Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2 dekabr 2006-cı il tarixli sərəncamına əsasən, 6 dekabr Rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramı günü kimi qeyd olunur. Bu sərəncam Azərbaycan Respublikasında telefon rabitəsinin yaradılmasının 125 illiyi ilə əlaqədar olaraq imzalanmışdır. Artıq 17 ildir ki, bu tarix ölkəmizdə qeyd olunur.
Cənab Prezidentin müdrik siyasəti nəticəsində informasiya və kommunikasiya texnologiyaları sahəsində bir çox mühüm, strateji addımlar atılaraq, bu sahənin inkişafına xüsusi imkanlar yaradılmışdır.
Ölkəmizdə rabitənin inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümumilli liderimiz rabitə və informasiya-kommunikasiya texnologiyaları kompleksinin müasir tələblər səviyyəsinə çatdırılması üçün genişmiqyaslı islahatlar həyata keçirib. Ölkə iqtisadiyyatında ilk xarici investisiyaların məhz telekommunikasiya sahəsinə qoyulması da Heydər Əliyevin uğurlu strategiyasının nəticəsi idi.
Azərbaycanda rabitə sahəsi hələ Hülakülər dövründən inkişaf mərhələsinə başlayaraq, Qazan xanın 1303-cü ildə poçt sahəsində həyata keçirdiyi islahatlardan bu dövrə gəlib çıxmışdır. 1501-ci ildə isə Şah İsmayıl Xətai tərəfindən poçt rabitəsinin dövlət səviyyəsində təşkilinin təməli qoyulmuşdur. 1881-ci il dekabrın 6-da isə “Nobel qardaşları cəmiyyəti” tərəfindən Azərbaycanda rəsmi olaraq ilk telefon xətti istismara verilib. Beləliklə, XIX əsrin sonu XX əsrin əvvəllərində Bakıda sürətlə inkişaf etməkdə olan neft sənayesi ilə bərabər, telefon rabitəsi də inkişaf edib, o dövr üçün geniş telefon şəbəkəsi yaradılıb.
Azərbaycanda rabitə və informasiya texnologiyaları sahəsində çalışan bütün əməkdaşların əməyi, əzmkar və məqsədyönlü fəaliyyətləri bu gün də göz önündədir. Elə bu səbəbdən də ölkə başçımız peşəsini sevən, bu sahədə çalışan bütün peşəkar heyətin əməyini yüksək qiymətləndirir.
Dəyərli Rabitə və İnformasiya Texnologiyaları sahəsinin əməkdaşları, sizləri bu şərəfli peşə bayramınız münasibətilə ürəkdən təbrik edir, sizlərə bu geniş fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayırıq.
Əməyə xüsusi diqqət və qiymət vermək hər birimizin borcudur. Bayramınız mübarək!