NOVRUZ BAYRAMI

Mart 21, 2024

Xalqımızın ən qədim və ən sevilən bayramlarından biri Novruzdur. Novruz sözünün anlamı yeni ifadəsini verir. Fars dilindən tərcümədə “nov” “yeni” deməkdir. Novruz bayramı bahar fəslinin gəlməsi ilə əlaqədar olaraq keçirilir. Çünki baharın gəlişi ilə təbiət canlanır, ağaclar tumurcuqlanır, torpaq oyanır, quşlar isti ölkələrdən uçub gəlirlər, qış yuxusuna getmiş heyvanlar oyanır, hər tərəf al-əlvan rəngə boyanmış bahar çiçəkləri ilə bəzənir. Novruzun ilk çiçəkləri olan nərgiz, lalə, bənövşə ətrafa xoş ətir saçır, günəş öz şəfəqlərini saçaraq torpağı isidir. Baharın gəlişi insanların ruhunu oxşayır, sanki, hər kəsin qəlbinə bahar təravətli sevinc dolur.
Novruz bayramı martın 20-dən başlayaraq bir həftə qeyd edilir. Mart ayının 20-dən 21-nə keçən gecə gecə-gündüz bərabərləşməsi baş verir, bahar fəsli yurdumuza daxil olur. Novruzu Azərbaycanda qeyd etməklə yanaşı, digər müsəlman xalqları İran, Əfqanıstan, Özbəkistan, Türkmənistan, Tacikstan, Qırğızıstanda da qeyd edirlər. Bu bayramı bir çox şərq ölkələrində təntənəli şəkildə – şənliklərlə, baharın – yeni ilin gəlişini qarşılayırlar. Novruz bayramını qeyd etmək təzə ili, baharın ilk gününü qarşılamaq deməkdir. Təqvimdə baharın ilk günü isə günəşin bir illik fırlanması ilə əsaslanır. Alimlərin fikrincə, bu bayramın tarixi çox qədimdir. Elmi araşdırmalar Novruz bayramının tarixini ən qədim zamanla — Zərdüşt peyğəmbərimizin yaşadığı dövrlə bağlayır, onun yaşını ən azı 3700, ən çoxu 5000 ilə bərabər edirlər. İslam xadimləri bu bayrama həmişə dini rəng verməyə çalışırlar. Ancaq Novruzun islamdan da əvvəl yaranmasını görkəmli maarifçilərdən Firdovsi, Rudaki, Avisenna, Nizami, Sədi, Hafiz və başqaları da təsdiq edirlər. Novruz bayramının yaranması tarixinə həsr olunmuş yazılardan Nizaminin “Siyasətnamə”sini, Ömər Xəyyamın “Novruznamə”sini və başqalarını qeyd etmək olar.
Sovet dövründə Novruz qeyri-rəsmi qeyd olunurdu, çünki hökumət orqanları buna icazə vermirdilər və insanları təqib edirdilər. Ancaq bütün bunlara baxmayaraq, əsrlərdən qalmış ənənələrə sadiq olaraq, hər bir azərbaycanlı ailəsi bu bayramı qeyd edirdi. Təbiətin, həyatın oyanması Novruzdan başlanır. Azərbaycan xalqı bunu çox təntənəli və həm də yeni ilin, yeni günün – Novruzun gəlişinə ən azı dörd həftə əvvəldən qeyd etməyə başlayır. Belə ki, hər həftənin ikinci günləri – çərşənbə axşamları Su çərşənbəsi, Od çərşənbəsi, Yel çərşənbəsi və Torpaq çərşənbəsi qeyd olunur. Baharın gəlişindən xəbər verən quşlar tək Novruzun gəlişindən də xəbəri çərşənbələrin başlaması ilə duyuruq. Xalq mövhumatına əsasən Novruzun ilk çərşənbəsi olan Su çərşənbəsi günü su və su mənbələri təzələnir, hərəkətə gəlir, su hövzələrində abadlıq işləri görülür, su ilə bağlı müxtəlif şənliklər keçirirlər. Su çərşənbəsi suya tapınma inamı ilə bağlıdır. Hələ gün doğmamışdan hamı çay və ya göl kənarına gedir, əl-üzünü yuyur, bir-birinin üzərinə su çiləyir, su üstündən atlanır, yaralıların yarasına su çiləyirlər. Xalqın inamına görə Su çərşənbəsi günü “təzə su”dan keçənlər, azarını, bezarını ona verənlər il boyu xəstəlikdən uzaq olarlar. Bu çərşənbəni Yalançı çərşənbə, Əzəl çərşənbə, Sular Novruzu da adlandırırlar. Novruzun ikinci çərşənbəsi – Od çərşənbəsidir. Xalq arasında Xəbərçi çərşənbə, Üskü çərşənbə adlanır. Bahara doğru günəş yavaş-yavaş torpağı qızdırır, isindirir, onu yaratmaq üçün hazırlayır. Qədimdə Od çərşənbəsində tonqallar qalayardılar, hər ailə üzvünün adına bir şam yandırardılar, xonçalar düzəldilərdi. Od qədim Azərbaycan xalqının təfəkkürüncə, işıqlı sabah, xeyir-bərəkət rəmzi olub. Bu çərşənbədə tonqallar daha möhtəşəm yandırılar, alovu ruhi arınma mərhələsinin sonu sanarmışlar. Qədim dövrlərdə Od çərşənbəsində tonqalı hündür yerdə – dağ, təpə başında qalayar, bütün el həmin tonqalın başına yığışarmışlar. Odunlar yenicə alışmaya başlayanda qız-gəlin odun şərəfinə nəğmələr söylərmişlər.
Keçmiş zamanlarda Od çərşənbəsində başqa bir yaxşı adət də olub: qonum-qonşular yasda olan ailənin həyətində tonqal çatar, bununla da o ailəni yasdan çıxararmışlar. Ulu babalarımız Od çərşənbəsində sübh tezdən Günəşə qurban apararmışlar. Onların inanclarına görə, Günəşi nə qədər əzizləsəydilər, qarşıdakı il bir o qədər xoş keçər, təbiət bir o qədər dirilərmiş.
Üçüncü çərşənbə Yel çərşənbəsidir. Xalq arasında bu çərşənbəni Küləkli çərşənbə, Külək oyadan çərşənbə, Yelli çərşənbə, Badi (külək) çərşənbə, Nəfəs çərşənbə, Muğanın bir sıra kəndlərində isə Heydər çərşənbə adlandırılır. Etiqadlara görə, bu çərşənbədə oyanan yel və külək dünyanı dolaşır, oyanmış suyu, odu hərəkətə gətirir, hər şeyə yeni nəfəs verir. Ona görə bu çərşənbəyə xalq arasında yelli-küləkli çərşənbə deyirlər. Yel çərşənbəsində əsən isti, soyuq küləklər yazın ilıq nəfəsini, hənirtisini, təravətini gətirir. Gün ərzində bir neçə dəfə dəyişən küləyin, yelin də özünün təzələnməsi kimi qəbul edilir. Yel çərşənbəsi günü şər qarışanda hər həyətdə, hər məhəllədə tonqallar qalanır, tonqal başına toplaşanlar növbə ilə 3 dəfə onun üstündən atlanırlar. Bu, azar-bezardan, bədbəxtlik və fəlakətlərdən xilas olmaq, günahlardan qurtulmaq niyyəti ilə edilir. Evlərdə plov dəmlənir, süfrəyə daha çox quru meyvə və dənli bitkilərdən hazırlanan çərəzlər düzülür. Həmin gün bir qarış böyümüş səməninin kənarına qırmızı lent bağlanır. Yel çərşənbəsində həm də son çərşənbəyə və Novruza hazırlıq görülür, ev-eşik, həyət-baca təmizlənir, şirniyyatlar bişirilir.
Nəhayət, Novruzun dördüncü çərşənbəsi – Torpaq çərşənbəsidir. Bu çərşənbə xalq arasında İlaxır çərşənbə kimi də adlanır. Qədim dövrdə inanclara görə bu çərşənbənin gəlişi ilə torpağı ana təbiət su ilə islatdı, günəşlə isitdi, onu yaratmağa hazırladı. Bu gün təbiət oyanır və bu baharın gəlməsindən xəbər verir. Keçmiş zamanlarda dədə-babalarımız ilk yaz əkinini xışla-kotanla məhz torpaq çərşənbəsi günündə başlayardılar. Yaşlı qadınlar “Səməni, saxla məni, ildə göyərdərəm səni” deyib buğda isladardılar. Sonuncu çərşənbə digər çərşənbələrdən fərqli olaraq daha təntənəli keçirilir. Axırıncı çərşənbə özünəməxsus ayin və mərasimləri ilə digər çərşənbələri geridə qoyur. Soyuqdan, şaxtadan olmazın əzab-əziyyətini görmüş, məşəqqətini çəkmiş insan qışı yola saldığına sevinir, şadlığını bayram səviyyəsinə qaldırır. Bir çox regionlarda İlaxır çərşənbənin təntənəsi Novruzu belə üstələyir. Bu çərşənbə mərasimləri sübh tezdən bulağa, çaya getməklə başlayır. İnsanlar bulaq başına, çay kənarına gələr, oradan su götürər, suyun üstündən atlanar, dərdini, arzusunu suya danışar və sudan dilək diləyərlər. Axır çərşənbənin gecə mərasimləri də dəbdəbəli keçirilir. Tonqallar çatılır, od üstündən tullanılır, uşaqlar qohum-qonşuya üz tutur, evlərə torba atılır, qız-gəlinlər qulaq falına çıxırlar. Axır çərşənbədə evlərdə şam yandırılır, xonça düzəldilir. El-obada camaatın gur yığışdığı və yaşadığı yerlərdə yumurta döyüşdürülür, digər xalq oyunları keçirilir. İnsanlar məişətdə və təsərrüfatlarda köklü yeniliklər edirlər. Qız-gəlinlər ev-eşikdə təmizlik işlərinə başlayarlar. Ev-eşik silinib-təmizlənər, yorğan-döşək gün altına atılar, ev-eşikdə nə varsa suya çəkilər, qapı-baca açıq qoyular, evin havası dəyişilər. Kişilər də həyət-bacada əsaslı işə başlayarlar. Bağ-bağata əl gəzdirilər, həyət-baca səliqə-sahmana salınar. Bağ-bağatda ağacların qol-budağı budanar, artıq nə varsa yandırılar, ağacların dibi bellənər. Axır çərşənbədə torpağa xüsusi bir sevgi ilə qayğı göstərilər. Bağ-bağatda, əkin-biçin yerlərində torpaq daşlardan təmizlənər, əkin üçün yararlı yerlər seçilib hazırlanar.
Bu qədim bayram özündə çox maraqlı və zəngin adət-ənənələri cəmləşdirir. Novruz bayramında xüsusi şirniyyatlar bişirilir. Axır çərşənbə və bayram xonçaları bu şirniyyatlarla bəzədilir. Bayramda bişirilməsi mütləq olan şirniyyatlar bunlardır; qoğal, şəkərbura, paxlava, badambura. Qoğal günəşi, şəkərbura ayı, paxlava ulduzları tərənnüm edir. Kosa, Keçəl və Bahar qız Novruzun atributlarıdır. Keçəl qışı, Kosa yazı, Bahar qız isə təbiətin canlanmasını baharın gəlişini ifadə edir. Tonqaldan tullanmaqla insanlar mənfi enerjilərini odda yandırmış olurlar. Tonqaldan tullanarkən bu ifadəni deyirlər: “Ağırlığım-uğurluğum bu odda yansın”. Novruz bayramının gəlişinə böyüklərlə yanaşı, uşaqlar da sevinir. Onlar qapılara papaq atır, topladıqları şirniyyatları birlikdə paylaşırlar. Bu bayramda nənələrimiz yumurta boyayırlar. Al-əlvan yumurtalar hər kəsin xoşladığı, bayram xonçalarını bəzəyən atributlardandır. Novruzda uşaqlar məhəllələrə toplaşar, yumurta döyüşdürərlər. Kimin yumurtası sınsa, həmin adam digərinin tələbini yerinə yetirməlidir. Üzük falı da qədim Novruz adətlərindəndir. Bunu subay qızlarımız edirlər. Qızlar üzüyü saç telinə bərkidib su ilə dolu stəkanın üstündə saxlayarlar. Üzük stəkana neçə dəfə dəysə, bu həmin qızın o yaşda ərə gedəcəyinə işarədir. Xanımlarımız səməni cücərtməklə baharı qarşılayar, bu ilin bolluq-bərəkətlik içində keçməsini diləyərlər. Gənc oğlanlar xüsusi döyüş xoruzları yetişdirər, bayram günlərində meydanlarda yarışdırarlar. Xonça qurub, ətrafında şam yandırmaq, xonçaları bayram şirniyyatları ilə bəzəmək, qonaq getmək, yaşlılara baş çəkmək, dünyadan köçən əzizlərimizin məzarlarını ziyarət etmək, küslülərin barışması kimi adətlər Novruzun ən gözəl və vazkeçilməz bir bayram olmasının nişanəsidir. Bu bayramın adətlərini saymaqla bitirmək olmaz. Bayram axşamı evlərdə plov bişirilir, xonçalar və süfrələr bəzədilir, təzə paltar geyinilir.
Novruz bayramı münasibətilə xalqımızı ürəkdən təbrik edirik. Bu Novruz hər bir evə bol ruzi-bərəkət, xoşbəxtlik və səadət dolu günlər gətirsin. Dünyamızda daim sülh-əminamanlıq olsun. Bahar təravətli, çiçək ətirli Novruzumuz mübarək!

20 MART – ZAHİD XƏLİLİN DOĞUM GÜNÜ27 MART – AZƏRBAYCANDA ELM GÜNÜDÜR