Hər bir xalqın özünəməxsus, ən qiymətli sərvəti olan milli mənəvi dəyərləri var. Ümummilli Lider qeyd edib ki, başqa məsələlərdə müxalif olmaq olar, ancaq dəyərlərin qorunmasında həmrəylik olduqca vacibdir. Burada söhbət milli bütövlükdən, milli dəyərlərin qorunmasından gedir. 30 illik Qarabağ həsrəti, intiqam hissi ilə alışıb-yanan ürəklərimiz indi gümrahdır. Qarabağımız igid oğullarımızın qanı bahasına azaddır. Lakin müharibə başa çatsa da, onun dəhşətləri bitməyib. İtgilərimiz davam edir.
Ölkəmizdə mətbuat günü -gündən inkişaf edir. Qarabağ müharibəsi zamanı, həmçinin müharibədən sonrakı dövrdə Azərbaycan həqiqətləri, törədilən hərbi cinayətlər haqqında dolğun məlumatların dünyaya çatdırılmasında mətbuatın, medianın, jurnalistlərin rolu böyükdür. Fərqlənən, müxtəlif medallarla təltif edilən jurnalistlərin çox olması müsbət keyfiyyətdir və bu onlara göstərilən etimadın təzahürüdür. İşğaldan azad olunmuş rayonlarımıza ezam olunan, xidməti vəzifələrini yerinə yetirərkən avtomobillə minaya düşən jurnalistlərdən olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin (indiki AZƏRTAC) müxbiri Məhərrəm Əli oğlu İbrahimov, Azərbaycan Televiziyasının (AzTV) operatoru Sirac Abış oğlu Abışov və “Qayıdış” qəzetinin baş redaktoru Adilzadə Zibeydə Şakir qızı bizim kədərimiz, qürurumuz, fəxrimizdir.
Məhərrəm İbrahimov 20 ilə yaxın AZƏRTAC-da müxbir vəzifəsində çalışıb. Hərbi jurnalist, ordunun və hüquq-mühafizə orqanlarının fəaliyyəti haqqında ən isti, operativ xəbərlər təqdim edib, dəfələrlə ilin ən yaxşı əməkdaşı kimi fəxri fərman və diplomlarla təltif olunub. Həmçinin bir çox yazı müsabiqələrinin qalibi olub, Aprel və Tovuz döyüşlərində, Vətən müharibəsində reportajlar hazırlayıb, informasiya müharibəsində ön sıralarda olub.
Şəhidin həyat yoldaşı Bahar İbrahimova: “İki övladımız, xoşbəxt, huzur dolu bir ailəmiz var idi. Yoldaşımla bir-birimizə çox dəyər verirdik, hörmət edirdik. May ayında Ramazan bayramı ilə əlaqədar yoldaşım evə gəlmişdi. O zaman bizim axırıncı görüşmüz oldu. 2021-ci il iyin ayının 4-də böyük oğlumun sinfi birinci sinfi bitirməyi münasibətilə vinetka üçün çəkilişlər edirdilər. O zaman yoldaşımın yaralanmağı xəbərini aldım. Onun şəhid olması mənim üçün böyük itgi oldu. Ona sevdiyi xörəkləri hazırlamaq, paltarlarını ütüləmək, süfrə açmaq, onunla gəzintiyə getmək, işdən qayıtmağını səbirsizliklə gözləmək üçün çox darıxmışam, isti nəfəsinə möhtacam”.
Bahar xanım şəhid yoldaşının dəfn olunduğu yer haqqında da danışıb. O qeyd edib ki, Məhərrəm 8 ay balalarına həsrət qalıb, yuxusuz, ac, yorğun halda işğaldan azad olunmuş rayonlarımıza ezam olunub, fasiləsiz işləyib: “Onlar Prezidentimizin tapşırığına əsasən işğaldan azad olunmuş torpaqlarımıza, tarixi yerlərə, obyektlərə dəymiş zərəri, törədilmiş vəhşilikləri çəkib dünya ictimaiyyətinə çatdırıb. Çox istəyərdim ki, yoldaşım “2 saylı Şəhidlər Xiyabanı”nda dəfn olunsun, ziyarətə gələn sakinlər, xarici qonaqlar haqsızlıqları dünyaya çatdıran şəhid jurnalistini tanısın”.
Məhərrəm İbrahimov 2021-ci il iyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisində erməni terrorçularının basdırdığı tank əleyhinə minaya düşərək şəhid olub. Həmin avtomobildə AzTV-nin operatoru Sirac Abışov da olub, o da şəhid olub. Qubadlı şəhər sakini Sirac 2019-cu ildən AzTV-də işləməyə başlayıb, yenicə öz xalası qızı ilə ailə qurmuşdu. Sirac bölgəyə ezam olunanda Özgür adında oğlu hələ 5 aylıq idi, indi üç yaşındadır. Şəhid Məhərrəm kimi o da işi ilə əlaqədar 8 ay ailəsindən uzaqda olub.
Şəhidin qardaşı Şirzad Səmədovun təsuratları: “Sirac mədəni oğlan idi, valideyinlərinin, mənim sözümdən çıxmazdı. Qardaşımı son dəfə şəhid olmamışdan iki həftə əvvəl, may ayında Qubadlı rayon Dondarlı kəndində görüşmüşdük. Oraya kənd nümayəndələri kimi getmişdik. İki qrup fəaliyyət göstərirdi. Bir qrup yaşayış evlərini, digər qrup, hansı ki Sirac da o qrupa daxil idi, dövlət əhəmiyyətli obyektləri çəkirdi. Atam, mən, Sirac getdik evimizi tapdıq, oturub xeyli söhbət etdik. Sirac deyirdi Allah bizə ömür versin, gələk evimizi yenidən düzəldək, övladlarımıza bu kənddə toy edək, dostlarımızı evimizə qonaq edək. Sirac anama demişdi ki, oğluma yeriməyi öyrədin, mən gələndə qabağıma qaçsın. Oğlu yeriməyi öyrənəndə atasının məzarını ziyarətə getdi. Heç övladından “ata” sözünü də eşitmədi. Çox heyf arzularını məzara apardı, ona ancaq belə ölüm yaraşardı. Uca “Şəhid” adına görə adam bir az təsəlli tapır”.
Şirzad bəy qardaşının şəhid olma xəbərindən danışdı: “Saat 1-ə işləmişdi, mən Bülbülə qəsəbəsində işdə, çəkilişdə idim. Şöbə müdürimə zəng gəldi, çəkildi kənara danışdı. Şüpələndim. Sonra tanışlardan xəbər tutdum ki, qardaşımla Məhərrəm minaya düşüblər. Həmin an ayaqlarım boşaldı, müvazinətimi itirdim, yerə çökdüm. Allahdan ayağa qalxmam üçün güc istədim. Daxil oldum xəbər saytlarına, bu bəd xəbər rastıma çıxmadı. Sonra işdən dedilər sən evə getməlisən, o zaman anladım ki, vəziyyət nə yerdədir. Gülüşü, intelektual zarafatları üçün darıxıram. Yuxularımda görürəm deyir narahat olma yanındayam. Sirac bu gün də mənim üçün yaşayır, son nəfəsimə kimi yaşayacaq”.
Sirac və Məhərrəm bir yerdə Ağdam, Füzuli, Hadrud, Zəngilan, Cəbrayıl, Qubadlıda çəkilişlərdə olublar, Xocavənd, Xocalı və Kəlbəcərin işğaldan azad olunan bütün kəndlərində, həmçinin Kəlbəcərin 15-20 kəndində çəkilişlər ediblər, qələmə alıblar. Onlar təhlükəli yollardan, illərdir ayaq basılmayan yerlərdə olublar, efir üçün deyil, Avropa və dünya məhkəməsinə faktlar vermək üçün çəkilişlər ediblər.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra S.Abışov və M.İbrahimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenləri ilə təltif ediliblər. M.İbrahimov Müşfiqabad qəsəbəsindəki qəbiristanlıqda, S.Abışov isə Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn olunub.
Döyüş bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən işğaldan azad edilmiş Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndi ərazisində atası, yaxınları ilə bir yerdə tank əleyhinə minaya düşərək həlak olan jurnalistlərdən biri də Zibeydə Adilzadədir. O, Füzuli Rayon İcra Hakimiyyətinin mətbu orqanı olan “Qayıdış” qəzetinin baş redaktoru olub. Füzuli rayon sakini Zibeydə uzun illər bu rayonda müxtəlif vəzifələrdə çalışıb, rayonun inkişafı üçün bir çox layihələrə imza atıb. Məqalə və yazılarını “Zibeydə Şakir” imzası ilə yazan jurnalistin ən böyük arzusu “İşğaldan azad olunan Füzuli şəhərinə ayaq basan ilk qadın olmaq” və “Gəzməyə də, ölməyə də Vətən yaxşıdır” deyərək bu mövzuda yazılar işıqlandırmaq idi. O böyük arzusuna çatdı, Vətəninə qovuşdu, amma yazıları yarımçıq qaldı. Zibeydə Şakir Beyləqan rayon ərazisində “Cərcis Peyğəmbər” ziyarətgahında dəfn olunub.
Bacısı Günay Adilzadə: “Bu hadisənən şokundan çıxa bilmirəm. Biz dörd bacı idik. Anamız dünyasını dəyişəndən o bizə ana əvəzi idi. Bacımla sonuncu dəfə noyabrın 27-si günü görüşdük, sağollaşdıq, sabahı Bakıya gəlməli idik. 28-i günü biz rayondan yola çıxmışdıq, kiçik bacım zəng edib mənə bəd xəbəri çatdırdı, geri döndük. Atam da bacımla bərabər idi. Hər ikisini də itirdik. Bacım ailəli idi, iki övladı anasız qaldı. Nazlı adlı qızı 11-ci sinfi, Ayxan adlı oğlu 9-cu sinfi bitirdilər. Qızı memar olmaq istəyir”.
Qarabağ müharibəsi dövründə ölkəmizdə yaşanan tarixi hadisələri, həqiqətləri dünya ictimaiyyətinə obyektiv çatdıran hərbi vətənpərvərlik tərbiyəsində xidmətlər göstərən media təmsilçiləri – Çingiz Mustafayev, Salatın Əsgərova, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə, Kazımağa Kərimov, Pərviz Balayev, Fuad Mirzəyev, Davud Qurbanov, Elnur Allahverdizadə informasiya savaşında ordumuzla birgə olub. Şəhid jurnalistlərimizin doğmalarına, yaxınlarına səbr arzulayırıq. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik! Torpağa bağlı, vətənpərvər, qəhrəman oğul və qızlarımız çox olduqca basılmaz müqəddəs pənah yerimiz!
Pərvanə Fərhadqızı