Valideyn ola bilmək...

Sentyabr 08, 2022

Biz övladımızı dünyanın ən yaxşı nemətləri ilə bəsləməyə, ona ən yaxşı paltarlar, ən bahalı oyuncaqlar almağa, ən yaxşı məktəb və ali məktəblərdə oxutmağa çalışırıq. Lakin gün gəlir və biz bəzi şeylərin düz getmədiyini hiss etməyə başlayırıq: uşaq qarşısına çıxan maneələri aşmaq, yaranan problemləri həll etmək əvəzinə ruhdan düşür, dalana girmiş kimi dayanır və nə edəcəyini bilməyib məqsədindən imtina edir. Bunda bizim – valideynlərin ən böyük payımız var.
Odur ki, övladınıza həyatda iki şey verin – biri sağlam həyat (imkanınız nəyə çatırsa), digəri mübarizə ruhu. Universitetə qəbul olmağı vacib deyil, hansısa digər sahədə çox uğurlu sənətkar ola bilər; çox pul qazanmağa da həvəsləndirməyin, bu, onun nəfsini gücləndirib qanunsuz yollara sürükləyə bilər.
Ən gözəli övladınıza hər hansı çətinlikdə ruhdan düşüb bədbinliyə qapılmamağı öyrədin. İstənilən işdə sonuna qədər əzmlə mübarizə aparmağı, təslim olmamağı, əzmkar olmağı öyrədin. Ona hər zaman dəstək olun, lakin onun yerinə heç bir işi görməyin. Bir dəfə səhv edər, iki dəfə səhv edər, üçüncü dəfə daha yaxşı edəcək. Səhv etdiyində də ona güvənmədiyinizi göstərərək “Əşşi, ver bura görüm, özüm edərəm” deyib həvəsdən salmayın. Bununla tənbəl, zəif, özünəinamı olmadığı üçün mübarizəsiz təslim olan nəsil böyütməyək.
Atdığı ilk addımlarda, yeni başlanğıclarda, ən kiçik uğurlarında da hər dəfə tərifləyib: “Ay ağıllı balam, gələn dəfə biraz da belə etsən lap əla olacaq” deyin. Onun səhvlərini üzünə vurmayın, əksinə, nəvazişlə düzəltməyə çalışın. Onu mübariz böyüdün. Hər dəfə yıxılanda yenidən ayağa qalxmalı olduğunu, və hər dəfəsində daha güclü qalxacağını anladın.
Uşaqlarınızı bu cür böyütsəniz, onlar bu həyatda mütləq düz yolu tapıb, hər bir işdə uğurlu olacaqlar. Və ən əsası, “yarımçıq papaqçı” deyil, “kamil palançı” olacaqlar.

1 avqust – Azərbaycan Əlifbası və Azərbaycan dili günümüz mübarək!Yerli və beynəlxalq konfransların təşkil edilməsi