Hərbi münaqişələr zamanı yaralılara, xəstələrə və əsirlərə, təbii fəlakət qurbanlarına dəstəkçi olan, humanistlik, qərəzsizlik, könüllülük və universallıq prinsiplərinə köklənən Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günü 1953-cü ildən bəri qeyd olunmağa başlanılıb. Bu əlamətdar gün 1828-ci il mayın 8-də anadan olmuş isveçrəli ictimai xadim, Nobel Sülh mükafatı laureatı Anri Dünanın şərəfinə təsis edilib. Anri Dünan XIX əsrin ortalarında – 1859-cu ildə İtaliyanın Solferino əyalətində Avstriya və Fransa orduları arasında baş vermiş döyüşün şahidi olub və müharibənin dəhşətlərini öz gözləri ilə gördükdə, yerli əhalini yardım üçün səfərbər edib. Elə həmin vaxtdan, Dünanın təşəbbüsü ilə ilk dəfə döyüş meydanlarında yaralılara yardım göstərmək məqsədilə könüllülər qrupu yaradılmağa başlanılıb. 1863-cü ildə onun təşəbbüsü ilə Qırmızı Xaçın fəaliyyətə başlamasını elan etmək üçün İsveçrənin Cenevrə şəhərində konfrans çağırılıb. Beynəlxalq Qırmızı Xaçın rəsmi adı Haaqada keçirilən 13-cü beynəlxalq konfransda təsdiq edilib. Konfransda təşkilatın nizamnaməsi qəbul edilib və həmin nizamnamə 1952 və 1965-ci illərdə dəyişdirilib. İlk dəfə Qırmızı Xaç Günü 1948-ci ildə qeyd edilib. Lakin müəyyən vaxtlarda onun adı dəyişdirilib və 1984-cü ildən Dünya Qırmızı Xaç və Qızıl Aypara Günü adlandırılıb. 1986-cı ilin oktyabrında keçirilən Qırmızı Xaçın 25-ci beynəlxalq konfransında təşkilatın yeni adı – Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı olaraq təsdiq edilib.
Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı – xüsusi xeyriyyə təşkilatı olaraq, 25 üzv komitəsi beynəlxalq humanitar hüquqa uyğun olan beynəlxalq və daxili silahlı münaqişə qurbanlarının həyat və ləyaqətlərinin qorunmasında xüsusi hüquqa sahibdir. Təşkilat üç dəfə (1917, 1944, 1963) “Nobel Sülh Mükafatı”na layiq görülüb. Hərəkat hüquqi cəhətdən biri-birindən müstəqil olan, lakin ümumi əsas prinsiplərlə, məqsədlərlə, simvollarla, nizamnamələrlə və idarəetmə qurumları ilə birləşmiş müxtəlif fərqli təşkilatlardan ibarətdir. Hazırda dünyanın 192 ölkəsində, o cümlədən Azərbaycanda Beynəlxalq Qırmızı Xaçın əməkdaşları və könüllüləri fəaliyyət göstərir. Eyni zamanda, bu beynəlxalq struktur və Azərbaycan Hökuməti arasında əməkdaşlıq yaxşı əsaslar üzərində qurulub.