9 MAY – FAŞİZM ÜZƏRİNDƏ QƏLƏBƏ GÜNÜDÜR

May 09, 2024

1941-1945-ci illər hər kəsin həyatında uzun illər keçsə belə dərin izlər qoymuş, hafizələrdə hələ əsrlər keçsə də xatırlanacaq bir tarixdir. Bu tarix Böyük Vətən Müharibəsinin başlanılması və qələbə ilə bitməsindən bəhs edən bir dövrü əhatə edir. Faşist Almaniyasının başlatdığı dəhşətli müharibə nəinki postsovet ölkələrini, o cümlədən bu müharibədə iştirak edən bütün ölkələri də acılı, faciəli kədər dəryasına boğmuşdu. Neçə-neçə canlar almış bu qanlı müharibənin tükürpədici təsirindən müharibə iştirakçıları və onu yaşayan insanlar hələ uzun illər çıxa bilməmişlər.
Rusiya – keçmiş Sovet Sosialist Respublikasına mənsub olan dövlətlərin Almaniya, eləcə də onun müttəfiqlərinə qarşı aparılan Böyük Vətən Müharibəsi 1941-ci ildən başlayaraq 1945-ci ilədək davam etmişdir. O illər ərzində çox güclü hərbi-iqdisadi potensiala malik Almaniyanın hərbi istehsalı 1934-cü ildən 1940-cı ilədək 22 dəfə artmış, hərbiçilərinin sayı isə 105 mindən 3 milyon 755 min nəfər olmaqla 35 dəfə artmışdı.
Böyük Vətən müharibəsi illərində (1941–1945) Azərbaycan xalqı həm ön, həm də arxa cəbhədə çox böyük qəhrəmanlıq və şücaət nümunələri göstərmişdir. Qısa müddətdə respublikada 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi yaradılmışdı. 1941-1945-ci illərdə Azərbaycanın 700 mindən çox igid oğlu və qızı cəbhəyə yollanmışdı. Azərbaycan diviziyaları Qafqazdan Berlinə qədər şərəfli döyüş yolu keçmişdir. Həmvətənlərimizin təqribən 130 nəfəri Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş, 30 nəfəri “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə təltif edilmişdir. Azərbaycandan olan 170 mindən çox əsgər və zabit SSRİ-nin müxtəlif orden və medalları ilə təltif olunmuşdur. İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov və bir çox başqaları öz şücaətləri ilə xalqımızın tarixinə yeni səhifələr yazmışlar.
1945-ci il mayın 8-dən 9-a keçən gecə alman generalı Vilhelm Keytelin qeydsiz-şərtsiz təslim aktını imzalaması ilə Böyük Vətən müharibəsi faşizm üzərində qələbə ilə başa çatmışdır. Qələbə günü postsovet ölkələri və ikinci dünya müharibəsində iştirak etmiş digər dövlətlərdə böyük təntənə ilə qeyd olunur.
Azərbaycan xalqının İkinci Dünya müharibəsində göstərdiyi qəhrəmanlıq nümunələri haqqında çoxlu sayda şeirlər, kitablar yazılmış, bədii və sənədli filmlər çəkilmiş, qəhrəmanların şərəfinə abidələr ucaldılmış, onların adları əbədiləşdirilmişdir. Müharibə zamanı Azərbaycanın oğul və qızlarının amansız düşmənlə döyüşlərdə göstərdikləri misilsiz şücaət və igidlik, arxa cəbhədə çalışanların isə əmək rəşadəti dillər əzbəridir və bugünkü nəsillər üçün daim örnək olaraq qalacaqdır.

8 MAY – BEYNƏLXALQ QIRMIZI XAÇ VƏ QIZIL AYPARA HƏRƏKATI GÜNÜDÜR10 MAY – ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN DOĞUM GÜNÜDÜR