Akademik Gəzinti layihəsi çərçivəsində Azərbaycanımızın gözəl bölgələrini qarış-qarış gəzən Green Start Academy komandası bu dəfə Vətənimizin misilsiz gözəlliklərə malik olan, ayrılmaz hissəsi, Qarabağın döyünən ürəyi Şuşaya yollandı. Həsrətlə gözlənilən bu müqəddəs səfər nəhayət ki, baş tutdu. Bu, səfər xüsusi olaraq digər akademik gəzintilərdən özəlliklə fərqlənirdi. Hər kəsin qəlbində sevinc və həyəcan hissi gözlərdəki həsrət hissi ilə bir-birinə qarışmışdı. Hamının ürəyi 30 illik həsrətin alovu ilə yanaraq, bu gün doğma yurda – Şuşaya qovuşmaq amalı ilə eşqlə coşurdu.
Yol boyunca söylənən şirin vətənpərvərlik nəğmələrimiz, doğma yurda aid şeirlərin səsləndirilməsi, şəhidlərimizin qəhrəmanlığından bəhs edilən söhbətlər, şanlı zəfər tariximizi təcəssüm etdirən 44 günlük Qarabağ müharibəsi haqqında aparılan söhbətlərlə Green komandası şərəfli vətənpərvərlik hisslərini qəlblərində yandıraraq yola çıxdılar. Green Start Academy-nin direktoru Aysel Rəsulzadə ilkin olaraq səfər zamanı qonaqları salamladıqdan sonra, “Cənnətim Qarabağ” mahnısını bütün komanda heyəti ilə bərabər oxudu. Yol boyu bələdçi və digər səfər iştirakçılarının xoş söhbətləri Şuşa səfərinə bir ayrı rəngarənglik qatdı.
Bəli, bu gün Şuşanın hər qarışı – dağı, daşı, havası, torpağı, Şuşa qalası, Cıdır düzü, Gövhər ağa məscidi, yamyaşıl çəmənləri bizləri salamlayır. Green Start Academy komandası şəhidlərimizin qanı bahasına, igidlərimizin məğrur şücaətilə azad olunan əzəli Şuşa torpağındadır. Cıdır düzündə Azərbaycanın ən qədim rəqsi olan Yallı rəqsinin sədaları altında birlikdə bir daha vətənpərvərlik nümayiş etdirərək hamı rəqs etdi. Sanki o an yallının sədaları ilə Şuşanın bütün dağları, yamacları da bu insanlara qoşularaq rəqs edirdilər. Bu yerlərə vətən sevgisi ilə gələn insanlar Qarabağ torpağı ilə salamlaşır, Şuşanın azadlığını müjdələyərək, bayram edirdilər. Şuşamızın doğma torpağının qoxusunu nəfəsinə çəkən insanlar xarı bülbülün vətənində bu gün çox xoşbəxt idilər. Xarı bülbülün gözəlliyindən ilhamlanaraq, çox gözəl təqdimat göstərən ziyarətçilər burada şirin vətən nəğmələrini səsləndirib, biri-birinin ardınca möhtəşəm rəqslər edərək, xatirə şəkilləri çəkdirdilər.
Qəhrəmanlıq salnaməmiz olan yenilməz və tarixin uzun yollarından keçərək bu günümüzə qədər gəlib çatan əvəzolunmaz Şuşa qalasına səyahət hamıda xoş təəssüratlar oyatdı. Bu təkrarolunmaz gözəlliyə xas olan qala ətrafında vətənpərvər ruhda təşkil edilmiş fləşmob hamının marağına səbəb oldu. Bir daha “Qarabağ Azərbaycandır!” şüarı ilə hər kəsin səs-sədası bu torpağın dağlarına, daşlarına yayıldı. Həmçinin ən qədim tarixi abidələrimizdən olan Gövhər ağa məscidində edilən dualar bir daha müsəlman xalqı olaraq mənəvi dəyərlərə hörmətlə yanaşan bir millət kimi birliyimizi sübut etdi.
Bitib-tükənməyən doğma Qarabağ torpağına – Şuşaya təşkil edilən gəzinti hər kəsdə xoş təəssüratlar yaradacaq qədər, eyni zamanda da yenidən bu doğma və bizlərə əziz olan torpaqlara səyahət etmək istəyini qəlbimizdə alovlandırdı. Gəzinti iştirakçılarının hər biri vətənimizin ayrılmaz hissəsi olan Qarabağın hər qarışını gəzmək, onu hiss etmək, havasını nəfəsinə çəkərək şəfalı sularından içmək, bir sözlə, bu əsrarəngiz təbiətin qoynunda olmaq diləyini bir daha arzuladılar. İnanırıq ki, onların bu arzusu hər il reallaşacaq. İlin bütün fəsillərində doğma Qarabağımızın gözəl təbiətini görmək qalib xalqımızın qalib vətəndaşlarının hər birinə nəsib olacaq. Daha neçə-neçə dastanlar, neçə-neçə şeirlər, nəğmələr qoşulacaq bu gözəl diyarın şərəfinə. Çünki Qarabağ Azərbaycandır! Vətən bizim bu günümüz və sabahımızdır!
Vətən torpaqlarımızın azadlığı uğrunda canından keçən, düşmənin üzərinə qorxmadan yürüyən şəhidlərimizin ruhu qarşısında baş əyirik! Qazilərimizə Allahdan şəfa, hərbiçilərimizə can sağlığı diləyirik.