Ramazan bayramı ərəfəsində hər bayram olduğu kimi bu dəfə də “Paylaşmaq gözəldir” şüarıyla Bilgəhdə yerləşən Ahıl şəxslər üçün Sosial Xidmət Müəssisəsində görüş təşkil etdik. Buradakı yüksək ruh, təmiz ortam, nurani üzlər qəlbimizi çox açdı. Gedişimiz onları da çox sevindirdi, üzlərində təbəssüm yarandı… Dinlədik onları… Birlikdə dedik, güldük, oynadıq. Bir neçə saat ərzində qayğılarından azad oldular.
Əlbəttə, istərdik ki, oradakı yaşlı insanlar hamısı öz isti ocağında, əzizlərinin ətrafında olsun, amma dünyanın yaxşı üzü olduğu kimi, görünməyən üzü də vardır. Həyat təkcə müsbətlərdən ibarət deyil, mənfilər də yaşanır bu dünyada… Amma o insanlar şanslıdırlar ki, onlar üçün bütün rahatlığı düşünən və hər an qeydlərinə qalan Azərbaycan dövləti və Samirə Mehdiyeva kimi xanım onların yanındadır.
Arzularımız sonsuz oldu o insanlara, əsas özlərinə yaxşı baxmalarını və ətrafdakı xoş olmayan hər şeyə diqqət etmələrini bildirdik: Hər şey könlünüzcə olsun, gözəl insanlar!