Valideyn Məktəbinin təsisçisi Aysel Rəsulzadənin IV Uşaq Kitab Festivalı haqqında təəssüratları

Aprel 14, 2025

Kitab festivalı gözlədiyimdən də möhtəşəm və duyğulu keçdi. Hələ Festivaldan öncə hiss etdiyim o həyəcan, hazırlıqlar zamanı içimdə dolub-daşan gözləntilər sanki içimdəki bir uşağın sevinci ilə birləşmişdi. Lakin o gün gördüklərim bütün təsəvvürlərimi aşdı.
İnsan izdihamı ilə dolu bir məkan… Əl-ələ tutmuş valideyn-uşaqlar, kitab seçməkdə qərarsız qalan uşaqlar, müəlliflərlə görüşmək üçün səbirsizlənən yeniyetmə və gənclər… Bu sadəcə bir festival deyildi – bu, kitabın, bilik və sevginin təntənəsiydi.


Uşaqların sevinc səsləri hələ də qulaqlarımdadır. Onlardan biri yaxınlaşıb mənə dedi: “Bu kitab mənim xəzinəm olacaq!” — bu cümlə içimi elə titrətdi ki… Bir başqasının boynuna asdığı kitab çantasını göstərib, “Baxın, müəllimə, içi xəyallarımla doludur!” deməsi isə qəlbimə iz saldı. Bu qədər saf, bu qədər ümid dolu baxışlara şahid olmaq, mənə bir daha göstərdi ki, doğru yoldayıq.
Simalardakı təbəssüm, gülümsəyən valideynlər, kitablarla şəkil çəkdirməyə çalışan uşaqlar, müəlliflərin sevinc dolu baxışları – hər biri bir film kadrı kimi hafizəmdə yer aldı. O anlar insanın içini işıqlandırır, ruhunu oxşayırdı.


Hələ “Valideyn məktəbi” haqqında demirəm… Stendimizin qarşısında dayanan analar, atalar, müəllimlər, suallar verənlər, maraqlananlar, təşəkkür edən insanlar — bu layihənin necə böyük bir ehtiyacdan doğduğunu bir daha sübut etdi. Mənim üçün ən dəyərli anlardan biri isə bir ananın yaxınlaşıb, “Sizin bu layihəniz sayəsində qızımla daha yaxşı ünsiyyət qurmağa başlamışam” deməsi oldu. Bu, illərlə çalışdığımız işin bəhrəsi idi.


Bu festival mənim üçün sadəcə bir tədbir deyildi. Bu, həm də gələcəyə olan inamın, uşaqların gözündəki ümidin, cəmiyyətin kitaba verdiyi dəyərin təntənəsi idi. Qəlbim sevinc, minnətdarlıq və məsuliyyət hissi ilə doludur. Bu gözəlliyin bir parçası olmaq, fayda vermək və xatirələrə bir iz buraxmaq — sözün əsl mənasında xoşbəxtlikdir.

Green Start Academy-nin könüllüsü Raul Ağayevin uğuru