-
Green Start Academy olaraq artıq 5 ildən çoxdur ki, valideyn və təhsil işçiləri arasında təhsil, tərbiyə və psixoloji mövzuda seminarlar təşkil etməkdəyik. 5 il çox qısa zaman olsa da əslində bunun arxasında uzun illərin təcrübəsi dayanır.
Biz bütünlüklə hədəfimizi valideyn və müəllimlərə tuşlamışıq. Niyə məhz müəllim və valideynlər? Çünki bu günümüz və gələcəyimiz olan uşaq, yeniyetmə və gənclərin əsas tərbiyəedici qüvvəsi evdə valideynlər, təhsil ocağında isə müəllimlərdir.
Məqsədimiz milli-mənəvi dəyərlərimizə hörmət etməklə, sağlam ruhlu və müasir düşüncəli şəxsiyyət yetişdirməyə yardımçı olmaqdır. Şəxsiyyət yetişdirmək isə çox çətin bir öhdəlikdir ki, bu iş dediyim kimi, valideynlərin və müəllimlərin üzərinə daha çox düşür. Bizim işimiz də müəllimlər arasında maarifləndirici seminarlar, təlimlər təşkil etməklə onları nəzəri cəhətdən silahlandırmaqdır. Amma müəllimlər də bu işə yaradıcı yanaşmalı, necə deyərlər nəzəri biliklərini səriştəyə çevirməlidirlər ki, iş tamamlanmış olsun.
Bütün bunlardan əlavə, aramızda kifayət qədər nümunəvi və təcrübəli müəllimlər də vardır ki, onlar öz bildiklərini və təcrübələrini digər müəllimlərlə paylaşmaq istəyir. Bax, biz bu işdə də müəllimlərə dəstək olur, onlara bir növ meydan açırıq. Əziz müəllimlər, sizin fikirləriniz və ideyalarınız bizim üçün çox önəmlidir. Çünki bu ideya millətimizin savadlanmasına, maariflənməsinə xidmət edirsə, niyə də biz bir-birimizə dəstək olmayaq. Axı biz birlikdə olanda güclüyük.
Bu gün ölkəmizdə təhsilin inkişafı müəyyən səviyyədə olsa da, dünyanın təhsildə öndə gedən ölkələrində bu sahədə daha surətli inkişafın şahidi oluruq. Bu baxımdan dünya ölkələrinin təcrübələrini gətirib ölkəmizdə yaymaq, eyni zamanda da beynəlxalq konfrans və seminarlarda iştirak edərək öz təhsil səviyyəmizi artırmaqda da biz sizə yardımçıyıq. Belə ki, dünyanın ən önəmli təhsil sərgiləri, beynəlxalq təhsil layihələri haqqında təkcə məlumat almaq deyil, eyni zamanda orada iştirak etməyinizdə də sizə yaxından yardımçı ola bilərik.
Biz valideynlərin öz övladları, müəllimlərin isə şagirdləri ilə asudə vaxt keçirmələri üçün yay boyu bölgələrimizi gəzərək Akademik gəzintilər təşkil edirik. Bunu həm də ona görə edirik ki, açıq səma altında keçirilən təlim, deyilən fikirlər insan hafizəsinə daha tez və daha faydalı ötürülür.
Bu gəzintilər zamanı uşaqlar o qədər xoşbəxt görünürlər ki… Hər səfərin dönüşündə biz onların təəssüratları soruşduqda, onların sevinclərinin həddi-hüdudu yox, o qədər deyəcəkləri var ki… biz Bakıya çatanadək vaxtın necə ötüb-keçdiyini bilmirik. Çünki o qədər danışır, fikirlərini paylaşırlar ki… Bu o deməkdir ki, övladlarımızın, şagirdlərimizin bizdən istəyəcəyi ən böyük şey nə bahalı geyim, nə qeyri-adi məkanda oturub yemək yemək, nə başqa bir ehtiyaclardır, sadəcə olaraq sevgi və öz duyğularını bizlərlə paylaşmaqdır.. Bəli, yeganə əsas səbəb öz övladımıza və şagirdimizə bəslədiyimiz sevgidir. Ümumiyyətlə, sevgi möcüzələr yaradan, yeni insanlar, ən böyük bəşəri sərvətlər yaradan olduqca böyük və ali bir hisdir.
Bundan əlavə, Akademik gəzintilərdə hər daşında tarix yaşayan tarixi və mədəni abidələrimizi də ziyarət edirik. Bir sözlə, birlikdə gəzib, birlikdə öyrənirik.
Bir sözlə, cəmiyyətimizi – bu günümüzü və sabahımızı xoşbəxt görmək istiyiriksə, hər birimiz var gücümüzlə çalışmalı, sevgimizi övladlarımıza, eyni zamanda da şagirdlərimizə doyunca ötürməliyik. Bu işdə Green Start Academy olaraq biz hər zaman sizin yanınızdayıq. Yetər ki, siz istəyin.
Hər birimizə bu yolda sağlıq və müvəfəqiyyətlər diləyirik.
Hörmətlə,
Green Start Academy ailəsi