24 DEKABR - AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEVİN DOĞUM GÜNÜDÜR

Dekabr 23, 2023

24 Dekabr Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin doğum günüdür.
İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olub. 1967-1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə oxuyub. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olub. MDBƏİ-nu bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi alıb. 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda müəllim işləyib. 1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti, sonra isə Birinci vitse-prezidenti olub.
İlham Əliyev suveren Azərbaycanın neft siyasətinin geosiyasi aspektlərinə dair bir sıra tədqiqat işlərinin müəllifi, siyasi elmlər doktorudur. İki dəfə – 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. İdmanın və Olimpiya hərəkatının inkişafında böyük xidmətlərinə görə Beynəlxalq Olimpiya Komitəsinin ali ordeni ilə təltif edilib. 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. Həmin tarixdən indiyədək YAP-ın sədridir.
2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub.
2003-cü ilin yanvar ayında Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib. 2003-cü il avqustun 4-də Milli Məclis tərəfindən təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin edilib, Baş nazir vəzifəsinə təyin edilməsi ilə əlaqədar olaraq deputat səlahiyyətlərinə xitam verilib.
2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2004-cü ilin aprelində AŞPA-nın fəaliyyətində fəal iştirakına və Avropa ideallarına sədaqətinə görə AŞPA-nın fəxri üzvü diplomu və AŞPA medalı ilə təltif edilib.
2008-ci il oktyabrın 15-də keçirilən seçkilərdə İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib.
2013-cü il oktyabrın 9-da keçirilən seçkilərdə İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib. 2018-ci il aprelin 11-də keçirilən seçkilərdə də İlham Əliyev seçicilərin 86,02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib.
Cənab prezident İlham Əliyev bir çox dövlətlərin, o cümlədən də ölkəmizdə fəxri orden, mükafat və fəxri adlarla zaman-zaman təltif olunmuşdur.
2020-ci il Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi məqsədyönlü və strateji hədəflərə yönələn siyasətinin ən parlaq zirvəsi oldu. 30 ilə yaxın müddət ərzində işğal altında qalan torpaqlarımız düşməndən azad edildi. Ərazi bütövlüyümüz təmin olundu. Xalqımızın 30 illik Vətən həsrətinə son qoyuldu. Prezident İlham Əliyev və Müzəffər Azərbaycan Ordusu bu böyük qələbəsi ilə Azərbaycan xalqının qəhrəmanlıq səlnaməsini yaratdı. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı və 44 günlük Vətən Müharibəsinin əsl qəhrəmanına çevrildi. Vətən müharibəsi xalq-prezident birliyini, həmrəyliyini bir daha təsdiqlədi. Harada yaşamasından asılı olmayaraq, bütün azərbaycanlılar dövlətimizin başçısı, müzəffər ali baş komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşdi. O cümlədən, 50-dən artıq siyasi partiya prezident İlham Əliyevlə bir – həmrəy olduğunu bəyan etdi. Bu, ölkəmizdə vətəndaş həmrəyliyinin, ümummilli məsələlərdə müxalifət-iqtidar münasibətlərinin bir kənara qoyulması ilə yanaşı, prezident İlham Əliyevin milli maraqların qorunmasına xidmət edən prinsipial mövqeyinin, tutduğu düzgün yolun dəstəklənməsi idi. Dövlətimizin başçısı vətən müharibəsinin gedişində nəyi nə zaman etmək lazım olduğunu bir daha işğalçı Ermənistana və ona havadarlıq edən dövlətlərə nümayiş etdirdi. Mövqeyindən bir addım belə geri çəkilməyəcəyini bəyan edən prezident İlham Əliyev Azərbaycana qarşı 7 şərt irəli sürən Ermənistanın baş naziri Nikol Paşinyanın qarşısında yalnız bir şərt qoydu – “Torpaqlarımızdan rədd olub getmək.”
Prezident İlham Əliyev Vətən Müharibəsi dövründə, xüsusilə sentyabrın 27-də xalqa müraciətində erməni hərbi birləşmələrini torpaqlarımızdan iti qovan kimi qovacağımızı bildirdi və qətiyyətli mövqeyi ilə bu vədini gerçəkləşdirdi. Həmin çıxışda Azərbaycanın üçrəngli bayrağının işğal altında olan torpaqlarımızda dalğalanacağına əminlik ifadə edildi və qüdrətli ordumuzun şücaəti nəticəsində şanlı bayrağımız Qarabağ torpaqlarında ucaldıldı.
Bu qələbələrimiz Ermənistanı diz çökdürdü, kapitulyasiya aktını imzalamağa məcbur etdi. Noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatı imzalamaqla Azərbaycanın hərbi-siyasi Qələbəsini dünyaya təqdim etdilər.
Heç şübhəsiz ki, Azərbaycanın əldə etdiyi uğurlar, tarixi qələbəmiz prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir.
Green Start Academy mərkəzinin bütün kollektivi adından Cənab Prezidentimizi ad günü münasibətilə səmimi qəlbdən təbrik edir, can sağlığı, uzun və xoşbəxt ömür, fəaliyyətində isə uğurlar arzulayırıq.
Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan!

16 DEKABR – QUSARA AKADEMİK GƏZİNTİSEHİRLİ QIŞ – GSA ƏMƏKDAŞININ HƏMRƏYLİK GÜNÜ VƏ YENİ İL TƏƏSSÜRATLARI