Mən atamı yenidən sevmək istərəm...

Sentyabr 21, 2020

Ata sevgisindən məhrum olan qızların dilindən…

 

Qızların ilk qəhrəmanı olur. Həyatında olan ilk əks cins. İlk öpərkən saqqalın batır deyə etiraz etdikləri. İlk güvən verən çiyinə baş qoyduqları. İlk saçlarına sığal çəkənləri. Qarşı cinslə bağlı hər bir şeyi ilk Ata-ları ilə yaşayar qızlar. Hamısı yaşayarmı? Bəzən talehsizdir qız övladı. Elə ilk əks cins tərəfindən əzilmə hissini də ataları yaşadar onlara. Bəziləri “Qızım gələcəkdə üzümə qapını açandır”-deyə düşünüb toy-bayram etdiyi halda, bəziləri dünyaya gəlməyən qız övladına ana bətnində üzünə qapı bağlayandır.

Bir qız ilk zərbəni alsa-alsa atasından alar. İstər fiziki, istərsə də mənəvi… Elə ona görə də yetkinlik çağına çatanda qarşısına çıxan ilk ağzından “bal damlayan” əks cinsə güvənib, özünü “əmanət” edər. Bəzən isə hər dəfəsində əmanətinə xəyanət olunduğunu görən xanım evlilik xəyalının üstündən belə xətt çəkər. Oturar düşünər. Saatlarca… Saatın hər saniyəsi, əqrəbin hər çıqqıltısı uşaqlıq xatirələrini canlandırar. Deyilən acı sözlər, qarmaqarışıq fikirlər. Qəm dəryasına baş vurub, dərya dərinliyindən bir mirvari axtarırmış kimi yaşadığı o acılarının içindən bir xoşbəxtlik axtarar qız uşağı. Taparmı? Bu hər talehdə fərqlidir…

Deyirlər ki, bəzi insanlar var ki, həyat nə onlarla olmur, nə də onlarsız. Sanki həyatda dayaqsız qalan qız uşaqları üçün biçilib bu fikir. Onlar üçün nə ataları olanda olmur, nə də atasız olanda. Ona görə də bir çoxları belə düşünür: “Mən dünyaya yenidən gəlib, atamı yenidən sevmək istərəm…”

Qız uşaqlarını qoruyun. Onları sevin. Bir çox tanışlarım var ki, bəzi məsələlərini mənimlə bölüşəndə, bu cür düşüncədə olan kişiləri görəndə, həyatda güvənə biləcəyim insanlara belə güvənim azalır. Düzdür hər kəs eyni deyil, amma hər kəs də “qız övladını, xanımı” əmanət deyib qorumur. Siz qoruyanlardan olun! Qoruyanlardan olun ki, onlar keçmişdə də indidə də, gələcəkdə də “sevirəm” desin, “yenidən sevmək istərəm” yox.

Sevgi ilə qalın, gözəl insanlar!

Günel Kamal,

Green Start Academy

Abraham Lincoln: “Hörmətli müəllim. Oğlumu sizə əmanət edəcəyimə görə…”Tələbə adınız mübarək!