LÜTFİ ZADƏLƏR YETİŞDİRMƏK ÜÇÜN NƏ ETMƏLİYİK

Fevral 04, 2026

 

Bu gün dünya elminə böyük töhfələr vermiş azərbaycanlı alim Lütfi Zadənin doğum günüdür. O, qeyri-səlis məntiq nəzəriyyəsi ilə dünyaya göstərdi ki, həyat yalnız qara və ağdan ibarət deyil, bu aralıqda saysız çalarlar da var.

Lütfi Zadəni bu məqama ucaldan uşaqlıqda onu düşündürən suallar və böyüklərinin verdiyi cavablar olub.

Bəs biz uşaqlarımızın dünyanı tanımaq və kəşf etmək üçün verdiyi sualları cavablandırırıqmı?

“Ana, göy niyə mavidir?”

“Ata, buludlar niyə yerə düşmür?”

2İnsan niyə yuxu görür?”

“Kompüter necə düşünür?”

“Robotlar insan kimi hiss edə bilərmi?”

Valideyn ya işlərin çoxluğundan, ya da həvəsin yoxluğundan, bəzən bu, sualları cavablandırmağı elə də ciddiyə almır. Yaxud da həvəssiz – yola verərək cavablandırır.

Bəs bir anlıq əlimizdəki işi dayandırıb, uşağımızla göz səviyyəsinə enərək bildirsək ki… “Sən nə qədər maraqlı suallar verirsən, necə dərin düşünürsən… deyib suallarını cavablandırsaq… Çox vaxt isə deyirik: “Az sual ver”, “Bəsdir, az danış”, “Sən nə çox danışırsan?”, “Suallarınla məni yorursan” və s.

Unuduruq ki, hər böyük alim bir vaxtlar bu cür maraqlı və dərin suallar verən uşaq olub. Unuduruq ki, uşağın hər sualı onun düşünən beyninin göstricisidir. Unuduruq ki, sual verən uşaq öyrənmək istəyən uşaqdır. Öyrənmək istəyən uşaq isə gələcəyin qurucularından, idarəedicilərindən, yəni Lütfi Zadələrindən biri ola bilər.

Gəlin, uşaqlarımızın marağını söndürməyək. Gəlin, onların suallarına zaman ayırıb cavablandıraq. Çünki bəlkə də gələcəyin alimi, ixtiraçısı, yenilikçisi elə bu gün bizə sual verən öz uşaqlarımızdır.

Elmə gedən yol cavabla yox, suallarla başlayır. Uşağımızın sualları da onların gələcəyinin qapısıdır ki, bu qapının açarları da bizim onlara verəcəyiniz cavablardadır.

Aysel Rəsulzadə, 

pedaqoq, 

Valideyn Məktəbi-nin təsisçisi

BÖYÜK PEDAQOQ FİRUDİN BƏY KÖÇƏRLİNİN MÜƏLLİM HAQQINDA FİKİRLƏRİ