11 DEKABR - UNİCEF – UŞAQ FONDUNUN TƏSİS OLUNMASI GÜNÜ

Dekabr 11, 2023

BMT-nin Uşaq Fondu uşaq və körpələrin problemlərini ön plana çəkən universal qurumlardan hesab olunur. Təşkilatın əsası 1946-cı il dekabrın 11-də qoyulmuş və ilk dövrlərdə Beynəlxalq Fövqəladə Uşaqlara Yardım Fondu  adlandırılmışdır. BMT Baş Mərkəzi 1953-cü ilin aprelində Fondun fəaliyyətini müddətsiz elan etdi və adını müasir formaya saldı. 1959-cu ildə “Uşaq hüquqları” bəyannaməsi qəbul edildi.

1965-ci ildə Uşaq Fondunun son dərəcə məhsuldar fəaliyyəti və yubileyi onun dünya Nobel mükafatına layiq görülməsi ilə nəticələndi. 1976-cı il dekabrın 21-də isə BMT 1979-cu ili Uşaq ili, habelə UNİCEF-i BMT sisteminin uşaq və körpələrlə bağlı başlıca orqanı elan etdi.

BMT Baş Məclisi 1989-cu ilin dekabrında “Ümumdünya Uşaq hüquqları haqqında” Konvensiyanı qəbul və təsdiq etdi. Bu məqsədlə 1990-cı ildə Ümumdünyagörüşü çağırıldı.

Bu gün Fonda rəhbərliyi İcraiyyə Şurası həyata keçirir. Şura 36 üzvdən ibarətdir. UNİCEF-in 113 ölkədə və 242 məntəqədə 6200 əməkdaşı çalışır. Bunların 84%-i bilavasitə yerlərdə fəaliyyət göstərir. Uşaq Fondunun mənzil qərargahları Nyu-York, Kopenhagen və Florensiyada, regional şöbəsi isə Cenevrədə fəaliyyət göstərir.

 

UNİCEF-in missiyası – Bütün uşaqların hüquqlarının qorunması üçündür.

 

UNİCEF, Azərbaycan da daxil olmaqla dünyanın 190 ölkəsində uşaq hüquqlarını dəstəkləyən və qoruyan qlobal liderdir. “Bütün uşaqlar  daha yaxşı dünya naminə yaşamaq, inkişaf etmək və öz potensiallarını reallaşdırmaq hüququna malikdirlər” fikri UNİCEF-in əsas konsepsiyasını təşkil edir.

UNICEF 25 ildən artıqdır ki, Azərbaycan höküməti və əhalisi ilə birgə hər bir uşağı həyata ən yaxşı şəkildə başlama imkanı ilə təmin etmək üçün çalışır:” Fəaliyyətlərimiz ölkənin ən çətin vaxtlarında, Dağlıq Qarabağ münaqişəsinin qaçqın və məcburi köçkünlərinə kömək etməklə və 1991-ci ildə Sovet dövründən müstəqilliyə keçidin yaratdığı iqtisadi çətinliklərin təsirini aradan qaldırmaqla başlamışdır”. UNICEF hazırda Azərbaycanın son iki onillikdə iqtisadi və sosial baxımdan yaratmış olduğu ciddi tərəqqini daha da inkişaf etdirməyə çalışır. Yoxsulluq həddi əhəmiyyətli dərəcədə azalmış, uşaqlar arasında ölüm səviyyəsi aşağı düşmüşdür. İbtidai təhsil alma isə demək olar ki, hamını əhatə edir.

Ölkənin iqtisadi baxışına uyğunlaşmaq üçün ölkənin ən gənc insan kapitalına – uşaq və gənclərinə investisiya qoymaq ən böyük və ən uzunmüddətli dividentlərin bir qismini təmin edəcək addımdır.

Dəstəklədiyimiz proqramlara Erkən Uşaqlıq Dövründə Kompleks İnkişaf, Keyfiyyətli və İnklüziv Təhsil, Sosial Xidmətlər və Uşaqların Müdafiəsi, Yeniyetmə və Gənclərin İnkişafı və İştirakçılığı, həmçinin Uşaq Hüquqlarının Monitorinqi daxildir. Bu proqramların hər biri UNICEF-in dayanıqlı gələcəyə dair qlobal baxışının aşağıdakı beş məqsədinə töhfə vermək üçün hazırlanmışdır:

  • Hər bir uşağın həyatda qalması və uğur qazanması;
  • Hər bir uşağın təhsil alması;
  • Hər bir uşağın zorakılıq və istismardan müdafiə olunması;
  • Hər bir uşağın təhlükəsiz və təmiz bir mühitdə yaşaması;
  • Bütün uşaqların həyatda bərabər imkana malik olması.

Green Start Academy ailəsi olaraq biz də 5 illik fəaliyyətimiz dövründə hər zaman uşaqların inkişafı, onların parlaq gələcəyi uğrunda əlimizdən gələn dəstəyi etmiş və etməkdə

davam edirik. Bu bizim üzərimizə düşən ən şərəfli və ən önəmli missiyadır. Bir Mərkəz olaraq gül balalarımıza xidmət etməkdən sözün əsl mənasında zövq alırıq.

 

Uşaqlar bizim gələcəyə nur saçan günəşimizdir. Onları sevək və qoruyaq!

10 DEKABR – BEYNƏLXALQ İNSAN HÜQUQLARININ MÜDAFƏSİ GÜNÜ12 DEKABR – ÜMUMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜ