Əziz Şaxta baba! Sənə deyiləcək o qədər sözüm var ki… Çünki sənə sonuncu dəfə balaca vaxtı məktub yazmışam. Artıq onun üstündən çox illər keçib.
Mən də böyümüşəm… özüm kimi, elə istəklərim də böyüyüb..
Artıq mən bir anayam, həm də təşkilat rəhbəriyəm – Green Start Academy
Danışanda hər zaman deyirəm, “Green mənim üçüncü övladımdır”. Bəli, mən hər zaman Green.ə işdən daha çox, övlad kimi yanaşmışam. Övladlarıma verdiyim sevgi və qayğını Green.dən də əsirgəməmişəm. Necə övladlarıma gecə-gündüz ürəyimin yağını yedizdirib, böyütmüşəm, Green Start Academy-n də bu 5 ildə eləcə…
Bu günə qədər Green.ə mənim kimi ürəyini verənlər də az olmadı.. Kim onu tanıdısa, sevdi, qucaq açdı, ondan bəhrələnmək istədi. Green də ətrafındakıların tövsiyələrindən bəhrələnərək böyüdü. Çevrəsindəki hər kəsdən ancaq yaxşı xüsusiyyətləri götürdü Green. Məqsədi, amalı yaxşılıq etmək, fayda vermək oldu. Və nəhayət, ətrafında sevgi dolu qəlblər topladı. Çevrəsində kim olmadı ki?! Müəllim, həkim, iqtisadçı, musiqiçi, psixoloq, pedaqoq və digər peşə sahibləri.. ən əsası da çiçək kimi uşaqlar. Onların sayəsində Green böyüdü və inkişaf elədi.
Green Start Academy-nin çətin günləri də az olmadı. Amma onu ayaqda saxlayanlar oldu. Necə ki bir insan xəstələnəndə ona yardım göstərilir; beynini, bədənini və ruhunu sağaltmaq üçün… Green-in beynini gecə-gündüz öz beyninin məhsulunu ötürərək qoruyan həmtəsisçi və İdarə heyətinin sədri Seymur bəy Ağayev oldu. Bədənini hər kəsə yazdığı müalicələrlə məlhəm olan həkim-pediatr, “Erkən tibbi biliklərin aşılanması” layihəsinin rəhbəri Aygün xanım Cəfərli oldu. GSA-nın ruhunu isə hər şeyə rəğmən daim ayaqda qalmağı özünə məqsəd bilən Marketinq şöbəsinin rəhbəri Naibə xanım Xankişiyeva qorudu. Əlbəttə ki, bütün bunlarla yanaşı, GSA-da olan bir çox layihə rəhbərləri, Green-in Vətən və insan sevgisini aləmə bəyan edən Zülfiyyə Vəliyeva, onun ruhunu qidalandıran bəstəkar Lalə Şirin, GSA-nın hər anını gözəl formada foto və videolara köçürən Emin Ələkbərli və digər könüllülərin dəstəyini və duasını da unutmaq olmaz.
Bir gün gördük ki, artıq bu qədər sevgi dolu ürəyi kiçik bir məkana sığdıra bilmirik. Bu anda da GSA köməksiz qalmadı. Bir loğman möcüzəsi ilə sözün əsl mənasında özünü yetirdi. Bu loğman həkim-ginekoloq Günel xanım İsmayılova oldu. Bu gözəl xanım öz şəfalı əlləri bu nurlu məkanı üzümüzə açaraq yüzlərlə sevgi dolu ürəyi özündə birləşdirən Green Start Academiyaya sözün əsl mənasında ev oldu.
Artıq biz bu yolda birgə addımlayırıq. Adını çəkdiklərimlə bərabər, Güləsər, Şəbnəm, Nigar, Nuranə, Lalə, Kərim, Lətif, Mahmud, Asim, Xırdaxanım, Nigar, Rübabə, Hülya, Qərənfil, İnci, Nübar, Günay, Dilbər, Zeynəb, Ella, Nihat, Cəfər, Böyükağa, Aydan kimi möhtəşəm simalarla əllərimizi və qəlblərimizi sıx birləşdirərək sağlam bir ailə mərkəzi – Akademiya olaraq yüzlərlə uşağa, ana-ataya, nənə-babaya sağlam bu gün və gələcək bəxş etmək üçün mütəxəssis və könüllü komandamızla var-gücümüzlə çalışmaqdayıq.
Şaxta baba! Bu günlər bizim üçün həm də Həmrəylik günü ərəfəsidir. Mənim bunları sənə deməyimin də əsas məqsədi elə budur: bütün bu yazdıqlarım həmrəylik nümunəsi deyil, bəs nədir? Bu qədər ürəyi həmrəy edən Green Start Academy ailəsi Həmrəylik gününün ən layiqli təmsilçisi deyilmi?!
İndi isə qayıdıram lap başa… dediyim kimi, özümüz kimi, istəklərimiz də böyüyüb axı. Səndən isə bir, amma böyük bir istəyim var: Bu möhtəşəm Green Start Academy-nin timsalında Vətənimiz – canımız Azərbaycana hər il qucaq dolu sağlıq, sevinc, xoşbəxtlik və ruzi-bərəkət gətir. GSA ailəsi adından söz verirəm ki, gətirdiklərini daim paylaşacaq və daha da böyüyəcəyik.
Sənə öncədən lap çox təşəkkür edir və hər il yolunu səbirsizliklə gözləyirik.
Hörmət və sevgi ilə,
Aysel Rəsulzadə