Əyani dərslərə start verildi. Nəhayət, doğma məktəb şagirdlərə öz qapılarını açdı.
Uzun müddətdir ki, əyani təhsildən uzaqlaşan şagirdlər yəqin ki, məktəb həyatını yadırğamışlar. Gün rejimi, canlı ünsiyyət, dərsə ciddi şəkildə davamiyyət bir müddət daimi ev şəraitində olub, tam sərbəst qrafikə alışmış şagirdlər üçün müəyyən qədər çətinlik yaratdı. Bu mənada müəllimlər, məktəb psixoloqu, sinif rəhbəri, ümumilikdə məktəb kollektivi son dərəcə diqqətli olmalı, uşaqlara doğma məktəb qanunlarına yenidən alışmaq üçün zaman verməlidir.
Uşağın fiziki sağlamlığı hər zaman önəmli olduğundan artıq diqqət mərkəzində olmalıdır. Şagirdlərin dərsə davamiyyətində, biliklərin mənimsənilməsində yoldaşları ilə ünsiyyətində psixoloji cəhətdən sağlam olmasının rolu danılmazdır. Bu baxımdan uşaqlarda ruh yüksəkliyi yaratmaq bizlərin borcudur.
Valideynlər uşaqların düzgün qidalanmasına fikir verməlidirlər. Qablaşdırılmış, paketlənmiş, hansı ki yay fəslində yüksək temperatuda piştaxtalarda qalan, tərkibi uzun müddət saxlamaqdan ötrü kimyəvi maddələrlə zəngin olan qidalardan küçədə, açıq şəkildə hazırlanıb satılan ayaqüstü yeməklərdən qəti şəkildə uşaqları uzaq tutmalıdırlar. Qida rejimini normalara uyğun tərtib etmək lazımdır. Səhər menyusunda yumurta, süd məhsulları, təbii kərə yağı istifadə olunmalıdır. Əlbəttə ki, uşaqların ağız dadına uyğun olması mütləq nəzərə alınmalıdır. Yaxşı olar ki, səhər yeməyi ailə büdcəsinə uyğun olaraq cox çeşidli hazırlansın. Uşaqların səhər menyusunda uzun müddət tox tutan qidaların əsas yer tutması məqsədəuyğundur. Düzgün qidalanmadıqda uşaqlarda diqqət, hafizə, yaddaş və digər problemlər yarana bilər. Uşaqlar ac olduqları halda isə gərgin və aqressiv ola bilərlər. Bu onların psixologiyasına mənfi təsir göstərəcəkdir.
Bəzən isə valideynlər uşaqları xəstəliklərdən qorumaqdan ötrü fəslə uyğun olmayaraq çox isti geyimlərlə yükləyirlər. Bu isə uşaqların rahat hərəkət etməsinə mane olur. Bildiyimiz kimi uşaqlar məktəbdə hərəkətdə olduqları üçün tez-tez tərləyirlər ki, bunları da nəzərə alaraq uşaqları mövsümə uyğun geyindirmək lazımdır.
Yeni tədris ilində həm təhsilverənlərə, həm də təhsilalanlara uğurlar arzulayır, əyani tədrisin tamamilə bərpa olunmasını diləyirik.
Gülşən Nəhmətova,
Green Start Academy