TƏHSİL BAYRAMI

Yanvar 28, 2020
  • Green Start Academy və “Gənclərin Töhfəsi” İctimai Birliyinin təşkilatçılığı ilə 16 noyabr tarixində Xəzər Universitetində “Beynəlxalq təhsil modellərinə praktik yanaşma: təcrübənin bölüşməsi” adlı elmi-praktik konfrans keçirildi. Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra açıq elan olunan konfrans təşkilatçıların nitqiylə öz işinə başladı. İlk öncə Green Start Academy-nin rəhbəri Aysel Rəsulzadə tədbirin hər zamankı kimi müəllimlərin maariflənməsinə xidmət etdiyini bildirdi: “Bugünkü konfransın əsas məqsədi dünyada təhsil sahəsində öndə gedən ölkələrin təcrübələrini təhsil işçiləri ilə paylaşmaq, bununla da  ən yaxşı təhsil metodlarını seçməklə onların təhsil səviyyəsini daha da artırmağa yardımçı olmaqdır”.

    “Gənclərin Töhfəsi” İctimai Birliyinin icraçı direktoru Məhsəti Hüseynova  Birliyin fəaliyyəti haqqında məlumat verərək, hər zaman gənc nəslin təlim-tərbiyəsində və inkişafında var gücləri ilə çalışdıqlarını qeyd etdi.

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsil şöbəsinin əməkdaşı Afət Süleymanova tədbiri Təhsil bayramı adlandıraraq, mövzuyla bağlı təhsil işçilərinə tövsiyələrini çatdırdı və onlara işlərində uğurlar arzuladı.

    Konfransda dünya ölkələrində təhsil təcrübəsi keçmiş yerli mütəxəssislər nəzəri və praktiki biliklərini konfrans iştirakçıları ilə paylaşdılar. Azərbaycan Respublikası Təhsil İnstitutunun baş mütəxəssisi Kifayət Məmmədova “Təhsilin inkişafı: Respublikada və beynəlxalq aləmdə”, 60 nömrəli tam orta məktəb və Azərbaycan Dövlət Dəniz Akademiyasının müəllimi Şirin Məmmədova “Finlandiya və Azərbaycan təhsil sistemləri arasında aparılan paralellər”, Xəzər Universitetinin Psixologiya departamentinin müəllimi Nilufər Əlizadə “Təhsil psixologiyası”, Təhsildə Araşdırmalar və İnkişaf Mərkəzinin direktoru “Dubay təcrübəsi: nə qədər uzaqdayıq?!”, Damla Nəşriyyatının direktoru Kamil Məmmədov “Müəllim olmaq” mövzusunda məruzə etdilər. 118 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi, Təhsil Nazirliyi tərəfindən keçirilmiş “Təhsildə inkişaf və innovasiyalar” 2-ci və 3-cü qrant layihələr üzrə eksperti Şəlalə Novruzovanın öz uğurunu – müəllifi olduğu 3-cü siniflər üçün “Oxuma-anlama” dərs vəsaitinin nəşr olunmasını paylaşması isə müəllimlər üçün əsl motivasiya nümunəsi oldu. 

    Konfransın səliqəli abu-havası, təlimçilərin fikirlərini səmimi paylaşması, qarşılıqlı müzakirələr tədbir iştirakçılarına xoş ovqat bəxş etdi. Bir sözlə, tədbir müəllimlər üçün əsl Təhsil bayramına çevrildi.

    Sonda müəllimlərə günün xatirəsi olaraq Sertifikat təqdim olundu və xatirə şəkli çəkdirildi.

MÜƏLLİMLƏR GÜNÜNƏ TÖHFƏGreen Start Academy-də növbəti Təhsil Forumu