Qobustan Böyük Qafqaz dağlarının cənub-şərq ətəkləri ilə Xəzər dənizi arasında yerləşən, 1943-cü ildə təşkil olunmuş (Mərəzə adı altında), 1960-cı ildə isə ləğv edilərək Şamaxı rayonuna birləşdirilmiş, 1990-cı ildə Qobustan adı ilə yenidən bərpa edilmiş inzibati rayondur. Rayonun ərazisi quru subtropik iqlimə malik, relyefi alçaq dağlıqdır.
Qobustan rayonu 1951-ci ildə şəhər tipli qəsəbə kimi təşkil olunub. İndiki Qobustan qəsəbəsinin ərazisi bir zamanlar qədim insanların məskunlaşdığı yerlərdən biri olmuşdur. Hazırda Qobustan Dövlət Tarix-Bədii Qoruğunda qorunan qaya təsvirləri buna əyani sübutdur. Qoruq Bakı şəhərindən 70 km aralıqda yerləşir, Azərbaycan Respublikası Nazirlər Sovetinin 9 sentyabr 1966-cı il tarixli 503 nömrəli qərarı əsasında yaradılmış elmi-tədqiqat müəssisəsidir. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 avqust 2001-ci il tarixli qərarı ilə dövlət tərəfindən dünya əhəmiyyətli abidə kimi qorunur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 12 iyun 2007-ci il Sərəncamına əsasən qoruğa “Milli” statusu verilib.
Qobustan Dövlət Tarix-Bədii Qoruğu açıq səma altında muzeydir. Qoruq Azərbaycanın şərq hissəsində Böyük Qafqazın Böyükdaş, Kiçikdaş və Cingirdağ dağlarının ərazilərini əhatə edir. Qayaüstü rəsmlər bizim eradan əvvəlki dövrdən (üst poleolit) baaşlayaraq orta əsrlərə qədərki müxtəlif dövrləri əhatə edir. Qobustan abidələri üst poleolit dövrünün sonundan başlayaraq eramızadək olan təxminən 20 minlik dövrü özündə əks etdirir. Qoruq Qobustan qayaüstü rəsm abidələrini öyrənir, qeydə alır və qoruyur. Qobustanda qayaüstü təsvirlər ilk dəfə 1939-cu ildə aşkar edilmişdir. Onları ilk kəşf və tədqiq edən Azərbaycan arxeoloqu İsaq Cəfərzadə olmuşdur. Qauaüstü rəsmlərin sistematik tədqiqinə 1947-ci ildən başlanılmışdır. Qobustan qoruğunun yaranmasından əvvəl İsaq Cəfərzadə tərəfindən Böyükdaş, Kiçikdaş, Cingirdağ dağlarında 700-dən artıq qaya üzərində 4 minə yaxın qayaüstü rəsmləri aşkar edilmişdir. Qoruq yarandıqdan sonra (1966-cı il) arxeoloq Cəfərqulu Rüstəmov 1000-dən artıq qədim qayaüstü rəsmləri aşkar etmişdir. Qobustan qoruğunda aparılan tədqiqat işləri tarix elmləri namizədi Firuzə Muradova və Məlahət Fərəcova tərəfindən davam etdirilir. Hazırda qoruq sayı 1000-dən çox olan daş və qaya üzərində əks olunan 6000-dən çox təsvir və işarə qeydə alınmışdır. Bu abidələr – qədim rəsmlər, sulu yemək hazırlamaq və yağış suyu yığımı üçün istifadə olunan çuxurlar, heyvanları bağlamaq üçün ikitərəfli dəliklər, nişanlar, damğalar, qədim yazılar və s.dir. Minlərlə qaya, daş üzərində aşkar olunmuş bu abidələr qədim insanlar tərəfindən yaradılmışdır və onların təsərrüfat və əqli fəaliyyətini əks etdirir. Qobustandakı bəzi qaya parçaları da öz fiziki tərkibi və geoloji xüsusiyyətlərinə görə dünyadakı digər daşlardan fərqlənir. Məlum olduğu kimi buradakı böyük qaya parçalarından biri “Qaval daş” adlanır. Onun səthinə zərblə vurulduqda qaval, dəf, nağara, təbil kimi səslənir.
Mövzu cəhətdən Qobustanın qayaüstü rəsmləri öz zənginliyi ilə fərqlənir. Qobustanda qədim qayaüstü təsvirlər əsasən oyma, döymə, sürtmə, çapma və cızma üsulu ilə çəkilmişdir. Burada döymə üsulu ilə qadın və kişi şəkilləri verilmişdir. Kişilər böyük gövdəli, bellərində kəmərçin silahlanmış vəziyyətdə, qadınlarda isə sinə qabarıq, ayaqlar iri halda çəkilmişdir. Qadınların bu cür təsvir edilməsi onlara nəsil davamçıları kimi baxılmasından irəli gəlmişdir. Lakin qayaüstü təsvirlər kolleksiyasında öz çoxluğu və mövzu kimi müxtəlifliyi ilə əsas yeri heyvan təsvirləri tutur. Burada kontur xətlə verilmiş bir çox heyvan növlərinin – öküz, gur, maral, ceyran, şir, donuz, keçi, at, şir, it, az sayda isə balıq, ilan, kərtənkələ və həşərat şəkilləri də qeydə alınmışdır. Bu da qədim rəssamın heyvanların həyatını, psixologiyasını daha yaxşı başa düşməsindən irəli gəlir. Qayaüstü rəsmlərdə eyni zamanda kollektiv əmək, müxtəlif heyvanların ov, döyüş, biçin, rəqs səhnələrinə də rast gəlmək mümkündür.
Qobustanda maraqlı qədim təsvirlərdən biri də qədim qayıq təsvirləridir. Qayaüstü rəsmlərdə 100-dən artəq qayıq təsviri vardır. Qədim qayıqlar əvvəllər çayı keçmək üçün, sonra isə balıqçılığın inkişafı ilə əlaqədar olaraq yaranmışdır. Qayıqları formasına görə 3 qrupa bölmək olar: xətti, siluet (kölgə kimi görünən hər hansı bir şey) və hörmə. İlk qayıqlar əsasən ağac gövdəsindən düzəldilmiş, kiçik ölçülü və təknəşəkilli olmuşdur. Belə qayıq təsvirləri Böyükdaş və Kiçikdaş dağlarının ətəyindəki daşlar üzərində daha çoxdur. Qamışdan və qarğıdan hazırlanmış qayıqlar e.ə. VII-VI minilliklərə aid edilir. 1981-1994-cü illərdə bu qayaüstü rəsmləri tədqiq etmək üçün Qobustana xüsusi səfərlər təşkil edən Norveç səyyahı Tur Heyerdal Xəzər sahillərini böyük bir sivilizasiyanın beşiyi adlandırmışdır. Səyyar Qobustandakı qamış qayıq təsvirlərinin illər sonra vikinqlər tərəfindən Norveç mağaralarının divarlarında həkk edilmiş təsvirlər ilə üst-üstə düşməsini, həmçinin bu haqda orta əsrlərdə yazılmış saqalarda, yəni norman dastanlarında verildiyini qeyd edərək bildirmişdir ki, bir sıra çağdaş Avropa tayfalarının və xalqlarının, o cümlədən Skandinaviyada yaşayan xalqların ulu əcdadları vaxtilə Qobustan ərazisində yaşamış, lakin sonralar naməlum səbəblər üzündən köç edərək Avropaya getmiş ola bilərdi. Məşhur alim Qobustandakı qayaüstü rəsmlərin tam oxşarının Skandinaviyadakı daş mağaralarda da olduğunu söyləmişdir.
Qobustan Dövlət Tarix-Bədii Qoruğunda qayaüstü rəsmlərlə yanaşı, epikrafik yazılara da rast gəlinir. Burada ərəb, fars yazıları ilə bərabər, qayaüstü yazılar arasında qədim Roma qoşunlarının Azərbaycan ərazilərinə gəldiyini sübut edən dövrlərə aid məlumatlara da rast gəlinir. Belə ki, burada bizim eranın I əsrində Roma imperiyasının XII leqionu tərəfindən latın dilində yazılmış yazısı vardır. Həmçinin bu daşlar üzərində Roma imperatoru Domitsian Sezar Avqust Germanikin adı da yazılmışdır.
Qobustan Dövlət Tarix-Bədii Qoruğu təkcə Azərbaycanda deyil, eyni zamanda dünya əhəmiyyətli abidə kimi də məşhurdur. Belə ki, Qoruq 2007-ci ilin iyun ayında Yeni Zelandiyanın Kraystçorç şəhərində keçirilən növbəti sessiyasında YUNESKO-nun Ümumdünya Mədəni İrs Siyahısına daxil edilmişdir.
2011-ci ildə Qobustan Dövlət Tarix-Bədii Qoruğu nəzdində prezident İlham Əliyevin sərəncamı ilə Muzey inşa edilərək istifadəyə verilmişdir.
Qobustan Dövlət Tarix-Bədii Qoruq Muzeyinin inzibati bina kompleksinin ümumi sahəsi 2460 kvadrat metrdir. Muzeyin girişindəki divar hissədə rəsmlərin həlqəvari zolaqlar şəklində düzülməsi canlı rəqsin hərəkətlərini təcəssüm etdirir. Müasir innovativ texnologiya ilə təhciz olunmuş muzeydə xüsusi multimediya proqramları ilə hazırlanan sensor ekranla interaktiv sistemlər və əyləncəli-maarifləndirici oyunlar və 3D Video bura gələnlərin marağına səbəb olur.
Muzeydə 12 ekspozisiya zalı – “Qobustan – YUNESKO-nun Ümumdünya Mədəni İrsi”, “Zamana səyahət”, “Qədim dövr insanlarının həyatı”, “Qobustanın təbii mühiti”, “Əsrlərdən gələn petroqliflər”, “Petroqliflərin mənası”, “Qobustanda arxeoloji kəşf”, “Heyvanlar və ovçular”, “Qobustanın qədim dövr rəssamları”, “Qobustan qayaüstü incəsənəti mədəni landşaftı” zalları fəaliyyət göstərir. “Qobustan – YUNESKO-nun ümumdünya mədəni irsi” zalında dünyada olan 200-ə yaxın oxşar abidə haqqında ətraflı məlumat verilir. “Heyvanlar və ovçular” adlanan zalda o dövrdə yaşayan heyvanların modelləri yerləşdirilmişdir. Burada həmçinin kitabxana, foto-laboratoriya, elmi-tədqiqat şöbəsi də fəaliyyət göstərir. Muzeyin məlumat mərkəzində qonaqlar sensor ekrandan istifadə etməklə müxtəlif dillərdə informasiya əldə edə bilərlər.
Qobustan Dövlət Tarix-Bədii Qoru Muzeyi 2013-cü ildə “tarixin təqdim olunmasında və qabaqcıl texnologiyaların istifadəsində yeni yanaşma vasitəsilə regional, milli və beynəlxalq səviyyədə ictimaiyyətin maarifləndirilməsində ibtidai dövrün incəsənətinə marağın və biliyin artırılmasına görə” “Avropada ilin muzeyi” xüsusi mükafatı ilə təltif olunmuşdur.
Beləliklə, Qobustan petroqlifləri həm ibtidai bəşər tarixini, həm də qədim incəsənətin bir çox sahələrinin – qrafikanın, musiqinin, rəqsin, daş emalı sənətinin öyrənilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan onun araşdırılması, öyrənilməsi və tədqiqi uzun illər davam edəcək. Bu qiymətli abidəni qorumaq, dünya miqyasında tanıtmaq və gələcək nəsillərə ötürmək üçün əlimizdən gələni etməliyik.
“Validey məktəbi” layihəsinin rəhbəri Aysel Rəsulzadənin məqaləsini təqdim etdi.