-
Green Start Academy və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə 18 yanvar tarixində “Təhsildə müasir yanaşmalar” adlı növbəti elmi-praktik konfrans keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra 20 Yanvar şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Azərbaycan Dövlət Pedaqoji Universitetinin elmi işçisi, Respublikanın Əməkdar müəllimi Zülfiyyə Vəliyeva matəmlə bağlı nitq söyləyərək bildirdi ki, 20 Yanvar şəhidlərinin ahı yerdə qalmamalı, bunun üçün Vətənimizi daha çox sevməli, qorumalı, müstəqiliyimizin və ən əsası insan, millət olaraq öz dəyərimizi bilməli, şəhid olan bacı-qardaşlarımızın arzuları ilə yaşamalıyıq.
Qəmgin notlarla açıq elan olunan konfrans təşkilatçıların nitqiylə öz işinə başladı. İlk öncə Aysel Rəsulzadə rəhbəri olduğu Green Start Academy-nin məqsəd və vəzifələrindən danışaraq, hər zamankı kimi cəmiyyətin aparıcı qüvvəsi olan, gənc nəslin yetişməsində və şəxsiyyət kimi formalaşmasında vacib rol oynayan təhsil işçilərinin maariflənməsinə xidmət etdiklərini dilə gətirdi.
“Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru, eyni zamanda 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa qeydə alınmış namizəd Məhsəti Hüseynova Birliyin fəaliyyəti haqqında məlumat verərək, hər zamankı kimi gənc nəslin təlim-tərbiyəsində və inkişafında var gücləri ilə çalışdıqlarını, bundan sonra da heç bir təmənna güdmədən xalqımıza və dövlətimizə olan xidmət və sədaqətlərini daha da məhsuldar hala gətirərək, gənclərə dəstək olacaqlarını bildirdi.
Konfransın rəsmi hissəsindən sonra təlimçilər öz mövzu dairələrində məruzə edərək iştirakçıları təhsillə bağlı yeniliklərdən xəbərdar etdilər. Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri, professor Şahlar Əsgərov “Təhsilin fəlsəfəsi”, təhsil üzrə mütəxəssis Qoşqar Məhərrəmov “Təhsil idarəedicisinin kompetensiyaları”, pedaqoq Lalə Məhərrəmli “Sözlərin sehrli gücü”, təhsil üzrə mütəxəssis Elşən Qafarov “Ümumtəhsil məktəblərinin idarə olunmasında hüquqi-normativ baza və müəllim peşəkarlığının artırılması” mövzusunda məruzə etdilər. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin rəsmisi Murad Camalzadənin Təhsilverənlərin sertifikasiyası ilə bağlı açıqlamaları, müəllimlərin suallarını cavablandırması konfrans iştirakçılarının hədsiz marağına və razılığına səbəb oldu.
Green Start Academy hər zamankı ənənəsinə sadiq qalaraq, bu dəfə də müəllimlərin uğurlarını paylaşdı. Belə ki, “Bir müəllimin uğuru” rubrikasında M.Ə.Sabir adına 259 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Təhsil Nazirliyi tərəfindən milli keyfiyyət və Avropa keyfiyyət nişanı ilə təltif olunan Təranə Hidayətova “eTwinning” layihəsi haqqında müəllimləri məlumatlandıraraq, onları təhsilimizin və gələcəyimizin inkişafı üçün öz üzərlərində daha çox işləməyə səslədi.
Geniş və maraqlı müzakirələrlə əhatə olunan konfrans yüksək əhval-ruhiyyə ilə başa çatdı. Sonda konfrans iştirakçılarına günün xatirəsi olaraq Sertifikat təqdim olundu və xatirə şəkli çəkdirildi.