Təhsil və elmimizin idarəçiliyində baş verən görünməz qüsurları gündəmə gətirən ziyalılarımıza təşəkkürlər halaldır. Milli Məclisin sabiq üzvü Etibar Əliyev hesab edir ki, inkişaf etmiş ölkələrdə böyük və ya əsl alimlərin hörməti uca tutulur. “Nəhəng alimlər 100 ildə bir yetişə, ya yetişməyə”.
Min il öncə alimin cəmiyyətdə rolunu dahi Nizami müdrükliklə belə ifadə edib:
Alimdir gözümdə ən əziz insan.
Qüvvət elimdədir – başqa cür heç kəs,
Heç kəsə üstünlük eyləyə bilməz.
Nobel mükafatçısı Əziz Sancar 10 il öncə UNEC-də tələbələrlə görüşdə “Türkiyədə niyə Universitet qurmursunuz?” -sualına cavabı elmdə etik davranışa aydınlıq gətirir: “ABŞ dövləti mənim yetişməyimə o qədər qaygı göstərib ki, etikam imkan vermir ki, oranı tərk edim”.
Digər misal: dahi ingilis fiziki Stephen Hawking 29 yaşından başlayaraq təqribən 40 il həm dövlətin, həm də cəmiyyətin qayğısı altda yaşamışdır.
Alim adının bizdə devalvasiyya uğramasının səbəb nədir?
Təəssüf ki, İslam dünyasının bir parçası kimi bizdə də elmə münasibət günün tələbləri səviyyədə deyildir. Üstəlik, zaman -zaman müxtəlif cür sui-qəsd nəzəriyyələrinin tətbiqi altına düşürük. Nəticədə dünyagörüşümüz zəiflədiyi üçün yaşam fəlsəfəmizdə tez-tez səhvlərə yol verilir.
Düşüncəmə görə, yaşadığımız sosial burulğanlıqdan baş çıxarmaq üçün, əvvala, bəzi fundamental anlayışlar, dəqiq dərk edilməlidir. Misal üçün, “alim” kimdir? “Dəyər” nədir? Elmi məqalələr dəyər daşıyıcısıdırmı və s. kimi suallar dəqiq dərk edilməlidir. Kimsənin alim olduğunu kim düz təyin edə bilər: alim yoxsa, məmur? Sovetdən qalma Elmi Şuralar indiki şəraitdə çox vaxt səhv qərarlar da qəbul edirlər. Çap olmuş hər elmi işin elmi dəyəri varmı? Elmi işin cəmiyyət üçün əhəmiyyətin necə qiymətləndirmək olar? Suallara cavab axtararkən nə vaxt kütlənin, nə vaxt fərdin fikri etibarlıdır?
İkincisi, fəlsəfi düşümcəmizi kamilləşdirməliyik. Bilmək lazımdır, oxumaqla da ortabab alim olmaq olar, ancaq əsl alimlər anadan alim kimi doğulurlar. Onlar milli inkişaf üçün yeni ideya generasiya edə bilirlər. Onların qədrini bilmək lazımdır!
Elmi dəyərlər yeni ideya altında yaranır. Yeni ideyanı ancaq Y.Məmmədəliyev, Xudu Məmmədov, Azad Mirzəcanzadə kimi 100 ildə bir doğulan alimlər söyləyə bilərlər. Kvazi alimlər Aademiyanın prezidenti olsa belə, yeni ideya söyləyə bilməzlər!!! Peşə üçün doğulanlar (alim, şair və musiqiçilərimiz) yeni dəyər yaratmırlar, tarix boyu yaradılmış milli və mədəni dəyərləri qoruyaraq gələcək nəsillərə ötürürlər.
Hesab edirəm ki, alimin yazdığı elmi iş onun yaratdığı elmi dəyərdir. Elmi dəyərləri zaman əridə bilmir. Bu nəticənin düzlüyünə inanmaq üçün fizikadan yüzlərlə ( Arximed qanunun, Nyütonun cazibə qanunun və s.) misal gətirmək olar. Dəyərsiz elmi məqalə yazan alim, alim deyil, kvazi (və ya psevda) alimdir. Biz inzibatı yolla kvazialimləri “alim” edərək, elmdən düz istifadə edə bilmirik, əksinə elmi zibilləyirik.
“Alim” anlayışının mənasını korrekt deyildi. “Alim” kimdir?
Subyektiv fikrimə görə, bütün gün özünü elmə həsr edən tədqiqatçı – alimdir, başqa sözlə alim – özünü sutkada 24 saat elmə həsr edən tədqiqatçıdır. Bu qabiliyyətinə görə o, unikaldır, yüz ildə bir doğulanlardandır. Bəşəriyyəti inkişaf etdirən böyük kəşf və ixtiraları yada salsaq görərik ki, od, təkər, barıt, kitab çapı, saat, mikroskop, mühərrik, telefon, foto, radio, kino, TV, fərdi kompüter və bunun kimi möhtəşəm ixtiraların müəllifləri alimlərdir. Alim kamilliyin vitrinidir. Alim danışığından, davranışından, dürüstlüyündən, söhbətindən nəfsindən tanınır.
İkinci dünya ölkələrində əsl alimlərin sayı, diplomlu alimlərin sayından təqribən 4-5 dəfə azdır. Bu səbəbdəndə elmin idarəetmə sükanlar həqiqi alimlərin yox, kvazialimlərin əlindədir. Bu qüsurla mübarizə aparmaq lazımdır. Ancaq belə olanda gənclər elmin dalınca gedər, təhsildə, elmdə keyfiyyət yüksələr, cəmiyyət kamilləşir. Elm tutumlu məhsul istehsalı artar. Beyin axını da baş verməz. Xaricdə təhsil alan gənclər ölkəyə qayıdar. Bunun üçün alimə şərait yaradılmalı və əməyi düzgün dəyərləndirilməlidir.
Fikrimi həyatda rast gəldiyim bir hadisə ilə yekunlaşdırmaq istəyirəm: “Keçən əsrin 70-ci illərində elmi konfransda iştirak etmək üçün Moskvaya getmişdim. Moskva univermağının qarsında tələbə yoldaşım Etibar Əliyevlə (hazırda BDU-nun müəllimidir) rastlaşdım. Söhbət etdiyimiz küçədə meyvə köşçü var idi və xurma satılırdı. Gördük ki, satıcı yetişmiş xurmaları zibil yeşiyinə atır, kal xurmaları isə müştəriyə satırdı. Başqa sözlə satıcı xurmanı tanımadığından onu pamidor kimi satırdı”.
Moskvalı satıcının xurmaya münasibəti ilə bizim elmə və alim diplomuna münasibətimizdə oxşarlıq görünür. Hadisənin, prosesin fəlsəfəsin bilinməyəndə səhvlər labütdür. Min il öncə Nizami babamız bu fəlsəfəni bizə nəsiət edib: Hər uca rütbədən biliniz fəqət, Alimin rütbəsi ucadır əlbət.


