Azərbaycan karikatura sənətinin banisi, Xalq rəssamı Əzim Əzimzadə Azərbaycan rəssamlıq sənətində öz sözünü demiş, özünəməxsus dəsti xətti ilə şöhrət qazanmış şəxsiyyətlərdən biridir. Əzim Aslan oğlu Əzimzadə 1880-ci il 7 may tarixində Bakının Novxanı kəndində anadan olmuşdur. Əzim Əzimzadə atasının etirazına baxmayaraq təhsilini rus-tatar məktəbində almışdır. Yaradıcılığı dövründə daima, əsrlərdən bəri formalaşan Təbriz Azərbaycan miniatür məktəbinin və rus rəssamlıq məktəbinin ənənələrindən bəhrələnən Ə.Əzimzadə rəssamlıq fəaliyyətinə öz əsərlərini “Molla Nəsrəddin” jurnalında dərc etməklə başlamışdır. Dahi rəssam 1906-cı ildən “Molla Nəsrəddin”, “Baraban”, “Zənbur”, “Tuti”, “Kəlniyyət” və s. jurnalların səhifələrində satirik qrafik karikaturalarını nəşr etdirməklə Azərbaycan satirik qrafikasının əsasını qoymuşdur.
Əzim Əzimzadə öz əsərlərində dövrünün bir sıra problemlərini, sosial-ictimai həyatın ağır təzadlarını, adət-ənənələrimizi, xalqın məişət qayğılarını ifadə edərək qabarıq şəkildə təsvir etmişdir. Təsvir etdiyi “İt boğuşdurma”, “Kişi arvadını döyür”, “Varlı evində toy”, “Su üstündə dava”, “Köhnə bakılılar” kimi əsərlərində görkəmli rəssam müxtəlif sosial təbəqələrə mənsub olan insanların iç üzünü açaraq, onların yaşam tərzini, qadın hüquqlarını tapdalamasını, cahilliyi və bir çox məişət problemlərini canlandırmışdır. Əsərlərində bu təzadlara geniş yer verərək bir daha onları tənqid atəşinə tutmuşdur. Əzim Əzimzadə bu əsərləri ilə xalqı qəflət yuxusundan oyatmış və onların maariflənməsində, inkişaf etməsində yardımçı olmuşdur. Mövcud olan ədalətsizliklərə qarşı əsərlərində bu prizmadan yanaşaraq, rəssam həmin hadisələri profesional şəkildə izləyicilərinə çatdırmağı bacarmışdır. O, “Neft qurbanı” əsərində Bakının XX əsrə aid neft mədənləri üçün xarakterik olan hadisələri, eləcə də, o zamanın ağır, çətin, qorxulu işi quyu qazmaq, neft çıxarmaq, neft təmizləmək kimi yüksək zəhmət tələb edən işləri böyük məharətlə təsvir etmişdir. İstedadlı rəssamın “Novruz bayramı” əsərində də, eyniylə yüksək ustalıq nümayiş etdirilərək, xalqımızın milli adət-ənənələri – hamınıın bu qədim bayram münasibətilə bir-birini təbrik etməsi, bütün şəhərdə təntənəli bir şadyanalıq əhavalı təsvir edilmişdi.
Görkəmli rəssamın əsərlərində əsasən cəmiyyətin müxtəlif təbəqələrinin mənfi ünsürləri — xəsis tacirlər, fırıldaqçı din xadimləri onun satirik qələminin hədəfində olurdular.
Əzim Əzimzadə Azərbaycan incəsənətinə böyük töhfələr vermiş rəssamlardandır. Azərbaycan rəssamlıq sənətində yeni bir cığır açaraq bu gün də adı hər kəs tərəfindən hörmətlə qarşılanan Ə.Əzimzadə dahi şəxsiyyətlərdəndir. Əsərləri dünyanın bir sıra muzeylərində nümayiş etdirilən rəssamın ilk fərdi sərgisi 1940-cı ildə təşkil olunub. Bakıda keçirilən birinci sərgidə tamaşaçılar rəssamın 1200-dən çox əsərinə tamaşa edib. 1920-1943-cü illərdə Ə.Əzimzadə Azərbaycan Rəssamlıq Texnikumunda müəllim, 1932-1937-ci illərdə isə direktor olub. Yeni rəssamlar nəsli onun ənənələrindən bu gün də bəhrələnirlər.
Əzim Əzimzadə 1943-cü il mayın 15-də Bakıda vəfat edib. Azərbaycan Dövlət Rəssamlıq Məktəbi və Bakı küçələrindən biri onun adını daşıyır. Rəssamın yaşadığı evində Ev muzeyi açılıb.