisadi və qohumluq əlaqələrinin bərpasına zəmin yaratmış oldu. Bu hadisələrin gedişatında Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdıldı. Sovet İttifaqı Kommunist Partiyasının, Azərbaycan Kommunist Partiyasının mərkəzi komitələri, partiyanın yerli orqanları, SSRİ sərhəd qoşunlarının rəhbərliyi buna mane olmaq üçün bütün siyasi və hərbi təsir vasitələrinə əl atdılar, lakin buna baxmayaraq Azərbaycan Xalq Cəbhəsinin NaxçıvanVilayət şöbəsi ardıcıl olaraq “Sərhəd hərəkatı” adlı bir sıra siyasi aksiyalar həyata keçirdi. Nəhayət bütün mübarizələrdən sonra ilk dəfə olaraq Arazın o tayında, bu tayında olan qohumların, həmvətənlərin ünsiyyət imkanları yarandı, sadələşdirilmiş keçid məntəqələri təşkil edildi.
Beləliklə, 1989-cu il dekabrın 31-i tarixi Dünya Azərbaycanlılarının Həmrəylik Gününə çevrildi, 1990-cı ildə isə həmin günün ildönümü Naxçıvan Muxtar Respublikasında geniş qeyd edildi.
Bu tarixin rəsmiləşdirilməsi isə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdi.
Ümummilli lider Heydər Əliyevin 2002-ci il 5 iyul tarixli Fərmanı ilə Xarici ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin yaradılmasından sonra dünya azərbaycanlılarının arasında həmrəyliyin möhkəmləndirilməsi istiqamətində daha məqsədyönlü işlər aparılmışdır. Diasporla İş üzrə Dövlət komitəsi Azərbaycan diasporunun fəaliyyətinin mütəşəkkil şəkildə əlaqələndirilməsində, dünya azərbaycanlılarının siyasi və ideoloji birliyinin təmin olunmasında, bu sahədə mövcud problemlərin aradan qaldırılmasında mühüm rol oynayır.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. Həmrəylik Günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.Həmrəylik gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər. Azərbaycanlılar minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər.
Azərbaycan Respublikasının Prezidenti İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz aktuallığını saxladığını nümayiş etdirir. Bu gün Azərbaycan diasporu böyük iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur.
Uzun zaman bir-birinə həsrət qalan azərbaycanlıların Arazın hər iki sahilində sərhəd yürüyüşü – Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmaq və Azərbaycanı bütövləşdirmək üçün cəhdləri idi.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü — Azərbaycan millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Bu gün xalqımızın birliyi, həmrəyliyi ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin, xalq-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir. 44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Bu gün hər bir azərbaycanlı cənab prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla addımlayacağına tam əmindir.
Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!
Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün azərbaycanlıların ürəkləri birlik, bərabərlik və qardaşlıq eşqi ilə döyünür. Bu eşqin daim alovlanması uğrunda biz azərbaycanlılar 31 dekabr tarixini əbədi olaraq tariximizə qızıl hərflərlə yazmışıq. Bu tarix bizim birlik və həmrəylik ideyamızın simvolik nişanıdır. Həmrəyliyimizə və bu birliyi qoruyub saxlayacağımıza inanaraq, ölkəmizdə və bütün dünyada yaşayan azərbaycanlılarımızı bu gözəl gün münasibətilə təbrik edirik.
Həmrəyliyimiz və birliyimiz əbədi olsun! Bu şərəfli yolda hər zaman birgə addımlayaq!