Yenidən dünyaya gəldiniz. Bu dəfə anadan deyil, Qəhraman ruhunuzdan doğuldunuz. Bu gəliş yarım qalmış nakam taleh yaşamağa deyil, əbədiləşmək və Qəhrəmanlıq səlnaməsinə çevrilmək üçün idi.
Ömür karvanınız sizi ayrı-ayrı ünvanlardan götürdü, amma bir ünvana yetirdi. Şəhadətə ucaltdı. Adınız da ünvanınız kimi bir oldu – Şəhid. Hər iki dünyanın Fatehləri oldunuz.
Tarix çox qəhrəmanlar yetirib və bu günə qədər yaşadıb. Dillərdə dastana çevrilən igidlər saysızdır. Amma siz tarix yazdınız, ən yeni tarixin ən şərəfli səhifələri oldunuz. Şanlı, bütöv Azərbaycan tarixinə qızıl sətirlərlə həkk olundunuz. Canlı dastana çevrildiniz. Hünər göstərdiniz, Qəhrəmanlıq məktəbi, nümunə, örnək oldunuz.
Sizi nağıllarda deyil, gerçək olaraq tanıdıq. Ruhumuza, qəlbimizə qan yaddaşımıza həkk olundunuz.
Sizi heç bir ana Vətən torpağı kimi qoruya bilməz. Ana torpağa tapşırdıq sizləri. Torpaq sizi öz ağuşunda dünya durduqca yaşadacaq. Hələ çiçəklənməmiş arzu-diləkləriniz torpağın qoynunda çiçəkləyəcək.
İndi səmadan üzərinizə yağan yağış, qar deyil, bizim göz yaşlarımızdır, ayrılıq, həsrət yağışıdır. Dağları saran duman deyil, bizim ahımızdır.
Siz xalqın qəlbində sağalmaz yaraya, hər zaman gözündən süzülən həsrət yağışına, ruhunu saran əbədi xatirəyə döndünüz. Məqamınız, Müqəddəs Şəhidlik adınız mübarək olsun!