Həsən bəy Səlim bəy oğlu Məlikov 1837-ci il iyunun 28-də Göyçay qəzasının Zərdab kəndində anadan olmuşdur. İxtisasca təbiətşünas olan, “Zərdabi” təxəllüsü ilə məhşurlaşan Həsən bəy Zərdabi Azərbaycan milli mətbuatının banisi, görkəmli maarifçilərimizdən biri kimi vətənimizin ictimai-siyasi həyatında müstəsna xidmətlər göstərmişdir. İlk təhsilini Zərdab kəndindəki mədrəsədə alan Həsən bəy Zərdabi burada ərəb-fars dillərinə yiyələndikdən sonra 1852-ci ildə Şamaxı şəhərində açılan rus dünyəvi təhsil məktəbində oxumağa başlamışdır. Orta təhsilini davam etdirmək üçün Zərdabi 1858-ci ildə I Tiflis məktəbinin V sinfinə qəbul olmuşdur. 1861-ci ildə həmin məktəbi uğurla bitirən Zərdabi elə eyni ildə dövlət təqaüdü ilə Moskva Universiteti Fizika-Riyaziyyat fakültəsində Təbiət elmləri üzrə təhsil almağa göndərilmişdir.
1865-ci ildə bu universiteti fərqlənmə diplomu ilə bitirən H.Zərdabi ali təhsil ocağında fərqləndiyinə görə elmi iş üçün universitetdə saxlanılması qərarı qəbul edilmişdir, lakin vətəninə olan sonsuz məhəbbəti, xalqına, millətinə xidmət etmək arzusu onu Azərbaycana çəkib gətirmişdir. H.Zərdabi Tiflisdə Torpaq İdarəsində, daha sonra 28 fevral 1868-ci ildə Qubada məhkəmə katibi olaraq işləməyə başlayır. İxtisasca təbiətşünas olan Zərdabi 1869-cu ildə Bakı şəhərində rus dilində orta məktəbdə təbiətşünaslıqdan dərs deməyə başlayır.
Azərbaycan peşəkar teatrının yaradıcılarından olan Zərdabi 1873-cü ildə Nəcəf bəy Vəzirov və Əsgər ağa Adıgözəlov ilə birgə Mirzə Fətəli Axundov “Hacı Qara” və “Lənkəran xanının vəziri” komediyalarını tamaşaya qoyur. Bundan əlavə o, 1901-ci ildə Bakıda azərbaycanlı qızlar üçün ilk məktəbin açılmasında yaxından iştirak etmişdir.
Xalqın savadlanması və inkişafı uğrunda bütün gücüylə çalışan Zərdabinin maarifləndirmə işlərinin artırılması üçün bir amalı var idi. Milli mətbuatın yaradılmasını təmin edərək, bu istiqamətdə ana dilində qəzet nəşr etdirilməsinə nail olmaq istəyən Zərdabi nəhayət, min bir əziyyətdən sonra Bakı valisi Staroselskinninin senzura məsələsini öz öhdəsinə götürməsilə qəzet çıxarmaq üçün icazə ala bilmişdi. 1875-ci ilin 22 iyulunda Bakıda qubernator mətbəəsində Azərbaycan dilində “Əkinçi” qəzetinin nəşrinə müvəffəq olmuşdur. Bu qəzetlə Azərbaycan milli mətbuatının əsası qoyulmuşdur. Əkinçi qəzeti Azərbaycan, həmçinin də bütün Rusiyada nəşr olunan ilk türk dilli qəzet idi. 1875-ci ilin 22 iyulundan 1877-ci ilin 29 sentyabrına qədər çapını davam etdirən “Əkinçi” ayda iki dəfə 300–400 tirajla nəşr olunmuşdur. Bu illər ərzində qəzetin 56 nömrəsi işıq üzü görmüşdür. Bu qəzetdə nəşr olunan Azərbaycanın görkəmli şəxsiyyətlərinin müasir həyatdan yazdıqları şeirləri, məqalələri xalqı cəhalət və qəflət yuxusundan ayıltmağa, müasir ruhda tərbiyə etməyə çağırırdı. Zərdabinin səsinə Azərbaycanın bir çox görkəmli, maarifpərvər insanları səs verirdi. Təbii ki, bu cür demokratik məqalələrindən sonra çarizmin diqtəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraq insanlar yerbəyerdən “Əkinçi”nin üzərinə hucuma keçmişdilər. Bu vəziyyətlə əlaqəli olaraq 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Amma H.Zərdabi xalqın maarifləndirilməsi yolundakı əzmindən dönməyərək, bu qəzetin nəşrinin dayandırılmasından sonra 1880-1890-cı illərdə Həsən bəyin Bakıda və Tiflisdə çıxan “Ziya”, “Kəşkül”, “Kaspi”, “Новое образование” və digər qəzetlərdə Azərbaycan və rus dillərində çoxlu elmi-kütləvi məqalələri nəşr olunmuşdur.
Çox təəssüf ki, görkəmli xadim iflic xəstəliyi keçirərək, 1907-ci il noyabrın 28-də onu sevən xalqından əbədi olaraq ayrılır, köhnə Bibiheybət məscidinin yaxınlığında dəfn olunur. 1957-ci ildə isə onun məzarı Fəxri xiyabana köçürülür.