“Susduğum yerlər” - Samir Əfsəroğlunun İmza günü

Noyabr 21, 2024

15 noyabr yenə sakit, hüzurverici payız günlərindən biri… Amma bu sıradan bir gün deyil; arzuların, diləklərin coşub-daşdığı, duyğuların dilə gəldiyi gündür. Şairin ümidlərinin çiçəkləndiyi həzin payız günü onu sevənləri ilə Mərkəzimizdə yenidən qovuşdurdu.

Samir Əfsəroğlu adı çəkiləndə üzümüzdəki xəfif gülüş bir salamın xətir yeri qədər bizləri bir araya toplayacaq gücə malikdir. Günəş batsa yenə doğacaq və Rəssam susduğumuz yerləri çəkəcək. Çünki şairin ətrafında onun sənətinə dəyər verən dostları və oxucuları çoxdur.
Green Start Academy Psixologiya İnkişaf və Təlim Mərkəzində söz sənətinin ustadı, şair Samir Əfsəroğlunun daha bir uğuru – “Rəssam” kitabının təqdimatı onu sevənləri ilə yenidən görüşdürdü. “Susduğum yerlər” adlı İmza gününə gələn qonaqların sevincinin həddi-hüdudu yox idi. Həqiqətən də şeirə, sənətə dəyər verən şəxsiyyətləri bir yerə cəm edən GSA ailəsi bu dəfə də möhtəşəm “İmza Günü”nə ev sahibliyi edərək, hər kəsə öz isti qucağını açdı. İlk öncə Dövlət himnimiz səsləndirildikdən sonra Şəhidlərimizin əziz xatirəsi hər zaman olduğu kimi yad edildi.

Tədbirin açılışını Mərkəzin direktoru Aysel Rəsulzadə öz çıxışı ilə əsaslandırdı. O, şair haqqında gözəl və səmimi təəssüratlarını bölüşdü. Aysel xanım həmçinin tədbirin təşkil olunmasında Mərkəzin bütün əməkdaşlarına, başda “Çiçəklənən arzular” layihəsinin rəhbəri, ssenarist və jurnalist Leyla Vahidqızına xüsusi minnətdarlığını ifadə etdi. Bu çıxışdan sonra Şair öz nitqinə başlayaraq qonaqları salamladı. İnsanın qəlbinə bir saf su kimi fərahlıq bəxş edən şairin şeirlərini onun öz dilindən yenidən eşitmək hər kəs üçün xoş oldu. Xüsusilə “Ana” və “Ata” şeirlərinin səsləndirməsi tədbir iştirakçılarını xüsusi təsirləndirdi. Ardınca Green Start Academy-nin nəzdində təssis olunan, istedadlı uşaqlarla iş aparan Şəhid Şəhriyar Əlibəyli adına Yaradıcılıq Evinin Musiqi şöbəsinin müəllimi, bəstəkar Lalə Şirin şairin “Ata şeiri”nin sözlərinə bəstələdiyi mahnını ifa etdi.

Auditoriyaya ünvanlanmış bir neçə maraqlı suallar, eyni zamanda qonaqların səmimi cavabları tədbirə rəngarənglik qatdı. Tədbir iştirakçısı, şairin daimi oxucularından Səbinə İsgəndərova səhnəyə dəvət edilərək Şairlə şeir dueti etdi. Mərkəzin tələbəsi Dəniz Ramazanlının təqdimatında gözəl bir rəqs nömrəsi baş tutdu. Rəqs bitdikdən sonra sehrli suallarla dolu olan mücrü açılaraq Şair tərəfindən cavablandırıldı. Şairin seçdiyi ən maraqlı iki sualın sahibi elə onun özü tərəfindən “Rəssam” kitabı ilə mükafatlandırıldı.
Daha sonra GSA-nın şair üçün hazırladığı sürpriz videoçarx nümayiş olundu. Şairin ən çox sevilən şeirlərindən olan “Daha məhəbbətdən yaza bilmirəm” şeirini söyləməsindən sonra musiqi həvəskarı, GSA-nın Valideyn Komitəsinin sədri Vüsalə müəllim Məmmədova şairin “Daha məhəbbətdən yaza bilmirəm” şeirinə Lalə xanım tərəfindən bəstələnən mahnını ifa etdi.

Tədbirdə qonaq qismində iştirak edən müğənni və bəstəkar Ruslan Səfəroğlu şair haqqında yüksək fikirlər səsəndirərək, onun “Hərdən” adlı şeirinə bəstələdiyi mahnını ifa etdi.
Samir bəyin öz oğluna xitabən yazdığı nəsihətamiz “Sorarlar, oğlum” şeirini yenidən iştirakçılar önündə oğluna söyləməsi düşünürük ki, bununla yanaşı, digər gənclərimizə də nəsihət oldu. Ardınca “Qızım” şeiri… Daha sonra şairin digər şeirləri bənd-bənd qonaqlar və şair tərəfindən duet formasında səsləndiridi.
Beləcə, isti, səmimi qəlblərin toplandığı daha bir əsrarəngiz tədbir elə “Rəssam” şeiri ilə də sona yaxınlaşdı. İncə şair ruhunun nuruna yığışan qonaqlar öz sevimli şairləri Samir Əfsəroğlu ilə imzalı kitablarını əldə etməyin sevincini yaşaya-yaşaya xatirə fotoşəkilləri çəkdirib, çay süfrəsi ətrafında şirin-şirin söhbətlərinə davam etdilər.

Bir sözlə, Samir Əfsəroğlu – qəlbi vətən eşqiylə döyünən, saf sevgini özündə təcəssüm etdirən, ruhunun qidası yazıb-yaratmaq eşqi ilə alovlanan, bağçasında eşq çiçəkləri əkib-becərən əsl insani keyfiyyətlərə məxsus vücudda cəm olan bir şəxsiyyət kimi bu gün varlığı və yaradıcılığı ilə bir çox könülləri sevindirərək bir araya gətirmiş oldu.

“Mən həsrət çəksəydim, rəssam olardım,
Mən axı həsrəti yazan adamam…”

28 İYUN – HƏSƏN BƏY ZƏRDABİNİN DOĞUM GÜNÜDÜRPSİXOLOQ PEDAQOQ VƏ TƏHSİL İŞÇİLƏRİNİN HƏMRƏYLİYİ FORUMU