II Uşaq Kitab Festivalı haqda təəssüratlarım

Aprel 12, 2023

8-11 aprel tarixlərində ölkəmizdə – paytaxt Bakı şəhərində II Uşaq Kitab Festivalı təşkil olundu. Bir kitabın insan həyatı üçün, onun ruhunun, mənəviyyatının, dünyagörüşünün zənginləşməsində nə dərəcədə önəmli olması, övladlarımızın tərbiyəsində və təhsilində nə dərəcədə əxlaqi-tərbiyəvi bir rola malik olmasını hər birimiz bilirik. Bu baxımdan kitab sərgiləri və uşaq kitab festivallarının bizlər üçün nə qədər vacib olması da kitab dünyası kimi aydındır. Bəs bu 4 günü nə dərəcədə dəyərləndirdik? Gedə bildikmi? Zaman ayıra bildikmi? Övladlarımızı bu zəngin dünyanın ağuşuna atdıqmı? Yoxsa elə də vacib hesab etmədik bunu?

Gənc nəslin təlim-tərbiyə verəni – öyrənən və öyrədəni müəllim və valideynlər olduğundan, onların şagirdləri və övladları ilə birlikdə bu festivalda iştirakı son dərəcə önəmli idi. Həm də axı ən çox onlar  çalışır balalarımız hər tərbiyəli, həm savadlı olsunlar.

İşlərimin, qayğılarımın çox olmasına rəğmən Festivalda 2 gün iştirak edə bildim. Bir gün valideyn olaraq övladlarımla; kitab aldıq, yazıçılarla görüşdük, masterclaslarda iştirak etdik, nağıl dinlədik və bunlar qədər vacib övladlarımla zaman keçirtdim. Digər gün isə bir təşkilat rəhbəri, müəllim və valideynlərlə işləyən biri kimi; kənardan müşahidə etdim, kitabçı insanlarla həmsöhbət oldum, yazıçılarla fikir mübadiləsi apardım. Sevindim ona görə ki, ötənilki kitab festivallarına nisbətdə gündən-günə daha çox insan gəlir bu kitab bayramına. Təəssüf etdim o səbəbdən ki, nəzərə alsaq ki cəmiyyətimizdə ən böyük kütlə valideyn və müəllimlərdir, o zaman gərək ki bu Festival daha böyük izdihamla keçməli idi. Amma bunu görmədiyim üçün çox üzüldüm. Əminəm ki məndən də daha çox bu işdə zəhməti olan nəşriyyat və kitab evlərinin nümayəndələri, eyni zamanda yazıçılar və digər kitabsevərlər üzüldü. Onların bu işə nə qədər əmək sərf etdiklərini, maddi, mənəvi itirdiklərini biz təsəvvür belə edə bilmərik. Orada alınan kitabların satışından qalan qazanc bu itirdiklərinin yarısını belə ödəmir. Amma buna rəğmən bu insanlar necə böyük həvəs və sevgi ilə işlərini görürdülər. Nə üçün? Bizim balalarımız savadlansın, həm milli, həm dünyəvi dəyərlərə sahib olsunlar deyə. Axı biz valideynlərin, müəllimlərin də istəyi bu deyilmi? Bəs niyə? Niyə canfəşanlıq etmirik bu festivala getmək üçün? Niyə balalarımızı bu işıqlı dünyadan, bu aydınlarla görüşdən məhrum edirik? Nələr itirdiyimizin fərqində deyilikmi?

Oradakı abu-havanı bir görsəydiniz… ordakı uşaqların necə xoşbəxt olduqlarını, o nağılları necə həvəslə dinlədiklərini, o yazıçılarla kitab imzalamaq, şəkil çəkdirmək sevincini bir izləsəydiniz… İmkan yaradın sizin də balalar onlardan olsunlar… Balalarınızın üzərinə düşəcək bu işığın qarşını kəsməyin… Başqalarının yandırdığı bu işıqla bərabər, siz də bir şam yandırın onlar üçün. Bir mayak olun onların bugünkü və gələcək həyatlarında.

İkinci Uşaq Kitab Festivalında izlədiklərimdən bir qənaətə gəldim: bu Vətəndə yaşayırıqsa, bunun haqqını verməliyik. Kim necə və hansı formada verir, bu onun işidir. Amma biz insan kimi insan olmaq istəyiriksə, bunu etməliyik. Necə ki, bu mövzudan danışarkən, ilk öncə Vətən qəhrəmanlarımız – şəhid və qazilərimizi xatırlayır, ən gözəl nümunə deyərkən onların adını çəkirik. Bu Festivalda zəhməti olan insanlar da bunun haqqını verirdilər. Bilirsiniz niyə? Çünki üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirirdilər. Bizim də həm valideyn, həm də müəllim olaraq vəzifəmizdir ki, balalarımızı aydın, kitablar kimi işıqlı insan edək. Buna görə də təkcə məktəb təhsilləri ilə deyil, bu cür kitab bayramlarına – sərgi və festivallara aparmaqla da bu işin çox hissəsini yerinə yetirmiş olarıq. Əlbəttə ki digər vəzifələrimizlə bərabər. İşıqlı sabahlara çıxmağımız diləyiylə ümid edirəm ki bundan sonra təşkil olunacaq kitab günləri daha böyük izdihamla müşahidə olunacaq.

 

Aysel Rəsulzadə,

Green Start Academy-nin direktoru,

“Sevgi pedaqogikası – Valideyn məktəbi” layihəsinin rəhbəri

Sevgi pedaqogikası-Valideyn MəktəbiKIDS ART CAMP