Dekabrın 29-da Green Start Academy-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan layihənin – Qlobal Elm və Təhsil Tədqiqatları Forumunun təqdimatı keçirildi. Təqdimatda Təhsilin İnkişafına Dəstək Fondu, Dövlət Uşaq Fondu və digər təşkilatların rəhbər və nümayəndələri, alimlər, müəllimlər, təhsil ekspertləri iştirak edirdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirildirilməsi ilə başlandı. Sonra ümumilli lider Heydər Əliyevin, həmçinin dünyasını dəyişmiş dahi şəxsiyyətlərimizin və Vətən üçün canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Green Start Academy-nin, sözləri Lalə Vahidqızına, musiqisi Lalə Şirinə məxsus olan himni səsləndirildi.
Akademiyanın rəhbəri Aysel Rəsulzadə təqdimat iştirakçılarını salamladı və 5 il ərzində gördükləri işlərlə bağlı ümumi məlumat verdi. Daha sonra “Heydər Əliyev ili” çərçivəsində ölkədə həyata keçirilən genişmiqyaslı işlərə nəzər salındı. Layihə rəhbəri, təhsil tədqiqatçısı Böyükağa Mikayıllı layihənin məqsədləri barədə danışaraq qeyd etdi ki, müasir dövrdə dünyanın mütərəqqi təhsil sistemlərinin, universitetlərin, qlobal təhsil layihələrinin, ümumilikdə elm və təhsillə bağlı tədqiqatların nəticələrinin öyrənilməsi mühüm aktuallıq kəsb edir.
Araşdırmalar belə bir qənaətə gəlməyə əsas verir ki, təhsil sistemlərinin inkişafının təməlində dövlətlərin öz ənənələri ilə yanaşı, ayrı-ayrı ölkələrin təhsil sistemlərindən öyrənilən, müvafiq qaydada tətbiq edilən elm və təhsil təcrübəsi də dayanır.
Dünyada təhsil və pedaqogika sahəsində mühüm araşdırmalar aparılır ki, bu araşdırmalar istər təhsilin, istərsə də pedaqoji elm sahəsinin inkişafını şərtləndirən əsas amillərdir.
B.Mikayıllı vurğuladı ki, bütün bu göstərilənləri əsas tutaraq Green Start Academy-nin nəzdində Qlobal Elm və Təhsil Tədqiqatları Forumu yaratmağı qərara aldıq. “Məqsədimiz öyrəndiyimiz və bundan sonra da öyrənməyi planlaşdırdığımız qabaqcıl təhsil və pedaqoji təcrübənin, təhsil və pedaqogika sahəsində tədqiqatların təhsil ictimaiyyəti – müəllimlər, tədqiqatçılar, məktəb rəhbərləri, valideynlər və tələbələr arasında yayılmasına, eyni zamanda bu istiqamətdə araşdırmaların genişlənməsinə nail olmaqdır”, deyə layihə rəhbəri qeyd etdi.
Təqdimat mərasimində Forumun İdarə Heyəti yaradıldı. Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə İdarə Heyətinin üzvləri haqqında məlumat verdi və heyətdə təmsil olunanların öhdəliklərini diqqətə çatdırdı. Təqdimat iştirakçıları Forumun yaradılması ideyasını müsbət qarşıladılar və lazımı dəstək verəcəklərini dilə gətirdilər.
Sonda S.C.Pişəvəri adına gimnaziyanın 7-ci sinif şagirdi Zeynalabdin Novruzovun dünyada aparılan elmi tədqiqatlar haqqında fikirləri təqdimat iştirakçılarının marağına səbəb oldu.