Həyatı dərk edən gündən yaxınlarım, əzizlərim bu dünyaya gözlərini əbədi yumduqlarında, onları torpağa dəfn etdiyimizdə heç vaxt gözlərimdən yaş axmayıb, heç vaxt sızlamamışam.
Çünki ölüm Allahın əmri olduğunu dərk etmişəm, hər birimizin zamanı yetişincə bu dünyanı tərk edəcəyik.
Ancaq, bu hiss, duyğu və düşüncələrimə rəğmən şəhid qardaşım Polad Həşimovu torpağa dəfn etdiyimizdə özümü tuta bilmədim. Çox çalışdım, ancaq tuta bilmədim.
Çünki Şəhid qardaşım Polad Həşimov mənim üçün tam başqa bir şəxsiyyət idi.
İki həftədən artıq şok vəziyyətinə oldum. İnana bilmədim, hər həftə qəbrini ziyarətinə getdim.
Içimdə bir xoşbəxtlik var ki, bir Qazi olaraq Polad Həşimov kimi bir sərkərdə ilə beş ilə yaxın çiyin-çiyinə xidmət etmişəm.
O, fərqli bir şəxsiyyət idi.
Onun kimi birisi yer üzünə birdə gəlməyəcək.
Şəhid qardaşım Polad Həşimovun şəhadəti tarix yazmaqla yanaşı, regionda coğrafi xəritəni dəyişdi.
Məhz, şəhid qardaşımız Polad Həşimovun şəhadətə yüksəlməsi – Qarabağımızı müharibə yolu ilə azad etmək qığılcımını bir gecənin içərisində alovlandırdı.
Pandemiyanın ən sürətli yayıldığı bir zamanda və bununla bağlı tətbiq edilən bir neçə qadağalara rəğmən 14 iyulda xalq ayağa qalxdı, küçələrə çıxdı, paşamızın şəhid olmasının son hədd olduğu bildirdi.
Bu qalxış – 1990-cı il 20 yanvar faciəsindən sonra ikinci qalxmaq oldu.
Bu qalxmağın nəticəsi olaraq, Uca Allaha sonsuzadək şükürlər olsun ki, bu zəfəri, bu qalibiyyəti bizlərə bəxş etdi.
Polad Həşimovun şəhadəti minlərlə insanın Polad kimi qətiyyətli, iradəli, məğrurcasına azğın, kafir düşmən üzərinə gedərək torpağını azad etməsinə səbəb oldu.
Həmçinin də neçə-neçə Poladlar doğuldu və doğulacaq.
Onların hər biri Polad Həşimovun şəhadəti ilə düşməndən azad edilmiş müstəqil, bütöv Azərbaycan vətəndaşları olacaqlar.
Vətənimizdə yaşayan hər bir vətəndaşın azad, firavan və əmin-amanlıqda yaşama səbəbi – ŞƏHİDLƏRİMİZ, QAZİLƏRİMİZ və CƏBHƏDƏ OLAN HƏRBİÇİLƏRİMİZDİR.
Azadlığımız, vətənimiz, torpaqlarımız uğrunda canlarından keçən bütün şəhidlərimizi sevgi və rəhmətlə anırıq.
Vətənimizin bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz dünya durduqca əbədi olaraq qəlbimizdə daim yaşayacaqdır.
Qazi ÜLVİ QƏDİR