7 DEKABR – AZƏRBAYCAN GÜNÜ

Dekabr 07, 2023

Azərbaycan Günü – 1918-cil dekabrın 7-də Azərbaycan Parlamentinin ilk təntənəli iclasının açılışı və xalqın istiqlal yolunda ilk addımlarının əsasının qoyulması…
Şərqin ilk demokratik respublikası – Azərbaycan Xalq Cümhuriyyəti
Azərbaycan Xalq Cümhuriyyəti və Parlament çox çətin və mürəkkəb bir tarixi dövrdə meydana gəlmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin və onun Parlamentinin adı dahi şəxsiyyət, Azərbaycanın istiqlal tarixində misilsiz rolu olan, Azərbaycanın müstəqil dövlət qurucusu, müstəqil dövlət yaratmaq prinsipləri uğrunda bu xalq üçün əvəzsiz xidmətləri olmuş Məhəmməd Əmin Rəsulzadənin adı ilə bağlıdır. Onun qurduğu müstəqil Cümhuriyyət Azərbaycanın demokratik dövlətçilik tarixində, xalqın azadlıq uğrunda mübarizəsinin ilk müstəqillik qığılcımlarının alovlanmasına zəmin yaratmışdır.
Azərbaycan Parlamenti bütün Müsəlman Şərqində Azərbaycan Xalq Cümhuriyyəti (AXC) dövrünün ən demokratik prinsipləri əsasında formalaşdırılmış ilk parlament olub.
Azərbaycan Parlamentinin ilk təntənəli açılışı 1918-cil il dekabrın 7-də saat 13:00-da Hacı Zeynalabdin Tağıyevin tikdirdiyi Qızlar Məktəbinin binasında (hazırda Füzuli adına Əlyazmalar İnstitutunun yerləşdiyi bina) baş tutmuşdur.
Azərbaycan Xalq Cümhuriyyəti 23 aylıq hakimiyyəti dövründə parlamentin müzakirəsinə 270-dən çox qanun çıxarmış, onlardan 230-a yaxını qəbul olunmuşdur.
Parlamentin açılışında Azərbaycan Milli Şurasının sədri Məhəmməd Əmin Rəsulzadə geniş təbrik nitqi söyləmişdir. “Biz o zaman ki, bizim üçün ən yaxşı məsələni – “Azərbaycan muxtariyyəti”ni müdafiə edirdik, biz onda sağ və sol tərəfdən amansız tənqidə məruz qalmışdıq… Sağdan bizə deyirdilər ki, azərbaycanlılıq şüarı ilə siz müsəlmanları parçalayırsınız, türkçülük bayrağı qaldırmaqla – Allah yıxsın – siz İslamın əsasını sarsıdırsınız. Soldan isə bizi məzəmmət edirdilər ki, Azərbaycan muxtariyyətini tələb edərək biz vahid demokratik cəbhəni yarırıq. Müsavat Partiyası birinci olaraq Azərbaycanın müstəqillik bayrağını yüksəyə qaldırmışdır. Beləliklə, müsəlman partiyaları arasında Azərbaycan ideyasında fikir ayrılığı yoxdur. Xalqın şüurunda Azərbaycan ideyası artıq möhkəmlənmişdir… Bir dəfə yüksələn bayraq bir daha enməz!”
Beləliklə, Azərbaycan Parlamentinin yaradılması ilə Əlimərdan bəy Topçubaşov parlamentin sədri, doktor Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildi. Paris Sülh Konfransına yola düşmüş Əlimərdan bəy Topçubaşov səfərdə olduğu üçün parlamentin fəaliyyətinə Həsən bəy Ağayev rəhbərlik etdi. Elə Parlamentin ilk iclasında “Fətəli xan Xoyski hökuməti”nin istefası qəbul edildi və yeni hökümətin təşkil olunması qərara alındı. Yeni hökumətin təşkili yenidən Fətəli xan Xoyskiyə tapşırıldı. 1918-ci il dekabrın 26-da Fətəli xan Xoyski parlamentdə öz proqramı ilə çıxış etdi və yeni hökumətin tərkibini təsdiq olunmağa təqdim etdi. Parlament hökümətin proqramını qəbul etdi və Fətəli xan Xoyskinin təşkil etdiyi hökümətə etimad göstərdi.
Parlamentin yaradılması haqqında qəbul edilmiş qanunda Parlamentin 120 nəfərdən ibarət olması nəzərdə tutulmuşdu. Həmin qanunda Azərbaycan əhalisinin ümumi sayına müvafiq olaraq erməni nümayəndələri üçün 21 yer, rus nümayəndələri üçün isə 10 yer ayrılmasına baxmayaraq, onlar Azərbaycan Parlamentinin ilk iclasının açılışında iştirak etməmişdilər. Rus Milli Şurası 1919-cu il yanvarın 31-dən, ermənilər isə həmin ilin fevralından Parlamentin işinə qatılmışdılar.
Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə qadirdir.
Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycanımızın bugünkü gündə inkişafının və gündən-günə çiçəklənməsi yolunda çıxdığı bir əzmkarlıq, istiqlaliyyət, əsl vətənpərvərlik hisslərinin oyanması naminə bütün Şərqdə qurduğu ilk parlamentli Cümhuriyyət idi ki, bu gün Azərbaycan prezidentinin müdrik siyasəti də bu işığın ardınca gedir.

6 DEKABR – DÜNYADA İLK DƏFƏ DİABET XƏSTƏLƏRİNİN MÜALİCƏSİNDƏ İNSULİNDƏN İSTİFADƏ8 DEKABR – BEYNƏLXALQ RƏSSAMLAR GÜNÜ